Çap mətbuatından fərqli olaraq elektron media hər zaman diqqətdə olur. Bu sahə ilə bağlı narahatçılığın olması təbii qarşılanmalıdır.Çağrılmayan qonaq sayılan TV-lərin ictimai şüura təsir imkanları, bütün mənalarda böyük bir nəslin dünya görüşündə oynadığı rol hər zaman güclü olub. Elə ola bilər ki, məsuliyyətsiz, cahil bir şou aparıcısının proqramı böyük bir nəslə zərbə vursun.
Yalnız tamaşaçını əyləndirməyə xidmət etməyən, bu şou proqramlar kommersiya TV-lərinin əsas gəlir mənbələrindən biridir. Çağdaş dünyanın televiziyalarında ciddi proqramların böyük əksəriyyətində əyləncə elementinin olması artıq müsbət ənənəyə çevrilib. Verilişdə tamaşaçını əyləndirərək hər hansı ciddi sosial və başqa bir problemin müzakirəsi, cəmiyyətin maarıflənməsinə yönələn addımların atılması normal hal kimi qəbul olunur.
Gəlin, nəzər salaq, bizim TV-lərdəki şou proqramlar maarifçilik missiyasını necə yerinə yetirir?
Təbii ki, bu suallara birmənalı cavab verib hər şeyin üstündən xət çəkmək ədalətsizlik olardı. Azərbaycan teleməkanında bəzi proqramları müsbət gözləntilər hesab etmək olar.
Xüsusilə, ANS TV-də İlqar Mikayıloğlunun təqdimatında yayımlanan “Günəbaxan”ı, digər kanallardakı bəzi verilişləri müsbət hal kimi qeyd etmək olar. Bu şou proqramlar əyləncə xarakteri daşısa da, bəzən ciddi məsələlərin müzakirəsinə həsr olunur. Çox normal şəkildə maarifçilik missiyasını yerinə yetirir. Təəssüf ki, belə verilişlərin sayı o qədər də çox deyil.
Əslində şou verilişlər əttökən, şit zarafat meydanı demək deyil. Bu da televiziyaların cəmiyyəti məlumatlandırmaq baxımından bir yoldur, normal təqdimat formasıdır. Narahatçılıq doğuran odur ki, tamaşaçılar və bəzi aparıcılar şou proqramı şit lağ-lağı məkanı kimi təsəvvür edirlər. Bunun isə səbəbləri çoxdur. Ən əsası qeyri peşəkar veriliş aparıcılarının Azərbaycanın teleməkanında ortaya qoyduğu keyfiyyətsiz məhsullardır. Neçə illərdir bəzilərinin efirdə gecə-gündüz şit hırıltıları qulaqlarımızı mazol edib.
Tamaşaçnın zövqü müxtəlifdir. Təbii ki, telekanal öz işini tamaşaçının zövqünə, istəyinə uyğun qurarsa, bu səhv olmaqla bərabər həm də ciddi fəsadlar verər.Ancaq istər çap mətbuatı olsun, istər elektron media olsun auditoriyaya yönəlməlidir, ictimai rəyi nəzərə almalıdır.
Biznes sahəsi sayılan medianın öz maraqlarını düşünməsi normal haldır. Elektron media sahəsində şou proqramlar məsələsinə baxışların fərqli olması təbii qarşılanmalıdır. Lakin bu münasibətlər aqresiv və qeyri-peşəkar olmamalıdır. Azərbaycanda reklam bazarının mövcud iqtisadi inkişafa adekvat olmadığı məqamda medianın normal biznes sahəsinə çevrilməsi çətinlik yaradır. Bu da hər zaman deyildiyi kimi, peşəkarlığın aşağı düşməsinə gətirib çıxarır. Deməli, burada teleticarət işinin tənzimlənməsindən başlamaq lazımdır. TV-lərdə şou proqramların yayımı ilə bağlı qanunlar iqtisadi reallığa və mövcud mənəvi dəyərlərə uyğun təkmilləşməlidir.
Təbii ki, telekanalın fəaliyyətinə böyük məbləğdə vəsait tələb olunduğuna görə, həmin sahibkarlıq subyektləri biznes maraqları üzərində qurulur. Təəssüf doğuran odur ki, bir çox hallarda bu iqtisadi maraqlar geniş auditoriyanın, xüsusilə, gənclərin düşüncə tərzinə bəsit şouları ilə zərbə vurur.
Azərbaycanın teleməkanında son dövrlər evlənmələrlə bağlı verilişlər diqqəti cəlb edir. Kimlərsə bunu xoş məramla edir, bu veriliş vasitəsilə kimlərsə öz xöşbəxtliyini tapır. Bütün bunlar yaxşıdır və yaxud pisdir. Bu barədə nə isə demək çətindir. Bunu zaman göstərəcək. Ancaq nədənsə bu hərəkətlər Azərbaycan əxlaqına uyğun gəlmir.
Bir vacib məqamı qeyd etmək istərdim. Xalqın çox mütərəqqi, əsrlərin sınağından çıxan adət-ənənələrı ictimailəşməməlidir, qorunmalıdır.Bu gün ictimailəşməli həddindən artıq problemlər movcuddur. Onun üzərində düşünmək lazımdır.
Azərbaycanda ailə institutu hər zaman möhkəm olub. Hətta Azərbaycanda bir sıra sosial-iqtisadi problemlərə baxmayaraq Avropa ilə müqayisəyəgəlməz dərəcədə ailə möhkəmdir, sabitdir. İndi bu ailə institutunu dağıtmaq üçün getdikcə çox münbit şərait yetişməkdədir. Mütəmadi olaraq bəzi QHT-lər qadın problemlərini qabardaraq xarici donorların vəsaiti hesabına layihələr həyata keçirirlər. Qloballaşma şəraitində belə vəsaitlərin hansı məqsədlərə xidmət etməsi, mahiyyətinin nədən ibarət olması aydın deyil. Ailədə qadın problemindən daha çox sosial-iqtisadi çətinliklər mövcud olur. Bəlkə telekanallarımız, QHT-lər gənclərin evlənməsinə mane olan, ailələrin dağılmasına səbəb olan sosial problemləri ictimailəşdirsə daha yaxşı olar?
Sözümü müqəddəslərimizin fikri ilə tamamlamaq istərdim. Allaha tapınan onun insanlarına sayğı ilə yanaşır. Vətəni sevmək imandandır. İmanlı bəndələrdən olun.