Hər dəfə futbol üzrə yığma komandanın oyunlarını izlədikdən sonra bir neçə gün özümə gələ bilmirəm (Bilərəkdən "Azərbaycanın futbol üzrə yığma komandası", "futbol millisi", yaxud "yığma komandamız" seçmədim. Çünki bu komanda nə Azərbaycanın, nə də onun vətəndaşlarının adına layiq deyil - E.M.). Hələ mən coşqun, ehtiraslı futbol azerkeşi deyiləm. İmkan tapanda, yaxud sırf təsadüf nəticəsində futbol oyunlarını izləyirəm. Bu baxımdan, əsil azerkeşlərin Berti Foqstun rəhbərlik etdiyi komandanın oyunlarını izləyəndə hansı hissləri keçirdiklərini yaxşı başa düşürəm. Yəqin ki, özlərinə yer tapa bilmirlər...
Maraqlıdır, görəsən hər dəfə böyük hesablı məğlubiyyətdən və biabırçı oyundan sonra yığma komandanın oyunçuları və futbolun inkişafına görə birbaşa məsuliyyət daşıyan cənablar hansı hissləri keçirirlər? Bu sırada Foqtsun adını çəkməyə, yəqin ki, ehtiyac yoxdur. Çünki o, ümumiyyətlə heç bir hiss keçirmir. Soyuqqanlı şəkildə məşqçilər və ehtiyat oyunçular üçün ayrılmış xüsusi yerdə oturur, donuq gözlərini sağa-sola hərləyir, hərdənbir kameralar üçün saxta emosional pozlar verir və meydanda baş verənlərə gecikmiş reaksiya sərgiləyir... Vəssalam! Sanki Foqts üçün ayrılmış tərcüməçi ona futbolçuları(mız)ın ora-bura qaçmalarını, topun ayrı-ayrı trayektoriyalar üzrə hərəkətini və hətta hakimin fitinin səsini də tərcümə etməlidir...
Əslində (bizim) futbolçuların meydandakı vurnuxmalarıyla tərcüməçi və Foqtsun hərəkətləri bir-birini ideal şəkildə tamamlayır. Yəni, futbolçular(ımız) meydançada futbolun savadsız şəkildə "tərcümə olunmuş" surətini oynayırlar...
...Beləcə, futbolçular(ımız)ın Belçika ilə oyunda çarəsiz və aciz bir şəkildə ora-bura qaçmalarını, futbolun ənənələrinə və qaydalarına heç bir aidiyyatı olmayan davranışlarını izlədikcə uşaqlıq illərimi xatırladım: Orta məktəbdəki idman müəllimimiz məktəblərarası futbol çempionatında buraxdığımız hər kiçicik səhvdən sonra "utanım yerinizə" deyərdi. Foqstdan fərqli olaraq, müəllimimiz səbirsiz adamdı və elə tərcüməçisiz-filansız, əl-qol hərəkətləriylə tərtəmiz Azərbaycan türkcəsində deyirdi: "Ölün də! Boyunuzu yerə soxum!"
O zaman mənim cəmi 12 yaşım vardı... Komandamızın ən "yaşlı" üzvü isə 14-ü haqlamamışdı. Heç boyumuz da bir o qədər uca deyildi, əziyyətsiz, böyük zəhmət çəkmədən "yerə soxmaq" olardı...
...Belçika ilə oyunda buraxılan hər biabırçı səhvdən sonra müəllimim sözlərini təkrarlayırdım: "Ölün də! Boyunuzu yerə soxum!" Və dərhal gözümün önündə 11 nəfərin Kral Boduin (sabiq "Eyzel") stadionunda necə yerə girdiklərinin tühaf mənzərəsi canlandı...
Stadiondan kənarda yerə girənlərin və girməli olanların sayı isə dəfələrlə çox idi...
"Utanım yerinizə"... demədim. Müəllimimiz bu sözü mənə və komanda yoldaşlarıma deyəndə həddi-buluğa çatmamışdıq. Amma Kral Boduin standionunda ora-bura qaçmağa çalışanlar da, onları tərcüməçi vasitəsilə və tərcüməçisiz izləyənlər də, maşallah, namxuda "bığıburma" kişilərdi... Onların yerinə mən niyə utanmalıydım ki?
Amma zərrə qədər də utanmadılar. Hər zaman olduğu kimi, bu biabırçılıqdan sonra da köpüklü bəyanatlar, açıqlamalar verdilər, özlərinə haqq qazandırmağa çalışdılar... Millətin və dövlətin adına meydana çıxıb, bu yüksək dəyərlərin və nə qədər böyük bir missiya ilə şərəfləndirildiklərinin fərqinə vara bilməyənlər öz personlarının müdafiəsinə qalxdılar. Onların vəzifəsi isə Azərbaycanın şərəfini futbol meydançasında qorumaqdan ibarət idi... Amma qoruya bilmədilər! Çünki meydanda dil yox, baş və ayaq işləməlidir!
...Futbol bu gün Azərbaycanda ən çox vəsait ayrılan sahələrdən biridir. Hara sərf olunur bu vəsaitlər? Foqtsa və onun məhəllə komandasına? Axı kimdir bu Foqts? Məşqçi kimi fəaliyyətinin əhəmiyyətli hissəsi uğursuzluq zolağından ibarət olan bir insana, eləcə də futbolçu adına meydançada iməkləyən kəslərə bu qədər vəsaitin xərclənməsinə lüzum varmı? Məncə yox! Zənnimcə, Azərbaycanda futbolun bu günkü durumundan qazananlardan başqa hər kəs mənim kimi düşünür.
Futboldan qazananlar isə... görünür, sadəcə düşünmürlər. Hədən düşünsünlər ki? Dünyada misli-bərabəri olmayan bir oyuna düşüblər: həm uduzurlar, həm də qazanırlar!
...Bu gün bir sıra digər sahələrdə olduğu kimi futboldakı çatışmazlıqların da kökündə mütəxəssis problemi dayanır.
Futbola bu sahəni bilən adamlar rəhbərlik etməlidir. Təsəvvür edin, futbolçunu neftayırma zavoduna, yaxud neft buruğuna işləməyə göndərirlər... Yəqin ki, bu süjetin davamı "Bəxtiyar" filmindəki məşhur balet səhnəciyinə bənzəyəcək:
- Sonuncu qazdığınız quyunun dərinliyi nə qədər olub?
- 10 metr!
- Yox, nə danışırsınız, 5 metr...
...Əgər kimsə futbola, yaxud idmanın bu və ya digər sahəsinə sponsorluq etmək istəyirsə, buyursun! Amma bunun üçün həmin sahəyə bilvasitə rəhbərlik etməyə ehtiyac yoxdur. Ayrı-ayrı məmurların idmanın bu və ya digər sahəsinə rəhbərlik etməsinə isə yalnız bəzi postsovet ölkələrində rast gəlmək olur. Bu qədər, yəni...
Məmurun işi onsuz da başından aşır, yaxud aşmalıdır... Federasiyaya rəhbərlik gündəlik və sistemli fəaliyyət, eləcə də konkret sahə ilə bağlı təcrübə tələb edir.
Bu baxımdan, futbolda da foks göstərmək lazım deyil. Sadəcə Foqstu "göndərmək" lazımdır...
P.S. Az qala unutmuşdum. Futbol oynamaq üçün təkcə baş və ayaq yetərli deyil. Həm də Ürək lazımdır və bu Ürək Azərbaycan xalqı ilə eyni ritmdə döyünməlidir!