Modern.az

Maestronun qızıl saatı

Maestronun qızıl saatı

Country

30 May 2012, 09:53

Mədəniyyəti mədəniyyətli edənlər

1930-cu il avqustun 8-də Ağdamın inzibati rayon olaraq  formalaşdığı dövrdə  mədəniyyət və maarif şöbələri bir strukturda cəmləşirdi. Araşdırmalarımız zamanı rayonda nəşr olunan “Lenin yolu” qəzetinin 1936-ci ilin yanvar sayında müəllimlərin ənənəvi konfransına həsr olunan yazıda belə bir məqama rast gəldik: “..konfransda  Ağdam Rayon Mədəniyyət və Maarif Şöbəsinin müdiri Əsəd Nəbiyev tədris ilinin birinci yarısı barədə fikirlərini bildirərək, perspektiv fəaliyyətə toxundu. Ondan sonra söz alan  şöbənin mədəniyyət sahəsi uzrə kuratoru  İbiş Qasımov rayonun mədəni quruculuğundan danışdı...”.

Göründüyü kimi, hələ o dövrdə hər iki istiqamət bir sahədə birləşirdi...

Xatırladaq ki,  30-cu illərdə Ağdam kəndlərində 7 klub, 8 kitabxana, 30 uşaq bağçası istifadə də idi. Bir faktı da unutmayaq ki, adıçəkilən müsəssisələrin, demək olar ki, böyük əksəriyyəti inqilabdan əvvəl tikilmiş bəy evlərində fəaliyyət göstərirdi. “Lenin yolu” qəzetinin səhifələrindən əldə etdiyimiz materiallardan belə məlum olur ki,  1937-ci ilin ikinci yarısından Ağdam  Rayon Maarif Şöbəsinin müdiri vəzifəsi İbiş Qasımova həvalə edilir.  Əsəd Nəbiyev isə rayon 1 nömrəli məktəbə direktor təyin edilir. İbiş Qasımov sonralar “8 mart” artelinin sədri kimi fəaliyyətini davam etdirmişdi. Belə təxmin etmək olar ki, hər iki sahənin  ayrılaraq şöbə statusunda fəaliyyəti 1937-cu ilə  təsadüf edir. İbiş Qasımovdan sonra Vəli Məhərrəmov Ağdam Rayon Maarif şöbəsinin müdiri vəzifəsinə təyin edilir. 1940-cı ilin dekabrından isə rayon maarif şöbəsinin müdiri vəzifəsinin icrası rayonun  tanınmış ziyalısı, “ordenli müəllim”( o dövrkü mətbuatda belə yazırdılar –V.T.)  Əli Eyvazova həvalə edilir...

Həmin illərdə rayonun mədəniyyət şöbəsinə kimin rəhbərlik etməsi bizim üçün hələlik bəlli deyil... Amma “Lenin yolu” qəzetinin arxivini vərəqləyərkən bəzi maraqlı məqamlara rast gəldik.

Ağdam Rayon Sovetinin 1940-cı il aprelin 27-də keçirilən II sesiyasında rayon Zəhmətkeş Deputatlar sovetinin sədri, Azərbaycan Ali Sovetinin deputatı  Abbasəli Zöhrabbəyovun maraqlı çıxışı olur. Deputat çıxışında qeyd edir ki, 1933-cü ildə rayonun mədəniyyət tədbirlərinə 901 min rubl ayrıldlğı halda, bu rəqəm  1939-cu ldə 4.174.500 rubl təşkil etmişdı...   

1941-ci ildə Ağdam Şəhər Sovetinin sədri vəzifəsini Göyüş Hümbətəliyev, şəhər sovetinin katibi vəzifəsini isə Rzayev icra edirdi. Martın 28-də Ağdam şəhər ZDS-nin VIII sesiyasında adıçəkilən yoldaşların başqa işə keçmələri ilə əlaqədar bu  vəzifəyə Kübra Əliyeva  və Məhərrəm Quliyev seçilir. Qeyd edilən sessiya Ağdamın mədəni inkişafı üçün maraqlı məqamlarla və zənginliyi ilə diqqəti çəkir. Bu sessiyada rəsmi şəkildə ilk dəfə olaraq Ağdamın baş planının hazırlanması məsələsi qaldırılır və mövzu ətrafında yeni seçilmiş deputatlarla ciddi müzakirələr aparılır. Qərar belə olur ki,  şəhərin  genişləndirilməsi, böyüdülməsi və yaşıllaşdırılması konkret olaraq tərtib ediləcək baş plana uyğun həyata keçirirlsin. Bu o dövr üçün mühüm adım idi...

Sessiyada şəhərdə bir hektar yaşıllıq sahəsinin olduğu qeyd olunsa da, şəhərin istirahət parkı olan bulvarın diqqətdən kənarda qaldığı, Lenin bağındakı ağaclara qulluğun göstərilməməsi bildirilmiş və məsul şəxslərə bununla bağlı ciddi tapşırıqlar verilmişdi. Lakin sonralar müharibənin başlaması bu prosesi xeyli ləngidəsi olur…

İkinci dünya müharibəsinin başlamasına 20 gün qalmış isə Ağdam rayon ZDS-in V sessiyası keçirlimiş və rayonun büdcəsi təsdiq edilmişdi. 9.356.000 rubl həcmində büdcənin 73,4 %-nin  təhsil, səhiyyə, mədəniyyətə ayrılması nəzərdə tutulmuşdu. Göründüyü kimi, bu da maraqlı rəqəmdir...

1948-ci ildə digər bir maraqlı hadisə baş verir. Həmin il ikinci mehmanxananın açılışı keçirilmiş,  bundan əvvəl istifadədə olan mehmanaxana isə Ağdam RPK- nın qonaq evi kimi fəaliyyətini davam etdirir…

1948-ilə aid olan digər maraqlı bir məlumat diqqətimizi çəkdi. Məlumatda qeyd edilir ki, yanvarın 28-də yeni seçilmiş rayon sovetinin ilk  iclasında  Həsən Axundov rayon mədəniyyət şöbəsinin müdiri seçilir.

Həmin ilin may ayının 15-də keçirilən rayon sovetinin növbəti iclasında qaldırılan məsələlərdən biri də məhz rayon mədəniyyət evinin tikintisinin ləng aparılması olmuşdur. Rayon sovetinin həmin iclasında səhlənkarlığa yol verdiklərinə görə, hətta iş icraçıları vəzifələrindən uzaqlaşdırılmış, ərazidə tikinti işləri müvəqqəti olaraq  dayandırılmışdı... 

Bəhruz Axundov atası ilə bağlı xatirəsində  belə bir məqama toxunur:

“50-ci illərdə Mircəfər Bağırov bir sıra rayon və şəhər Mədəniyyət şöbələrindəki vəziyyəti yoxlatdırıb büro iclası keçirir. Büroda Ağdamdakı vəziyyətdə müzakirə olunmalıymış. Bu işin yaxşı qurtarmayacağını hiss edən Ağdam RPK-nın birinci katibi Məmməd Orucov vəziyyətdən çıxış yolu kimi Ağdam ZDS-nə yeni seçilmiş deputatlardan Həsən Axundovun  Mədəniyyət Şöbəsinə müdir seçilməsini təklif edir və  katibin təklifi keçir.”

Qeyd edək ki, bir tərəfdən Həsən Axundovun natiqlik mədəniyyyətindən, ikinci  tərəfdən onun  Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri  vəzifəsində çalışan, tanınmış  yazıçı Süleyman Rəhimovla dostluq əlaqlərindən istifadə etməklə yeni təyin edilən katib vəziyyətdən çıxmaq istəyirmiş.”
Nəzərə alsaq ki, birinci katibdə yenicə təyin edilmişdi və demək onun başqa yolu qalmırdı. Həm də M.C. Bağırov  H.Axundovu da şəxsən tanıyırmış. Iclas baş tutur və Həsən Axundovun hazırlıqlı çıxışı Ağdamı bir növ tənqiddən xilas edir. İclasda əksinə Mədəniyyət evinin tikintisi üçün lazım olan maliyyə və tikinti məsələsi M.C.Bağırov tərəfindən dərhal öz həllini tapır...

Bundan sonra  tikintinin icrasına bilavasitə nəzarət, həm də M.C.Bağırovun dostu  hesab edilən şəhər sovetinin sədri vəzifəsini icra edən Məşədi Abbas Rzayevə həvalə edilir…

Mədəniyyət şöbəsinin müdiri Həsən Axundovun, xüsusəndə Məhəlli-təsərrüfat şöbəsinin müdiri Məşədi Abbas Rzayevin  yaxından iştirakı ilə 1950-ci ildə Mədəniyyət Sarayının təntənəli açılışı keçirilir. Tədbirin açılışına M.C. Bağırovun gəlişi gözlənilsədə, onu  əvəzinə Nazirlər Sovetinin sədri Teymur Quliyev gəlir.

Mətbuatın yazdığına görə, noyabrın 4-də  Oktyabr İnqilabının 33-cü ildönümü ərəfəsində keçirilən tədbirə şəhərin rəsmiləri ilə yanaşı, mərkəzdən gələn qonaqlarda iştirak edirdi. “Lenin yolu” qəzetinin həmin günlərdə işıq üzü görən sayında qeyd olunur:

 “Formaca milli, məzmunca sosialist mədəniyyəti! Mədəniyyət sarayının qarşısında, açılışa dəvət olunmuş qonaqların mitinqi başlandı. Mitinqi şəhər sovetinin sədri M.A Rzayev açaraq o dövrdə  Nazirlər Soveti yannda mədəni-maarif müəssisələri komitəsinin sədri Rəhimova söz verdi. Natiq və çıxış edən başqa yoldaşlar rayonun mədəni həyatında baş verən bu sevincli hadisə münasibətilə rayonumuzun zəhmətkeşlərini qızğın təbrik etdilər. Rayon partiya komitəsinin birinci katibi Məmməd Orucov yeni mədəniyyət sarayının tikilib başa çatdirilmasında bilavasitə qayğı göstərən Azərbaycan bolşeviklərinin sınanmış rəhbəri Mir Cəfər Bağırov və Azərbaycan SSR Nazirlər Sovetinin sədri  Teymur Quliyev yoldaşlara dərin minnətdarlıq hissini ifadə etdi.”

Sonralar Mədəniyyət evinin fəaliyyətində və inkişafında  müəssiəsənin direktoru olmuş Yunis Rzayevin xüsusi xidmətləri olmuşdu…

Qeyd edək ki,  yeni mədəniyyət sarayı 14 otaqdan ibarət olub, 400 nəfərlik böyük və 200 nəfərlik kiçik zalı, kitabxanası, oxu zalı da var idi…

“Şur” ansamblının yaradılması 1952-ci ilin ən yadda qalan məqamlarından biri oldu. Xosrov Fərəcovun rəhbərliyi ilə yaradılan  ansambla  xeyli sayda istedadlı gənclər toplanmışdı…     

1953-cü ilin mart ayında keçirilən seçkilərdən sonra Ağdam XDS İK-nin ilk sessiyası  keçirilmiş Şahmar Kərimov sədr, İsa Bəylərov sədr müavini, Tamara Nəbiyeva isə katib vəzifəsinə seçilmişdi. Bundan əlavə Məmməd Əliyev, Surxay Cəfərov, Şahmar Kərimov, İsa Bəylərov, Tamara Nəbiyeva, İnqlab Bədəlov, M.Əhmədov, Əhəd Ələkbərov, Bilal Hacıyev, İlyas Allahverdiyev İK-nin üzvləri seçilmiş, sessiyanın işində şöbə müdirləri və daimi komissiya sədrləri və üzvləri təsdiq olunmuşdular. Məhz həmin sessiyada Surxay Cəfərov mədəniyyət şöbəsinə müdir təyin edilir. Həsən Axundova isə respublikada ikinci sayılan Ağdam internat məktəbinin təşkili həvalə edilir

Araşdırmalar zamanı məlur  olur ki,  həmin illərdə Ağdamın mədəni quruculuq işləri geniş vüsət alır. Zəngişalı-Mahrızlı, Qaradağlı, sonradan 60-cı illərin əvvələrində Quzanlı kəndində yeni mədəniyyət sarayları istifadəyə verilir. Birinci adıçəkilən Mədəniyyət sarayları  bir mərtəbəli idi isə, Quzanlıda inşa edilən iki mərtəbəli saray, o dövr üçün ən  klassik üslub sayılırdı. Mədəniyyət sarayının 400 nəfərlik tamaşa salonu,  gözəl foyesi, böyük kitabxanası və 10 otağı vardı. 

Hümmət Mustafayevin rəhbərliyi dövründə  Ağdam rayonunda  5 mədəniyyət sarayı istifadəyə verilimiş, 22 qiraətxana, 20 kitabxana, 11 daimi və səyyar kino qurğusu artıq zəhmətkeşlərin  istifadəsində idi.

1956-cı ildə keçmiş bulvar, sonradan Nizami adını daşıyan parkda  yay mövsümünə qızğın hazırlıq işləri getmiş, ərazidə ikinci su hovuzu tikilmiş, mövcud yeməkxana binası və parkın hasarları təmir edilərək  qaydaya salınmışdı. Parkda o dövrün tələbinə uyğun olaraq  radioqəbuledicidə  qoyulmuşdu. “Lenin yolu” qəzetinin 22 iyun saynda  Xudaverdi Əliyevin imzasıyla yazılan məqalədə təəsüf hissi ilə bildirilir ki, “şəhərin başqa parklarında yay mövsümünə hazırlıq işləri unudulmuşdur. Lenin adına parkı baxımsızlıq üzündən ildən ilə öz gözəllik və təravətini itirir. Bu il burada hec bir becərmə işi aparılmamış , ağacların quru budaqları belə kəsilməmişdir.” Müəllif daha sonra qeyd edir ki, Voroşilov adına park  sıx ağacları və və sərin kölgəliyi ilə diqqəti cəlb edir. Şəhərdə qalan pioner və məktəblilər keçən il olduğu kimi bu il də öz yay istirahətlərini burada kecirəcəklər. Lakin park şagirdləri qəbul etməyə helə hazır deyildir. Parkda dörd skamya qoyulmuşdur ki, bununda birinin söykənəcəyi yoxdur.”

Yazı müəllifi məqalənin sonunda təklif verməyi də unutmur: “Parkın girəcəyində böyük bir şir heykəli qoyulmuşdur.  Bunu baraban çalan bir pionerin heykəli və yaxud başqa bir münasib heykəl ilə əvəz etmək çox yaxşı olardı.”

“Stalin adına park çox cavandır. Onun salındığı vaxtdan cəmi bir neçə il keçir. Burada əkilmiş bəzək ağacları şəhərimizin gözəlliyini daha da artırmışdır. Qocaman bağban,76 yaşlı Balakişi Həsənov parkı müntəzam sürətdə suvardıqından ağaclar boy atmış və yaxşı inkişaf etmişdir. Təcrübəli bağban B.Həsənov parkı diqqət və qayğı ilə becərir. Lakin bu gözəl park indiyə kimi zəhmətkeşlərin istifadəsinə verilməmişdir. Burada oturmaq üçün skamya yoxdur. Hasarlar bir necə yerdən uçub dağılmışdır...”

1957-ci ildə “Qaraagacı” qəbirstanlığının ətrafının  hasarlanması işinə başlanılmış və 1692 metr  sahəyə hasar çəkilmişdir…

1957-ci ildə açılışı keçirilən  ilk musiqi məktəbini 1958-ci ildə məktəbin tar və fortepianio şöbələrini 8 nəfər şagird əla qiymətlərlə bitirmişdi.  Şahrun Ələkbərova, Svetlana Sərkisyan, Tatyana Sarıçeva, Afaq Əliyeva, Afrodita Məmmədova, Əminə Daşdəmirova, Bəhram Məmmədov, Rafiq Abdullayev, Ramiz Quliyev və başqaları isə sinifdən sinifə əla qiymətlərlə keçmişlər…

1958-ci rayonda Ağdam Orta İxtisas Musiqi məktəbinin açılışı olmuş və ilk qəbulda respublikanın 10 rayonundan 63 nəfər musiqi həvəskarı məktəbə qəbul edimişdir. Musiqi məktəbində 6 şöbə fəaliyyət göstərirdi. Fortopiano, nəzəriyyə, xor dirijorlugu, nəfəsli çalğı alətləri, xalq çalğı alətləri və xanəndəlik şöbələrində Azərbaycan və rus dilində tədris olunurdu…

1960-cı  ilin məlumatlarında qeyd olunur ki, həmin il rayonda  92 kitabxana, 24 klub və mədəniyyət evi fəaiyyət göstərirdi. Mədəniyyət evinin bağında yay kino-teatrının açılışı olmuş, həmin il şəhərin mərkəzi meydanında əsaslı şəkildə abadlıq işləri həyata keçirilmişdi…

1963-cü ilin martında artıq Lenin küçəsində kitab mağazasını tikinitisi başa çatmışdı. “Lenin” bağının baş tərəfində ilk böyük kitab mağazası sakinlər arasında “Tağı”nın kitab mağazası kimi tanınırdı.

1963-cü ildə “Lenin” küçəsində keçmiş maarifin binasına bitişik  Uşaq kitabxanasının binası istifadəyə verilir. Ancaq şəhərdə yeni kinoteatrın və avtovagzal binalarının inşası ləngimələrin olduğu qəzet səhifəsində yer alır. Tikintisinə 1962-ci ildən başlanan kinoteartın tikintisinə ilkin olaraq 150 min rubl vəsait ayrılır…

Beləliklə, “Dostluq” kinoteatrının açılışı 1964-cü ilin ən yadda qalan hadisələrindən saymaq olar. Ağcabədi Tikinti Quraşdırma idarəsi tərəfindən həyata keçirlən tikinti işləri iki ilə yaxın idi ki davam etmiş və 1964-sonlarında obyekt istifadəyə verilmişdi. Təntənəli açılışı keçirilmiş rayon rəsmiləri ilə yanaşı Azərbaycan Nazirlər Soveti yanında Kinomatoqrafiya Komitəsinin sədri A.Bayramov da iştirak etmişdi...

1965-ci Ağdam RPK-nın Voroşilov küçəsindəki (sonradan küçə Xudu Məmmədovun adını daşıyırdı) yeni inzibati binası istifadəyə verilir. Bundan sonra isə rayon maarif şöbəsi “raykom”un köhnə binasına köçür. “Lenin” bağı ilə üzbəüz eyni adlı küçədə yerləşən maarif şöbəsinin köhnə binasında isə uşaq bağçasına verilir…

Bakıda “Ağdam günləri”nin keçirilməsi 1968-ci ildə baş tutub. İyul ayında keçirilən günlərdə rayonun bədii özfəaliyyət üzvlərinin paytaxt tamaşaçıları qarşısında bir növ yaradıcılıq hesabatı verirdilər.

“Şur” ansamblının üzvləri Aydın Məmmədov, Hafiz Sədirzadə, Azay Mirzəliyev, Haqverdi Quliyev, Paşa Əsədov, Əlmurad Bağırov, Bəylər Məmmədov və Ağdam günlərinin ən gənc iştirakçısı Göytəpə orta məktəbin şagirdi Sədi Məmmədovun çıxışları olmuş, bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə yaradılmış xor kollektivi, rəqs qrupu,  habelə Gülablı, Göytəpə, Əlimədətli kənd klublarında çalışan xalq aşıqları Qaraş Allaşverdiyev, Xaspolad Mirzəliyev, Yelmar Quliyev, Musa Məmmədov, Xosrov Cəfərov  öz çıxışları ilə Bakı sakinlərinu razı salmışlar....

Ağdam günlərinin ən yadda qalan hadisəsi isə gənc mügənni Sədi Məmmədovun heyrətamiz ifası oldu. Dövlət Filarmoniyasında Maestro Niyazinin müşayəti ilə  keçirilən yekun konsertdən sonra dahi dirijor  öz qızıl saatını Sədi Məmmədova hədiyyə etmişdi.  Maestronun gözlənilməz addımı Sədinin sonrakı yaradıcılığında silinməz izlər buraxacaqdı.... Xeyli illər ötəcək, dərd-sərdən baş çıxara bilməyən  sənətkar  üzünü Rusiyaya tutacaq...

Ancaq orda da bənd ala bilməyən Sədi vətəninə dönür...

Mərhum sənətkarımızın “Space” telekanalında canlı yayımda baş tutan sonuncu konserti özüm də canlı izləyənlərdən olmuşam.

Sədi Məmmədov  oxuyur və sanki sonuncu dəfə konsert  verdiyini hiss edirmiş...

Həmin gün çox yanğılı oxuyurdu Sədi,  Ağdam nisgili onun səsini daha da yanğılı edirdi.

Avtomobil qəzası belə bir sənətkarı aramızdan çox tez apardı....

.....Mədəniyyət evinin qarşısında olan “Fərhadın”rəmzi heykəli 1967-ci ildə  Nadir Abbasovun  birinci katib olduğu vaxt qoyulmuşdu...

1969-cu ildə Ağdam Dövlət Dram teatrı fəaliyyəti 20 illik fasilədən sonra yenidən bərpa edilir. Əsası 1907-ci ildə  Əhmədbəy Abbasovun (Ağdamski) ikiillik rus tatar məktəbində qoyulan və 1910-cu ildə Əbdülrəhimbəy Haqverdiyev tərəfindən inkişaf etdirilən və daha geniş fəaliyyət göstərən teatr şərəfli  inkişaf yolu keçib. 1937-ci ildən 1949-cu ildək fəaliyyətdə olan teatr bir sıra yadda qalan əsərləri tamaşaya qoymuşdu. Sonrakı illərdə isə xalq teatrı kimi fəaliyyət göstərmiş və ən nəhayət 1969-cu idə Dövlət Dram Teatrı yenidən təşkil edilmiş və Azərbaycan teatrının realist ənənələri gözəl irsini yaşatmaqla tamaşaçıları ən yüksək tələbinə cavab verən dərin ideyalı dolgun məzmunlu əsərləri tamaşaçıarın ixtiyarına vermişdi.

“Lenin yolu” qəzetinin 29 mart sayından:

“Martın 26-da Ağdam Dövlət Dram Teatrına sanki ikinci nəfəs verilmişdi. Fəaliyyətinin bərpasi münasibətilə keçirilən toplantıda Ağdam XDS İK-nin sədri Ənvər Əliyev, Islam Əliyev (RPK təşkilat şöbəsinin müdiri), Aydın Quliyev (təbliğat təşviqat şöbəsinin müdiri) Ə.İsmayılov(Mədəniyyə nazirliynin incəsənt şöbəsinin müdiri)  iştirak edirdilər. Tədbirin sonunda Ağdam RPK-nın birinci katibi Nadir Abbsov kollektivə yeni yaradıcılıq uğurları arzulamışlar. Təntənəli mərasimdə  xalqımızım sevilmil şairi Bəxtiyar Vahabzadədə iştirak edirdi. Teatr ilk mövsümü  B.Vahazadənin “Vicdan” tamaşası ilə açdı. Tamaşanın qurluşçu rejissoru Heydər Şəmsizadə,  teatrın direktoru əməkdar mədəniyyət işçisi Məmməd Əmirov idi…

1970-ci ildə 5 Mədəniyyət evi, 43 kiabxana,13 klub, 52 bədii özfəaliyyət kollektivi təşkil edilmişdi.

Beləliklə, 1948-ci ildən 1953-cü ilin mart ayına kimi Mədəniyyət Şöbəsinin müdiri vəzifəsini Həsən Axundov, 1953-cü ilin martından bu vəzifəni əvvəllər Ağdam RPK-nın ikinci katibi işləmiş  Surxay Cəfərova həvalə edilir.

Surxay Cəfərov 1982-ci ilin may ayına kimi bu vəzifəni icra edir. Səhhətinə görə vəzifədən azad edilən Surxay Cəfərov, sonradan Çimnaz Əliyevanın  təklifi ilə Ağdam Tarix-diyarşünaslıq muzeyinin direktoru vəzifəsinə gətirilir.

1982-ci ilin may ayından 1996-yanvar ayına kimi Ağdam Mədəniyyət Şöbəsinin müdiri vəzifəsini   Çimnaz xanım Əliyeva  icra edir.  Milli Məclisə    keçirilən seçkilərdə qalib gələn  Ç. Əliyeva şöbə müdiri vəzifəsini tərk edir, parlamentdə qanunvericilik fəaliyyəti ilə işini davam etdirir. Ondan sonra bu vəzifəni  Aydın Niftalı oğlu, 2000-ci ilin iyun ayından isə bu günədək Şahin Qasımov icra edir...

Biz XX əsrdəki Qarabağın maddi-mədəni irsinin tərkib hissəsi sayılan Ağdam mədəniyyətini inkişaf etdirənlər haqqında tam şəkildə olmasada müəyyən  məlumatlar verə bildik.

Bu AĞDAMIN MƏDƏNİYYƏTİ  və onun inkişaf yolu haqqında qısa  bir  məlumat idi...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı