Modern.az

Pampersli akademiklər

Pampersli akademiklər

Ölkə

22 Avqust 2011, 14:23

Qeydiyyatda olduğum poliklinikada yaşlı işçilərin hamısını təqaüdə göndəriblər. Onları gənc, gülərüz kadrlar əvəz edib.

Evimizin yanındakı məktəbdə də yaşı 65–i ötmüş işçilərlə vidalaşıblar. Mətbuatın yazdığına görə, “təmizləmə əməliyyatı”na digər büdcə təşkilatlarında da start verilib. 65–70 yaşlı qocalar istəməsələr belə, öz yerlərini gənc kadrlara verirlər. İş yerini itirən adamların heç biri məmnun deyil. Onlar həyatlarının qalan hissəsini 120–150 manatlıq təqaüdlə başa vurmalı olacaqlar. Azərbaycanda bu pulla dolanmaq üçün insan gərək bütün kalorili ərzaq məhsullarından imtina etsin.

Yaşlı işçilərin təqaüdə göndərilməsi özlüyündə müsbət haldır. Amma gərək bu zaman büdcə təşkilatlarında çalışan insanlar arasında fərq qoyulmasın. 65 yaşlı həkimi təqaüdə göndərən hökumət gərək 85 yaşlı akademiki də evinə yola salsın.

İki həftə əvvəl “Akademik yaltaqlıq” adlı məqalə yazmışdım. Həmin məqalədə bəzi elm adamlarının fəaliyyəti tənqid olunurdu. Bu yazı işıq üzü görəndən sonra çoxlu mesaj aldım. Mən, indi bilmişəm ki, 85 yaşlı akademiklərimizdən biri ötən il təcrübə apararkən öz otağında diri–diri yanıb. Sən demə, Milli Elmlər Akademiyasında (MEA) gözünün nurunu çoxdan itirmiş xeyli adam çalışır. Onların əksəriyyətinin qulağı eşitmir. Yaddaşları isə ən azı 15 il əvvəl korşalıb.

Ötən ilin sonunda MEA–nın İqtisadiyyat İnstitutunda 82 yaşlı bir akademikdən illik hesabat yazmağı tələb ediblər. Amma həmin alim iki ayağını bir başmağa dirəyib ki, hesabatı keçən həftə təqdim edib. İqtisadiyyat İnstitutunun əməkdaşları nə qədər çalışsalar da, yaddaşını itirmiş alimi aradan bir il keçdiyinə inandıra bilməyiblər. Akademiyadakı gənc alimlərin birindən isə bu məzmunda mesaj almışam: “Bizim otaqda 80–dən çox yaşı olan bir alim oturur. O, artıq neçə illərdi ki, işə pamperslə gəlir. Bu adam evinə gedəndən sonra oturduğu stuldan su damcılayır”.

Mən, gənc kadrların işlə təmin olunmasını alqışlayıram. Amma gənclərə təkcə poliklinikalarda, orta məktəblərdə deyil, hakimiyyət strukturlarında da etimad göstərilməlidir. Azərbaycan hökumətində yaşı 65-i ötmüş xeyli adam təmsil olunur. Baş nazir Artur Rəsizadənin 76 yaşı var. Şəkər xəstəliyindən əziyyət çəkən Artur müəllimin gözləri yaxşı görmür. Deyilənlərə görə, son vaxtlar Artur müəllimin qulağı da ağır eşitməyə başlayıb. Ölkə mətbuatı Artur Rəsizadənin müalicə olunmaq üçün tez–tez Almaniyaya getdiyini yazır. Amma cəmiyyət həmin xəbərlərin doğru, yaxud yanlış olduğunu müəyyənləşdirə bilmir. Çünki bu adamın varlığı ilə yoxluğu bilinmir.

Bir neçə gün öncə Modern.az saytında oxudum ki, Baş nazirin müavini Abid Şərifovun 71, Elçin Əfəndiyevin 68, Yaqub Eyyubovun isə 66 yaşı var. Təhsil naziri Misir Mərdanovla, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev artıq 65 yaşa çatıblar. Ayrı-ayrı nazirliklərdə, komitə və agentliklərdə, digər rəsmi strukturlarda da yaşı 65–i ötmüş xeyli adam çalışır. Gününü kabinetdə mürgü vurmaqla keçirən bu adamların iş əmsalı sıfıra bərabərdir.

İşsizlikdən hər gün Azərbaycanda neçə-neçə gənc canına qəsd edir. Halbuki Artur Rəsizadə, müavinləri, eləcə də yaşı 65–i ötmüş digər hökumət üzvləri könülü şəkildə təqaüdə getməklə, yeni iş yerlərinin açılmasına öz töhfələrini verə bilərlər.  Məncə, Azərbaycan hökumətinin əlinə öz xalqına xidmət etmək üçün bundan gözəl fürsət düşməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı