Modern.az

Bakının hansı rayonlarında köhnə evlərin söküləcəyi açıqlandı

Bakının hansı rayonlarında köhnə evlərin söküləcəyi açıqlandı

کشور

19 İyun 2012, 14:58


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2030-cu ilədək Bakı şəhərinin mərkəzi hissəsinin layihələndirilən planını açıqlayıb. Plana görə, qarşıdakı 18 il ərzində paytaxtın mərkəzi ərazisi böyüdülərək indiki 1479 hektardan 1550 hektara çatdırılacaq. Dəyişikliklər nəticəsində şəhərdəki 1-2 mərtəbəli yaşayış binalarının sayı 6 dəfə azalacaq. 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Modern.az-a bildirib ki, plana əsasən, yaşayış üçün əlverişli olmayan binalar söküləcək.

“Sökülməsi təklif olunan binalar o binalar olacaq ki, o ərazilərdə dövlətin ehtiyacları üçün lazım olan obyektlərin tikintisi nəzərdə tutulur. Amma o obyektlərin tikilməsi üçün seçilən tikililər  yaşayış üçün müasir dövrün tələblərinə cavab verməyən binalar olacaq. Yəni ki, orada binanın həm dayanıqlığı nöqteyi-nəzərdən baxış olacaq, həm də  yaşayış şəraiti nəzərə alınacaq. Ola bilər ki, bina dəmir karkasla bağlanmış olsun, amma ora günəş şüası düşmürsə, həmin ərazi yerdən nəm çəkirsə, yaşayış üçün antisanitar vəziyyət varsa, təbii ki, həmin ərazilər təmizlənəcək. Özü də məqsəd həmin ərazilərin təkcə boşaldılması deyil, eyni zamanda həmin ərazidə yaşayan insanlar üçün daha müasir, daha sağlam, daha  təhlükəsiz həyat mühütinin təmin olunmasıdır.  Bu söküntünün bir və ya altı  ildən sonra olacağını demək çətindir. Bunlar tədricən, 20 il müddətinə müvafiq proqrama uyğun olaraq həyata keçiriləcək”.

C.Qocayev onu da deyib ki, plana əsasən, söküləcək binalar mədəni, tarixi, memarlıq nöqteyi-nəzərindən əhəmiyyət daşımayan tikililər olacaq.

“Bu işi görməkdə məqsəd ondan ibarətdir ki, şəhərin mərkəzi hissəsində göydələnlər tikilməsin. Bu binaların əvəzinə beş mərtəbəyə uyğun, orta boylu binalar tikiləcək. Çünki tarixən formalaşmış mərkəzin siması qorunmalıdır. Buna görə də, çox hündür binaların tikilməsi məqsədəuyğun deyil”.

Komitə rəsmisi deyib ki, 2030-cu ilədək Bakı şəhərinin mərkəzi hissəsinin layihələndirilən planınına düşən zonalar Nəsimi, Xətai rayonundan kiçik bir hissə, əsasən Səbail rayonundakı ərazilərdir.

”Şəhərin mərkəzi hissəsi - 1550 ha ərazi bu rayonların ərazisini əhatə edir. Əsasən həyət evlərinin söküntusu nəzərdə tutulur. Məsələn,  “Sovetski” küçəsində elə birmərtəbəli evlər var ki, zirzəmi kimidir. Oraya qətiyyən günəş işığı düşmür. İnsanlar da maddi imkansızlıqdan həmin yerlərdən  çıxa bilmirlər. Çoxmərtəbəli binalar təbii ki, konkret layihə əsasında tikiləcək”-deyə C. Qocayev bildirib.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı