Modern.az

Fanatizm və idarə olunan deqrodasiya

Fanatizm və idarə olunan deqrodasiya

Ölkə

28 Sentyabr 2011, 10:07

Əxlaqsız cəmiyyətdə yaşayan insanın nə Vətəni olur, nə də vətəndaşlıq mövqeyi

Müxtəlif təyinatlı əlvan və qara "metal"lardan "ulduz" istehsal etməklə tamaşaçıların zövqünü korlamaq bahasına para qazanmaq peşəsi Azərbaycanda da var gücü ilə işə düşdükdən sonra kütləvi informasiya vasitələrində, xüsusilə də elektron mediada və maqazin jurnallarında tez-tez istifadə olunan sözlərdən biri də "fanat" kəlməsidir.

...Bu söz şübhəsiz ki, sağlam düşünməyi bacaran və özünə hörmət edən istənilən şəxsi qıcıqlandırır. Hətta telekanallarda çalışan həmkarlarım da ünsiyyətdə olduğumuz zaman "fanat" sözünə ən azı nifrət etdiklərini bildirirlər. Amma yenə də bu təhqiramiz, aşağılayıcı ifadə medianın gündəmini tərk etmir ki, etmir. Əksinə, bu sözü təkrarlayanların sayı gündən-günə çoxalır.

...Doğrusu məni bu mövzuya toxunmağa telekanallardan birində yayımlanan verilişdə kimsənin tanımadığı müğənniciyin "fanat" sözünü dəfələrlə təkrarlaması vadar etdi. Xüsusi həyasızlıqla tamaşaçılardan SMS dilənən bu gəncin dili ağzına sığmırdı: "Fanatlarıma müraciət edirəm... "

Bəlkə də bir neçə il ərzində Azərbaycan sayağı şou-biznes qaydalarını mənimsəmiş və öz funksiyalarını klonuada elementlərini qeyri-peşəkar səviyyədə sərgiləməklə yerinə yetirən alabəzək və zövqsüz aparıcıların, layihə və hətta həmin televiziyaların rəhbərlərinin də "fanat" sözünün nə qədər təhqiramiz bir ifadə olduğunu bilmirlər. Ola bilsin... Yəni, burada təəccüblü bir şey yoxdur. Çünki, hər gün bəzi telekanalların özünüifşa prosesini bir az da dərinləşdirən efir siyasəti bu ehtimalın öz təsdiqini tapmasına zəmin yaradır.

Elə isə maarifləndirmə missiyamızı davam etdirərək, fanatizm barədə ensklopedik və fəlsəfi bilgilərimizi ortaya qoymağa çalışaq:

Fanatizm (yunan və latın dillərində fanatikus - E.M.) politoloji və sosioloji termin olaraq ilk dəfə Fransada tətbiq olunmağa başlayıb. Və ayrı-ayrı şəxslərin, qrupların öz qənaətlərinə, xüsusilə də dini-fəlsəfi, milli və siyasi baxışlarına kor-koranə, şərhsiz və izahsız sitayiş etmələri anlamına gəlir. Fanatiklər başqalarının dünyagörüşlərini, mövqe və baxışlarını qətiyyətlə inkar edən və fərqli ideyalara dözümsüz yanaşan şəxslərə deyilir.

Fanatiklə pərəstişkar arasındakı fərq isə ondan ibarətdir ki, birincinin davranışları mövcud olan bütün sivil sosial normaların pozulmasına, ayaqlar altına atılmasına xidmət edir. Fanatizm dözümsüzlüyün isterik, hədəqədən çıxmış bir həddə çatmasıdır. İkinci, yəni pərəstişar isə davranışlarıyla başqalarından fərqlənsə də sosial normaları pozmamağa çalışır.

Fanatiklər elə hesab edirlər ki, onların qənaəti mütləq həqiqətdir və bu "həqiqət" bütün azadlıqlardan yüksəkdə dayanır. Məşhur rus filosofu Berdyayevə görə, fanatizmi yaradan səbəblərdən biri də fərdin şəxsiyyət kimi natamam olması və özünütəcrid vasitəsilə içindəki qorxuya qalib gəlmək instinktidir: "Ən dəhşətli pisliklər, qəddar və zorakı əməllər törədən fanatiklər ətraflarına hər zaman təhlükə mənbəyi kimi baxır və daim qorxu hissinin basqısı altında yaşayırlar. İnsan isə zorakılığı adətən qorxudan törədir. Qorxu affekti isə şübhəsiz ki, fanatizm və dözümsüzlüklə birbaşa bağlıdır".

Bu bilgilərdən də göründüyü kimi, fanatizm və təbii ki, sözün kökünü təşkil edən fanat kəlməsi istənilən sivil insan üçün olduqca aşağılayıcı bir ifadədir. Belə olduğu təqdirdə, bu təhqiramiz deyimin başqa bir sözlə, həm də tamaşaçıları, xüsusilə də gəncləri yanlış istiqamətə yönləndirməyəcək bir anlamı ortaya qoyan ifadə ilə əvəzlənməsi doğru olmazdımı?

Təbii ki, söhbət incəsənətdən gedirsə, bu halda Azərbaycanda istifadə olunan başqa deyimlər də var. Məsələn, pərəstişkar sözü. Doğrudur, şəxsən mən bu sözdən də istifadə etməyi məqbul saymıram. Pərəstişkar sözü mahiyyət etibarilə "pərəstiş edən", "sitayiş edən" anamına gəlir ki, bu da təxminən elə fanatizm deməkdir. Bütün dünyəvi dinlərə görə, insanın insana, əşyaya, yaxud hər hansı bir nəsnəyə sitayiş etməsi günahdır. Dini məqamları bir kənara qoysaq, insanın hər hansı bir şəxsə, yaxud predmetə sitayiş etməsi onun öz içindəki məni, şəxsiyyəti, sosial varlığı məhv etməsi deməkdir. Zənnimcə, "fanat" və "pərəstişkar" deyimlərini hazırda qardaş Türkiyədə istifadə olunan "heyran" sözü ilə əvəzləmək olar. Əlbətdə, əgər qeyri-təvəzökarlığın son mərhələsinə qədəm qoymuş bəzi şəxslər tamaşaçılara, yaxud onların yaradıcılıqlarını bəyənən şəxslərə münasibətdə bu ifadəsiz keçinə bilməzlərsə... Amma qənaətimə görə, tamaşaçı və dinləyici deyimlərindən gözəli yoxdur. Həm təvazökar, həm də daha əhatəli olduqları üçün...

Siyasi liderlərə və ideyalara gəldikdə isə "fanat" sözünün əvəzinə "ardıcıl", "tərəfdar", "təəssübkeş" və digər bu kimi ifadələrdən istifadə etmək daha məqsədəuyğun olardı.

Əxlaqsız cəmiyyətin kumirləri

"Fanat" sözünün özünün fundamental mahiyyətindən fərqli bir şəkildə təqdim olunması isə təbii ki, Azərbaycandan başlamır. Hələ 1960-cı illərdə Sovet İttifaqının ideoloji sisteminə qarşı mübarizədə dövrün modern informasiya və təbliğat texnologiyalarından istifadə edən Amerika Birləşmiş Ştatları (ABŞ) "soyuq müharibə"də üstünlük qazanmaq üçün bütün vasitələrdən yararlanmağa çalışırdı. Bunun üçün incəsənətin müxtəlif sahələrini əhatə edən cərəyanlar ideloji cəhətdən sistemləşmiş bir hala gətirilir, müxtəlif vasitələrlə dünyadan təcrid olunmuş xalqlar həbsxanasının sərhədləri çərçivəsində qismən də olsa öz azadlıqlarını büruzə verməyə çalışan "sovet adamları"nın düşüncəsinə yeridilirdi. ABŞ və müttəfiqləri hippilərin, rokerlərin və digər bu kimi cərəyanların "ideoloji əsasları" ilə yanaşı zahiri cəlbedici atributlarını yaratmaqla kommunizmin soyuq,  monoton və bezdirici taftalogiyasını sıradan çıxarmağa cəhd göstərirdilər. Hippilərin "Müharibə əvəzinə sevgi yayın!": yaxud "Müharibəylə yox, sevgiylə" məşğul olun kimi insanları mübarizədən çəkindirən passifist şüarları dünya proletarlarını birliyə səsləyən absurd ideologiyanın sütunlarını laxlada bilirdi.

Sonradan oxşar texnologiyalar ayrı-ayrı dövlətlərdə dini, etnik və siyasi fanatizmə qarşı mübarizə vasitəsi kimi, yaxud insanları siyasi proseslərdən kənarda tutmaq üçün də istifadə olunmağa başladı. Ayrı-ayrı siyasi dairələrin, yaxud dövlətlərin texnoloqları müğənnilərin, aktyorların, falçıların timsalında kumirlər yaradır və onların ətrafında "fanat" ordusu toplayır, bəzən illərlə ictimaiyyətin diqqətini bu proses üzərində kökləməyi bacarırdılar.

Sovet İttifaqının son günlərini və uğursuzluqla başa çatsa da uzun müddət insanları öz "nəzarəti" altında saxlamağı bacaran Kaşpirovski sindromunu xatırlamaq bu texnologiyanın nə qədər effektiv olduğunu müəyyənləşdirmək üçün yetərlidir.

Lakin bu gün istər Amerika Birləşmiş Ştatları, istərsə də aparıcı Avropa dövlətləri bu texnologiyalardan imtina etməyə, ən azı cəmiyyəti ciddi mənəvi problemlərlə qarşı-qarşıya, humanizm prinsiplərini darmadağın edən deqrodiyasiya prosesinə son qoya biləcək vasitələr üzərində nəzarəti qoruyub saxlamağa çalışırlar.

Çünki əxlaqsız cəmiyyət təkcə minillərin sınağından keçərək cilalanmış mənəvi dəyərlərdən məhrum olmur, o, həm də özünün müqavimət hissini itirir. Əxlaqsız cəmiyyətdə yaşayan insanın nə Vətəni olur, nə də vətəndaşlıq mövqeyi. O istənilən məqamda ən qatı dini, etnik və siyasi fanatizmə meylli olan qüvvədən də təhlükəli ola bilər. Çünki onu cinayətdən və saysız-hesabsız naqisliklərdən yayındıra biləcək, nəfsinə "dur" deyə biləcək heç nə yoxdur.

Bu baxımdan ola bilsin ki, hansısa məqamda olduqca neqativ prosesilərin qarşısının alınmasına xidmət edən texnologiyaların elementləri belə üzərindəki nəzarəti itirdikdə əvəzi onillərlə ödəniləcək faciələrə yol aça bilər.

Allah bizi əxlaqsız kumirlərə pərəstiş edən fanatlara çevrilməkdən qorusun... Amin!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı