Modern.az

Vaxtından əvvəl kişi olanlar

Vaxtından əvvəl kişi olanlar

کشور

17 İyun 2013, 10:58

10 ilin sözü olar. AzTV-nin “Xəbərlər” proqramında işləyirdim. Xəstəxanalardan birinin həkimi Vaqif doktor zəng elədi: “Mahir müəllim, sabah saat 12-də ol xəstəxanada”. Dediyində bir az ərk, bir az da amiranəlik vardı. Bircə onu soruşdum ki, tədbir nə tədbirdir? Məlum oldu  ki, həm də YAP-ın üzvü olan Vaqif doktor xeyriyyəçilik aksiyası keçirir. Uşaq evlərinin  balaca sakinlərini sünnət edəcəklər. Belə şeyləri AzTV-də vermirdilər. Amma rəhbərliyimizin də Vaqif doktora ehtiramını nəzərə alaraq, istisna etdilər. “Get! Amma kadrda qan olmasın!”. Çox qəribə qadağa idi. İlin 12 ayı efirdə rayonların işğalından bəhs edən, erməninin tökdüyü  yaddaş-xəcalət qanımız  qadağa deyildi, amma məsum körpələrin kişilik qanı...

Səhərisi gün saat 11.00-da AzTV-nin maşınında xəstəxanaya doğru yönəldik. Sürücümüz Qasım biz maşına oturan kimi başladı “ağlamağa”: “Benzin yoxdur, arvad xəstədir – dərman almağa pulum yoxdur. Oğlanlarım işləmir”. Və sairə, ilaxır. Sanki  yazıq, kimsəsiz, yetim mücəssəməsi. Birdən ağlıma bir fikir gəldi:

-  Qasım  kişi, neçə nəvən var?
-  Üç.
- Oğlandır, qız?
- Oğlan. Balacadırlar. Məktəbə getmirlər hələ.
- Sünnət eləmisən?
- Yox.
- Onda biz nə qədər burdayıq, get gətir uşaqları. Kirvəsi özüm olacağam. Həm də kasıb adamsan, pulun çıxmayacaq.

Elə bil Qasıma od qoydular. Bir dəqiqə əvvəl “ağlamağı” yaddan çıxdı:

- Mahir müəllim, yəni mənim nəvələrim o günə qalıb ki, xəstəxanada yetimlərlə birlikdə sünnət olunsun? Babası var, nənəsi var, atası, anası, dayıları... Kəsdirəcəm. Üstəlik toy da edəcəm.

Heç nə demədim. Xəstəxanaya çatdıq. Cərrahiyyə otağına keçdim. Uşaqların səsi aləmi götürmüşdü. 30 nəfər idi. Sanki konveyerə bənzəyirdi. Səsləri gəlsə də müqavimət göstərmirdilər. Gözlərini cərrahlara zilləmişdilər. Ərköyün uşaqlar kimi həkimi söymürdülər. Adət etdiyimiz “Ata, ana, baba, nənə, yandım” kəlmələri də eşidilmirdi. Sadəcə ağlamaq səsləri gəlirdi. Kəsilənləri kəsilməyənlərin gözləri önündə kəsirdilər. Kəsilməyənlər də kəsilənlərin halına yanıb kəsiləcəklərinə ağlayırdılar. Bir katalkaya 5 uşağı yanpörtü uzandırıb dəhlizdə düzmüşdülər.  Qırmızı ətəkləri də yox idi. Beşinin də üstünə bir dənə ağ mələfə örtmüşdülər. Cərrahiyyə zalına girmirdik. Axı, demişdilər: “Efirə qan olmaz!”. Dəhlizdə lentə alırdıq. Uşaqların hamısı qışqırır, ağlayırdı. Tərbiyəçiləri qorxudan aradan çıxıb, gizlənmişdilər. Sanki onları kəsəcəkmişlər. Nə bir ürək-dirək verən vardı, nə də yastığının altına pul qoyan. Başlarının altında heç yastıq da yox idi. “Bu gün kişi olmusunuz  e... başa düşürsüz?” deyə ürək-dirək verən də gözə dəymirdi.  “Bu balaca kişinin babası kimdir, dayısı kim? Gəlsin xalat versin” deyən də yox idi. Heç kim yox idi.  Bir çəkiliş qrupumuzdan başqa. Arada Vaqif müəllimin də əsəbləri dözmürdü – “kəsin səsinizi”- deyə qışqırırdı yazıq  uşaqların üstünə. Göz yaşlarını boğa-boğa ani də olsa kiriyirdilər. Bilmirdilər çəkdikləri ağrıya görə Vaqif doktora nifrətlə baxsınlar, yoxsa minnətdarlıqla. Ağlayırdılar.
Sürücü Qasım kimi ağlamırdılar. Ağrıdan ağlayırdılar - həyatın onlara çəkdiyi dağdan yox. Onlara yaxınlaşdım. Mənə düz 30 cüt göz zillənmişdi. Hamısından yaş gəlirdi. Birindən başqa. Növbə ilə başlarını sığalladım. Ağlayanlar səsini kəsdi. Ağlamayanın da başını sığalladım. Ayrıseçkilik etməyim deyə. Dodağını büzdü. Başladı bərkdən ağlamağa. Ürəklənmişdi. Bəlkə də o anda “mən Sizin atanızam, kirvənizəm, babanızam, dayınızam” desəydim daha çox  yerinə düşərdi. Telefonumda “Kişidir bu” mahnısın qoyub qol götürüb oynasaydım lap əla olardı. Gətirdiyim oyuncaqları versəydim, bəlkə də ovundurardım onları. Əfsus ki,  bunların heç biri yox idi. Sanitarlar katalkanı sürüb “Paz” avtobusuna yaxınlaşdılar. Uşaqları bəy maşınına yox,  avtobus oturacaqlarına qoydular. Uzandırmadılar da. Hərəsi bir oturacaqda oturmuşdu. Ağlamırdılar. Pencərədən mənə baxırdılar. Kameraya əl edirdilər. Axı, onlara demişdim: “Siz artıq kişisiniz. Kişi ağlamaz!” Özlərini kişi kimi aparırdılar. Ağrısalar da özlərini saxlayırdılar. Çünki olmayan ailələrinin və gələcək ailələrinin yeganə kişiləriydilər.Kadrda təkcə onlar idi. Bir də mənim onları sığallayan əlim.

Bəli, bu yetim uşaqlar artıq  kişi olmuşdular. YAP onların həyatına belə girmişdi. Vaqif doktorun timsalında xeyriyyəçilik aksiyasıyla. Sanki hər şeyləri çatırdı, bircə kişiliklərindən başqa. Bu problemlərini də YAP üzvü Vaqif  doktor  həll etmişdi.  AzTV də kirvəlik missiyasını oynamışdı. Özü də bilmədən.  Kimsəsizlərə Biz – YAP və AzTV - Kim olmuşduq. Onların yaddaşında belə qalacaqdıq. Birimiz dəllək, birimiz kirvə.  Artıq kişi olmuşdular. Lap vaxtında... vaxtından əvvəl.

Qasımın  atalı-analı yetimləri isə babalarının kiçik toy edib, pul yığmalarını gözləyirdilər. Nə vaxtsa sünnət olunacaqdılar. Babaları onlara Türkiyədən gətirilən “balaca kişi” libası da alacaqdı. Nənələri, babaları, əmiləri, dayıları, xalaları, bibiləri qol götürüb oynayacaqdılar. Balaca kişi olacaqdılar, amma  kişi olacaqlarını deyə bilmərəm.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı