Mədəni irsin şəhərlərdə sosial həmrəyliyin və dayanıqlığın gücləndirilməsində mühüm rol oynadığı bildirilib.
Modern.az xəbər verir ki, bunu BMT Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dayanıqlı və gücləndirici mədəni canlandırma” adlı müzakirədə videomüracit zamanı deyib.
O, Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib və Bakının qlobal tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb.
Nihal Saad bildirib ki, şəhərsalma məsələlərinə yalnız infrastruktur prizmasından yanaşmaq düzgün deyil:
“Şəhərlər təkcə betonla deyil, mədəniyyət, yaddaş, kimlik və insanlarla qurulur. İnsan mərkəzli yanaşma və aidiyyət hissinin formalaşdırılması burada əsas rol oynayır”.
Onun sözlərinə görə, mədəni irsin bərpası fərqli icmalar arasında dialoqu və qarşılıqlı etimadı gücləndirir:
“Tarixi məhəllələrin, ictimai məkanların və ənənələrin qorunması yalnız keçmişi saxlamaq deyil. Bu, müxtəlif icmaların bir araya gəldiyi, fikir mübadiləsi apardığı və etimad qurduğu ortaq məkanların yaradılmasıdır”.
UNAOC direktoru qeyd edib ki, mədəni irsin şəhərsalma siyasətinə inteqrasiyası sosial həmrəyliyi və şəhərlərin dayanıqlığını artırır:
“Bu yanaşma inkişafın yalnız iqtisadi deyil, həm də sosial baxımdan inklüziv və mədəni əsaslara söykənən formada həyata keçirilməsini təmin edir”.
O vurğulayıb ki, mədəni irs şəhərlərdə parçalanma, bərabərsizlik və sosial gərginliklərə qarşı mühüm vasitədir:
“Dialoq yalnız insanların özünü aid hiss etdiyi, ləyaqət və ortaq sahiblik duyduğu məkanlarda mümkündür. Mədəni irsin canlandırılması məhz belə məkanlar yaradır”.
Nihal Saad əlavə edib ki, BMT Sivilizasiyalar Alyansı mədəni irsi xalqlar arasında dialoq platforması, qarşılıqlı anlaşma vasitəsi və sosial dayanıqlığın mühüm elementi kimi qiymətləndirir.
Onun sözlərinə görə, icmalar öz irsinin qorunması və yenidən formalaşdırılması prosesinə cəlb olunduqda, şəhərlərin gələcəyinin qurulmasında da fəal iştirakçıya çevrilirlər.