Hamımızı güllələməklə hədələyərək mərtəbələrdən birinin dəhlizinə yığdılar. Uşaqlar, qadınlar qorxudan ağlaşırdılar. Hər an kimsə öldürülə bilərdi. Onlar həddindən artıq qəddar idilər. Zəng etmək istəyən bir cavanı yerindəcə güllələdilər. Artıq hamı başa düşmüşdü ki, bunlar erməni terrorçularıdır və bizi girov götürüblər. Dəhşətli həyəcan içində bir-birimizin üzünə baxırdıq. Çıxılmaz vəziyyət idi. Yeganə ümidimiz polisin və təhlükəsizlik orqanlarının xəbər tutub bizi azad edəcəklərinə idi. Ancaq bu halda da aramızda itki olması ehtimalı çox idi… Bir təhər aradan çıxıb birinci mərtəbəyə endim. Girişdə duran ermənilər nəsə danışırdılar, arabir “bomba” sözü eşidirdim. Xəlvətcə zirzəmiyə endim. Bədənimi soyuq tər basdı: divarlara, tavana uzaqdan idarə olunan çoxlu partlayıcı yapışdırılmışdı. Deməli, binanı bizimlə bir yerdə istədikləri an havaya uçura bilərdilər… Yuxarı - camaatın yanına qayıdıb gördüklərimi gizlicə kişilərdən bir neçəsinə danışdım... Gözləməkdən başqa çarə yox idi. Bir azdan bayırdan eşidilən hay-küy, polis maşınlarının siqnalları bizə xeyli ümid verdi. Deməli, dövlət orqanları bizi xilas etmək üçün yollar arayır... Yaşamağa ümidimiz çoxaldı...
Terrorçular qışqırışan qadınları, uşaqları ermənicə, rusca söyürdülər. Çox güman ki, bunlar ASALA üzvləri idi... Bir az da keçdi, küçədən “təslim olun” çağırışları eşidilməyə başladı. Amma sonra sakitlik çökdü. Görünür, bizimkilər danışığa getməyə məcbur olmuşdular. ASALA-çıların nə tələb etdiyini bilmədik...
Artıq girovluğumuzun ikinci sutkası idi... Uşaqlar, qadınlar və yaşlılar aclığa, susuzluğa dözə bilmirdilər. Hər ailədən bir nəfəri növbə ilə dəhlizin başına aparmağa başladılar. Deyəsən, hansısa beynəlxalq təşkilat bizə su və qida paylamağa icazə ala bilmişdi. Növbə mənə çatanda mənzilin nömrəsini soruşdular... Ailəmin, çocuqların həyatına görə keçirdiyim həyəcandan, inanırsız, nömrəni unutmuşdum...
Adi həyatda da belə huşsuzluq olur məndə. O qədər yazı-pozu barədə düşünürəm ki, elementar, bəsit məlumatlar yadımdan çıxır. Amma yaxşı ki, bu dəfə huşsuzluğum yuxuda yaxalamışdı məni...
Kimsə bizi qınaya bilər ki, heç belə yuxunu da bütün ölkəyə yayarlar; əvvəla, camaat qorxuya, təşvişə düşər, həm də oğrunun yadına daş salırsız, düşmənlərimiz bunu oxuyub məhz belə formada terror aksiyaları keçirə bilər... Əslində ASALA-nın Ramil Səfərovla bağlı terror təhdidlərindən sonra onsuz da ölkədə az da olsa, təşviş yaranıb. Ancaq birincisi, qorxmaq yox, ehtiyatlı, tədbirli olmaq lazımdır. İkincisi də terrorçular bizsiz də bunları bilir. Və daim ölkəmizin zəif yerlərini və cəhətlərini öyrənirlər. Demokratiyadı (!), ölkəyə hər ölkənin, hər millətin nümayəndələri gedib-gəlir... Bakıda da on minlərlə erməni və ermənisoylunun yaşadığı sirr deyil... Ən güclü dövlətlər belə xarici kəşfiyyatın ölkə daxlindəki işini tam əngəlləmək iqtidarında deyil. Və düşmən, o cümlədən erməni daşnakları, ASALA bizə qarşı gözləmədiyimiz yerdən zərbə endirə bilər... Həm də terror aktlarını yalnız ermənilər deyil, PKK, yaxud saxta “islamçı” radikallar da həyata keçirə bilər...
Bu, bir gerçəklikdir ki, Azərbaycanda, eləcə də Bakıda əksər yaşayış binalarının təhlükəsizliyi zəif qorunur. Doğrudur, müasir binaların çoxunun girişində kodlu qapı, kameralar var. Ancaq köhnə binalardə belə bir şey yoxdur. Xüsusilə, dəhliz (“koridor”) sistemi olan yataqxanalar və bəzi köhnə tipli otellərdə sözü gedən formada terror aksiyaları keçirilməsinə daha optimal şərait mövcuddur... Çünki dəhlizli binalarda əhalini bir yerə toplamaq asan olur və az vaxt tələb edir. Doğrudur, ASALA-nın terror təcrübəsində yaşayış binalarının hədəf alınmasına demək olar ki, rast gəlinmir. Onlar terakt məkanı kimi əsasən səfirlikləri, hava limanlarını, rabitə qovşaqlarını, bəzi hallarda isə mehmanxana və otelləri seçiblər. Ancaq digər ölkələrdə, xüsusilə, Rusiya və Pakistanda yataqxanalarda teraktlar baş veribdi. 2010-cu ildə skinhedlər (rus faşistləri) Moskvada miqrantların, digər ölkələrdən gəlib işləyən şəxslərin yaşadığı yataqxanaya partlayıcı maddələr atmışdılar. Elə həmin il Şimalı Qafqazda, Nalçik şəhərində terrorçular yataqxananın birinci mərtəbəsində partlayış törətmişdilər. Bu ilin iyul ayında Pakistanda polislərin yataqxansında partlayış baş vermişdi. Rusiyanın bəzi şəhərlərində, məsələn, Tomskda milis şöbələrində yataqxanaların təhlükəsizliyini təmin etmək üçün xüsusi bölmələr yaradılıb. Moskvada və digər böyük dünya şəhərlərində isə müasir tələbə, yaxud fəhlə və s. yataqxanalarında içəri girənlər ciddi yoxlanılır, sənəd təqdim edərək xüsusi turniketdən keçirlər. Sovet dövründə Bakıda da yataqxanalara giriş çətin idi, girişdə növbədə duran mülki şəxslər (çox vaxt onlar ciddi rus qadınları olurdu) sənədsiz, şübhəli şəxsləri içəri buraxmırdılar. İndi isə gündüz, yaxud gecə istənilən şəxs maneəsiz binaya daxil ola bilər. Növbətçilər gecəni mışıl-mışıl yatırlar, qapılar isə köhnə olduğundan etibarsız bağlanır...
Azərbaycanda 1986-1995-ci illərdə erməni terrorçuları əsasən nəqliyyat vasitələrində: avtobus, qatar və metro stansiyalarında kütləvi insan itkisi ilə nəticələnən terror aktları törətmişdilər. Sonuncu - 2009-cu ilin aprelindəki faciəli qətliam isə ali təhsil ocağında - Neft Akademiyasının binasında baş vermişdi. Odur ki, son vaxtlar əsas diqqət məhz nəqliyyat vasitələrinə və təhsil ocaqlarının binalarına yönəlib. Yaşayış binaları və yataqxanalar isə gündəmə gətirilmir...
Məqsədim heç də daxili işlər, təhlükəsizlik, xüsusi xidmət orqanlarının başına ağıl qoymaq deyil. Onlar bunu bizsiz də bilirlər və çox güman ki, qabaqlayıcı tədbirlər görürlər. Sadəcə, bunları xatırlatmağı özümə bir müsəlman, vətəndaş borcu bilirəm...
Allah hamımızı düşmən fitnəsindən qorusun!.. Amin!..