Modern.az

Asif Ata Ocağı toy eləyib (FOTOLAR)

Asif Ata Ocağı toy eləyib (FOTOLAR)

Ülke

28 İyun 2011, 12:21

İyunun 25-də Şəmkir şəhərində Asif Ata Ocağının evlənmə qaydalarına uyğun olaraq Tuncay bəylə Leyli xanımın Beşikbaşı Törəni (Ocaq toyu) keçirilib. Bu barədə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.

Şəmkirdəki «Nur Yolu» Ocaq Ailəsinin təmsilçisi Yolnur Atalının evində keçirilən törəndə ocaqçılar, inamçılar, evlənənlərin yaxınları, habelə ziyalılar iştirak ediblər.

Beşikbaşı Törəni Mütləqə İnam Bayrağının sayğıyla qarşılanması ilə başlayıb.

Tədbiri giriş sözüylə Ocaq Yükümlüsü İşıqlı Atalı açaraq Ocağın evlənmə qaydaları haqqında bilgi verib. O, İnam Atanın evlənmə ilə bağlı ruhani hökmünü çatdırıb: «Xalq öz ruhundan yaranan dəyərlərilə var olur. Yalnız özümüzün yaratdığımız bizimkidir. Ocağımız yeni milli toy qaydasını xalqa təqdim edir».

Bu gün dünyada ailəsizlik fəlakətinin olduğunu söyləyən Ocaq Yükümlüsü deyib: «Çoxsaylı problemlərdən çıxış yolunu göstərə bilmirlər. Biz isə İnam Ata dünyabaxışının xilas olduğunu söyləməkdə israrlıyıq. Mütləqə İnamlı ailəçilik – xalqın müqəddəs özülünün yaranmasında əsaslı rol oynaya bilər».

Qız atası Yolnur Atalı sevincini belə ifadə edib: «Yüz il qabaq buradakılar yox idi, yüz il sonra da cismən olmayacağıq. Ancaq xalq hadisəsi həmişəlikdir. Xalqın mahiyyətinə uyğun yaşamağı bacarmalıyıq. İnsan öz mahiyyətinə uyğun yaşamır. Hamı xoşbəxt olmaq istəyir. Ancaq bilmirlər ki, insanlaşmadan xoşbəxt olmaq mümkün deyil. İstəyirəm ki, yeni ailə quran gənclər bir-biri üçün adiləşməsinlər, müqəddəsliyi hər an qoruyub saxlasınlar».

Yolnurun həyat yoldaşı Zərifə xanım da qızına və kürəkəninə ailə xoşbəxtliyi diləyib.

Şəmkir ziyalısı Möhsün Tağıyev, Ocaq dostu Kamal-Qoruyurd, Yolruh Atalı, Leylinin bibiləri Məlahət xanım, Elmira xanım və başqaları gəncləri ailə qurmaları münasibətilə təbrik ediblər.  

Bundan sonra İşıqlı Atalı Asif Ata Ocağının ruhani başçısı Safruhun evlənənlərə uğurlamasını oxuyub.

Gənc ailəyə Ocaq adından «Mütləqə İnam» Müqəddəs Kitabı və törənin başlıca rəmzi olan beşik bağışlanıb.

Beşikbaşı Törəninin növbəti hissəsi milli musiqi və milli süfrə ilə davam edib. Tədbirdə çağdaş toylardan fərqli olaraq pul yığılmayıb, spirtli içkilər verilməyib. Muğam üçlüyünün ifasında muğam və xalq mahnıları səsləndirilib, habelə rəqslər olub. 

Yevlaxın «El» Televiziyası tədbirdən reportaj hazırlayıb.  

150 nəfərlik törən iştirakçılarına «İnama Doğru» dərgisinin sayları, Ocaq Kitabları hədiyyə olunub. 







Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı