Modern.az

Livan və Suriyada mənzil böhranı dərinləşir 

Livan və Suriyada mənzil böhranı dərinləşir 

Aktual

Bu gün, 12:22

BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) nümayəndəsi Filiep Decorte bildirib ki, Yaxın Şərqdə davam edən böhranlar Livan və Suriyada sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb.

Modern.az xəbər verir ki, o, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı müzakirədə çıxışı zamanı deyib ki, xüsusilə Livanda vəziyyət olduqca mürəkkəbdir.

Onun sözlərinə görə, ölkədə yenidən genişmiqyaslı məcburi köç prosesi başlayıb və insanların böyük hissəsi kollektiv mərkəzlərdə deyil, kirayə mənzillərdə və ya digər ailələrin yanında məskunlaşıb.

“Didərgin düşən ailələrin çoxu uzun müddət evsiz qalacaqlarını düşünmürdü. İndi isə onlar planlaşdırdıqlarından daha uzun müddət kirayə haqqı ödəməyə məcburdurlar”, – deyə o bildirib.

Filiep Decorte qeyd edib ki, Livanda enerji böhranı vəziyyəti daha da ağırlaşdırır. Elektrik sisteminin əvvəlki münaqişələr və Beyrut limanındakı partlayışdan sonra faktiki olaraq çökməsi səbəbindən insanlar generatorlardan istifadə etməyə məcbur qalır. Yanacaq qiymətlərinin artması isə həm kirayə, həm də yaşayış xərclərini yüksəldib.

UN-Habitat nümayəndəsi əlavə edib ki, Livanda hökumət əvvəllər dağıdılmış evlərin bərpası üçün əhaliyə maliyyə dəstəyi ayıra bilirdi. Lakin hazırkı maliyyə böhranı fonunda bu imkanlar xeyli məhdudlaşıb.

“Hazırda yenidənqurma üçün vəsait çatışmır. Eyni zamanda tikinti materiallarının qiyməti artır. Bu isə daha az maliyyə ilə daha az iş görmək deməkdir”, – deyə o vurğulayıb.

Suriyadakı vəziyyətə toxunan Filiep Decorte bildirib ki, ölkədə hökumət insanların düşərgələrdən çıxarılması və öz evlərinə qayıtmasının təşviqi istiqamətində fəaliyyət göstərir. Onun sözlərinə görə, beynəlxalq maliyyələşmə və özəl sektorun imkanları məhdud olsa da, ailələrin geri dönüşünü dəstəkləmək üçün yeni mexanizmlər üzərində iş aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı