Modern.az

Bizə təhsil lazımdır?

Bizə təhsil lazımdır?

Ölkə

1 May 2011, 16:59

Mehdizadə ilə Mərdanovun müqayisəsi

Hər cür müqayisə uğursuzdur. Amma...

“Modern.az” saytında hörmətli Əlövsət Osmanlının müəllifi olduğu “Təhsilimiz hara gedir?” və Nadir İsrafilovun “Mehdizadə və Mərdanov” kitablarına yazdığı ön sözləri oxuyanda cəmiyyətimizdəki təfəkkür böhranının nə qədər dərinə işlədiyini bir daha hiss etdim.

İnanmaq olmur ki, bu ön sözlərin müəllifi uzun illərdir mətbuatda təhsil üzrə ekspert qismində çıxış edən tanınmış bir alimdir.

Hər halda məqalə onun imzasıyla yayılıb. Yəni şübhə yeri qalmır. Amma yenə suallar məni rahat buraxmır. Doğrudanmı, Əlövsət müəllim, Nadir İsrafilov elə yazdıqları kimi də düşünürlər?

Onu da qeyd edim ki, ilin-günün bu vaxtında mənim nə Misir Mərdanova, nə də hansısa məmura vəkillik etmək fikrim var. Ön sözlərin və kitabın müəllifi ilə də tanış deyiləm. Məni narahat edən hər iki müəllifin arqumentləri, tezisləri, düşüncələri, bir sözlə problemə baxışıdır. Yəni onların “beyn”idir.

Əslində bu yazını hər iki müəllifə cavab kimi qəbul etmək də düzgün deyil. Çünki Əlövsət müəlliimin məqaləsi sadəcə bir impuls oldu ki, fikirlərimi cəmiyyətlə, o cümlədən hörmətli müəlliflərlə bölüşüm.

Öncə Əlövsət müəllimin kitabının adından başlayaq:” Təhsilimiz hara gedir?”

Əgər “Azərbaycan hara gedir” sualına cavab tapa bilmiriksə, “Təhsilimiz hara gedir”, “Gömrüyümüz hara gedir”, “Səhiyyəmiz hara gedir”, “Yollarımız hara gedir”, “Mədəniyyətimiz hara gedir” kimi suallara necə cavab tapmaq olar? Yəni hər şeydən öncə “Azərbaycan hara gedir” sualına cavab tapmalıyıq... Əsas sual budur. Bu suala cavab tapmayınca, digər suallara nəinki cavab axtarmaq, hətta o sualları qoymaq özü gülüncdür.

Ön sözün müəllifi yazır ki:” Tanınmış ekspert Nadir İsrafilovun “Mehdizadə və Mərdanov” adlı elmi (?),...,analitik (?) üslubda yazılmış əsərini təhsilimizi acınacaqlı duruma salanlara qarşı bir növ hayqırtı, üsyan və həyəcan təbili hesab etmək olar. Əsərdə müxtəlif illərdə maarifimizə (təhsilimizə) rəhbərlik etmiş iki şəxs, onların mənəvi keyfiyyətləri və idarəçilik metodları haqqında söhbət gedir. Daha doğrusu, onların timsalında Azərbaycan təhsilindəki 30 il əvvəlki ab-hava ilə indiki ab-hava müqayisə olunur”. Hayqırtı, nərə çəkmək, üsyan, od püskürmək, həyəcan təbili çalmaq məsələsini qoyaq bir qırağa…keçək əsas məsələyə.

Mehdizadə və Mərdanov siyasi, ideoloji, mülkiyyət, idarəetmə və digər nöqteyi-nəzərdən tamamilə fərqli, bir-birinə zidd olan sistemlərin məmurlarıdır. Bunları müqayisə etmək, hansınasa üstünlük vermək hansı məntiqə, hansı ağıla, hansı analitik təhlilə sığır? Bu analitik təhlil deyil, əsl nağılbazlıqdır. Axı Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıqçı Bəsti Bağırovanı indiki fermerlə, biznesmenlə necə müqayisə etmək olar? Hacıbala Abutalıbovun Əliş Ləmbərənski ilə müqayisəsi nə qədər düzgündür? Sovet dövründəki raykom katibləri ilə indiki icra başçılarını müqayisə edib hansınasa üstünlük vermək nə qədər məntiqlidir?

Bəlkə rəhmətlik Mehdizadə indi təhsil naziri işləsəydi vəziyyət daha acınacaqlı olardı? Bəlkə rəhmətlik başını götürüb nəinki vəzifədən, ölkədən qaçardı? Bu cür müqayisələr, bu cür suallar tamamilə mənasızdır. Bu, “Üzeyir bəy sağ olsaydı, Filarmoniyanın rəhbəri olsaydı şou müğənnilərinin vəziyyəti necə olardı” sualı qədər mənasız və bəsitdir.

Müəllimin cəmiyyədəki yerini, nüfuzunu, hətta əmək haqqını, təhsilə münasibəti Mehdizadə müəyyən etmirdi, sovet dövləti müəyyən edirdi. Bu sovet dövlətinin siyasəti idi. Bu gün də Misir Mərdanov müəyyən etmir. Məgər 30 il əvvəl Azərbaycandakı dini “ab-hava”nı, dinə münasibəti hörmətli Allahşükür Paşazadə müəyyən edirdi?

Əlövsət müəllimin rəhmətlik Mehdizadə ilə bağlı poetik şəkildə sadaladığı “aydın, işıqlı, xeyirxah, qayğıkeş, millətsevər, fəzilətli, gözütox, təmənnasız, xalqına bağlı” kimi kriterilərə toxunmaq istəmirəm. Ancaq bir mühüm məqama toxunmasam olmaz.

Təhsil eksperti öz fikirlərini gücləndirmək üçün hörmətli Ramiz Mehdiyevdən iqtibas gətirir: “Biz Prezident Administrasiyasında işləmək üçün savadlı hüquqşünas tapmırıqsa, bu, təhsilin səviyyəsindən xəbər verir”.

Bir çox vacib məqamlara toxunmaq imkan xaricində olduğu üçün, yazını, “Ümumiyyətlə, bizə təhsil lazımdır” sualı ilə bitirmək istəyirəm. Qoy, hər kəs özü nəticə çıxarsın.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı