Bu gün dünyada təbabət sahəsində inkişaf tendensiyası davam etsədə müxtəlif xəstəliklər paralel olaraq artmaqdadır. Diqqət yetirsək görərik ki, fəaliyyət göstərən həm özəl, həm də dövlət xəstəxanaları xəstə sarıdan heçdə korluq çəkmirlər. Bir sözlə kimdən soruşursan səhhətindən şikayət edir. Təbii ki, bunun kifayət qədər səbəbləri var. Mən bu yazıda səhiyyə və artan xəstəliklər məsələsinə toxunmaq istəmirəm. Çünki bu, geniş araşdırmaya ehtiyacı olan mövzudur. Qısa da olsa istehsalçı və istehlakçı probleminə nəzər salmaq istərdim.
Ilk öncə Azərbaycanın əmtəə bazarında istehlakçı, istehsalçı sistemində keyfiyyət faktoruna, mövcud çatışmazlıqlara nəzər salaq. Bu gün ərzağın təhlükəsizliyi məsələsi, yetişdirilən məhsulların keyfiyyəti, istehlakçı təfəkkürünün necə formalaşması, istehsalda standartlar, bu sahədə qanunların icra mexanizmlərinin tapılması və digər məqamlar vətəndaş olaraq hər birimizi düşündürməlidir.
Çünki vətəndaş mövqeyinin olmaması və yaxud zəif olması bir çox bəlalara yol açır. Görünür, keyfiyyətsiz məhsul yetişdirən, istehsal edən sahibkarda, millətin övladına düzgün təhsil verməyən müəllimdə, bütün bunlara nəzarət etməyə borclu olan və nəzarət etməyən səlahiyyətli şəxslərdə vətəndaşlıq mövqeyi sıfır səviyyəsindədir. İstehsalda və məhsulların satışında real vəziyyətə nəzər saldıqda mövcud qanunların tələblərinə əməl edildiyinin şahidi olmuruq.
Bu gün istifadəyə yararsız malların satışından potensial istehlakçı olaraq hər birimiz ziyan çəkirik. Yerli sahibkarlar, aqrar sahədə çalışan fermerlər bəzən şikayət edib bildirirlər ki, fəaliyyətimizə mane olurlar, məhsulumuzu birbaşa bazarlara çıxarmaqda çətinlik çəkirik, inhisarçılıq var. Bu iradlarla razılaşmaq olar. Ancaq burada qeyri peşəkarlıq və istehsalçının öz işinə vicdanla yanaşması problemi, bu işə necə nəzarət etmək mexanizmlərinin tapılması məsələsi və digər narahatedici məqamlar var. Heç şübhəsiz ki, problemin xeyli hissəsi buradan qaynaqlanır.
Bir faktı qeyd etmək istərdim. Keyfiyyətsiz bostan məhsulları ilə bağlı narahatçılığa son qoymaq üçün bölgələrə üz tutduq. Qubada söhbət etdiyimiz bir fermer maraqlı açıqlama verdi. Həmin fermer bildirdiki 1 hektar bostan sahəsinə 5-6 kisə azot gübrəsi verməliyik. Ancaq məhsulun həcmini artırmaq məqsədilə hər hektar bostan sahəsinə 20 kisə azot gübrəsi veririk. Ən maraqlısı odur ki, belə “sahibkarlar” yetişdirdiyi həmin məhsuldan tərkibinin zəhərli olmasına, yəni nitratın həddindən artıq çox olmasına görə, özləri istifadə etmirlər.
Təəssüf ki, belə nadanlıq, insan sağlamlığına qarşı törədilən bu hadisə, bəlkədə cinayət faktı bir çox istehsal sahələrində, bostan bitkilərinin yetişdirilməsində var. Vətəndaşlıq mövqeyi olmayan və qanunlara hörməti etməyən belə şəxslər düşünmürlər ki, özləri bu məhsuldan istifadə etməsə də, onların yaxınları, qohumları, lap elə millətinin digər övlaları belə məhsulları bilərəkdən və yaxud bilməyərəkdən alıb qidalanacaq. Bütün bunların nəticəsi isə göz qabağındadır.
Digər bir vacib məqam var. Bəs, buna nəzarət etməyə borclu olan Kənd Təsərrüfatı nazirliyi hara baxır? Nazirliyin müvafiq strukturları var ki, onlar mövcud qanunlara uyğun olaraq yetişdirilən məhsulların kimyəvi dərmanlama prosersində standartlara necə əməl edildiyinə nəzarət etməlidirlər. Bazarlara çıxarılan məhsulun tərkibində əgər nitrat həddindən artıq çox olursa Kənd Təsərrüfatı nazirliyinin Fitosanitar xidməti həmin zəhərli məhsulları movcud qanunlara görə bazardan çıxarmalıdır. Təəssüf ki, belə faktlara rast gəlmirik.
Ona görə də belə problemlər dərinləşməkdədir.
Problemləri qisməndə olsa aradan qaldırmaq üçün bəzi addımların atılmasına ehtiyac var.
Burada istehsalçıların, istehlakçıların maariflənməsi, dövlətin qanunverici aktlarının dəqiq hazırlanması və icrası, müstəqil məhkəmə sisteminin təkmilləşməsi, həmçinin vətəndaş cəmiyyəti institutlarının geniş fəaliyyət göstərməsi zəruridir. Maarifçilik işi ilə bərabər inzibatı strukturların daha aktiv fəaliyyətinə ehtiyac var. Bu gün sahibkar da, ona şərait yarandan şəxslər də dərk etməlidir ki, keyfiyyətsiz, rəqabətə davamsız məhsulla insan sağlamlığına böyük ziyan vururlar. İstehlakçını ucuz, xarab malla aldatmaq yox, onu keyfiyyətli məhsulla heyrətləndirmək lazımdır.
İdxal, ixracla məşğul olan milli sahibkarlıq subyektlərində biznes maraqlarının olması təbii haldır. Ancaq bu biznes maraqları vətəndaşlıq mövqeyini, dövlətçilik təfəkkürünü üstələməməlidir. Ən əsası insan faktoruna, əhalinin sağlamlıq məsələsinə heç kəs biganə yanaşmamalıdır.