Modern.az

YAP-ın dəcəl uşağı Sirus Təbrizli - XATİRƏLƏR

YAP-ın dəcəl uşağı Sirus Təbrizli - XATİRƏLƏR

کشور

10 Sentyabr 2013, 10:37

Bilmirəm neçənci il idi, yaddaşım məni aldadır, ya 80, ya da 81. Orta məktəbin sonuncu siniflərində oxuyurdum. O zamanlar “Ədəbiyyat qəzeti”ndə yumoristik-satirik bir səhifə vardı. Bir neçə cızma-qara yazıb nəşriyyata yollandım.

“Azərbaycan” nəşriyyatı həmin çağlarda hələ “Kommunist” adı daşıyırdı.

9-cu mərtəbədə mənə göstərilən otağın qapısını döyüb içəri keçdim. İndiyə kimi yadımdadı, qırmızı neylon köynəkli, bığlı, saçları azca buruq qəzet əməkdaşına utana-utana yazılarımı göstərdim. Oxudu və nəticədən bu hasil oldu ki, məndə yumor hissi əsla yoxdu. Və söhbət tez bir zamanda ədəbiyyatdan siyasətə keçdi. O danışır, mən də itaətkarcasına dinləyirdim.

“Qısa söhbət” tədricən antisovet məzmun aldı. Və mən bir anlıq məkan və zaman anlayışını itirdim. “Mən, orta məktəb şagirdi hara, bircə adını-soyadını – Sirus Təbrizli – bildiyim bu adam hara?! Bura “Kommunist” nəşriyyatıdırmı? İndi sovet dövrüdürmü?..”

... O vaxt-vədədə, Sirus Təbrizliylə ilk görüşdən bir günmü, bir aymı əvvəl qəribə bir hadisəyə şahid olmuşdum. Yayın isti günlərindən birində, gecə yarısı evin pəncərəsi önündə oturub, “VF” radioqəbuledicisində “Alman dalğasına” qulaq asırdım.

Riqa istehsalı olan “VF”lərin çox güclü qəbuletmə qabiliyyəti vardı. FM dalğasının hələ istifadə edilmədiyi dövrdə bu cihaz hətta təcili yardım maşınlarının dalğasını belə tuturdu.

Deməli, gecədi. Küçədə bircə maşın belə yox (Ağlınız indiki zamana getməsin, sovet vaxtı saat 12-dən sonra bütün nəqliyyatın hərəkəti dayanırdı). “VF”də SSRİ-yə düşmən dövlətin, xarici, yəni antisovet radio kanalın xəbərlərini dinləyirəm. Və birdən aparıcının səsi itir, aydın rus dilində deyilən sözləri eşidib qulaqlarıma inanmıram: “Radionu söndür!” Əmr ahəngində deyilən kəlmələr təxminən 2 dəqiqə sonra bir daha təkrarlandı... və radioyayım bərpa olundu. Amma üstündən on dəqiqə keçdikdən sonra küçədə bir qara “Volqa” maşını peyda oldu və düz pəncərəylə qabaq-qənşər dayandı.

İşin nə yerdə olduğunu handan-hana anladıqda radionu söndürdüm. Maşının salonunda işıq yanmadığından içindəki adamları görmürdüm. Elə bil nəyisə gözləyirdilər.

“Volqa” hələ bir müddət yerində mıxlanmış qaldı və nəhayət, çıxıb getdi...

Sirus Təbrizliylə söhbət məni buna görə təəccübləndirmişdi. Elə bil qorxudan çıxırdım. Eyni zamanda düşünürdüm: “Sovet nəşriyyatında antisovet söhbət etmək cəsarəti bu adamda hardandı...”.

***

Hərəkat illərində (o vaxt artıq universitet tələbəsiydim) Sirus Təbrizli yadıma gəlmir.

Onunla növbəti üzbəsurət qarşılaşmamız AzTV-də oldu. Sonralar Murad Baykal (Məmməd Murad) kimi tanıyacağımız yeni sədr kadr islahatları ilə dövlət televiziyasında “inqilab tufanı” qoparmışdı. Mən onda “7 gün” qəzetində işləyirdim. Və baş redaktor Emin Eminbəyli redaksiyanın qapısına yekə bir “qıfıl vurub” bizi AzTV-yə aparmışdı. Çünki televiziyada eyni adlı veriliş efirə gedirdi.

Məmməd Muradın kabinetində bizimlə bərabər, Sirus Təbrizli də oturmuşdu. O vaxtlar, səhv etmirəmsə, “Açıq-aşkar” adlı verilişlə efirə çıxırdı.

Nədə olmasa da, danışmaqda pərgardı, eninə-uzununa köhnə quruluşu söyür, hərdən də yaxın-uzaq tarixdən nümunələr gətirirdi. Onun söhbətlərində polşalı general Yaruzelskinin adı tez-tez xatırlanırdı. O zamankı rəhbərlik eyhamın nəyə və kimə vurulduğunu anladı və Sirus Təbrizli bir daha ayağını AzTV-nin kandarından içəri ata bilmədi.

Sirus Təbrizlinin bu vaxtacan işsiz olduğunu onda eşitdim. Dedilər ki, hələ sovet vaxtı “Ədəbiyyat qəzeti”ndən qovulub. İndiyədək dəqiq, konkret iş yeri yoxdu. Niyə qovulduğuna düz-əməlli izah verən tapmadım. Amma Nəriman Həsənzadə ilə umu-küsülərinin varlığından “xəbərdar edildim”.

Sabir Rüstəmxanlı Mətbuat Komitəsinin sədri olanda Sirus Təbrizlini artıq “Azərbaycan” adı almış nəşriyyata direktor təyin etdi. Amma bu təyinata nəşriyyatın dörd divarı içində o qədər etiraz edən oldu ki, işsiz “dissident” bunu təşkil olunmuş təxribat hesab elədi. Təqsiri də Sabir Rüstəmxanlıda gördü. Beləliklə, onunla da küsülü oldu.

Və günlərin bir günü Sirus Təbrizlini “Səs” qəzetində “gördüm”. Dörd səhifəlik qəzet başdan-başa onun müsahibəsi idi. Məhz bu müsahibə Yeni Azərbaycan Partiyasının bir növ, uvertürası oldu.

Hakimiyyət Xalq Cəbhəsində idi, ona müxalif olan Sirus Təbrizli Azadlıq Meydanında icazəsiz mitinq təşkil elədi, polis generalı Abdulla Allahverdiyev də YAP-çı-“dissident”in qolundan tutub “mədəni şəkildə” tribunadan düşürdü...

***

Mən “dissident” sözünü bilərəkdən dırnağa aldım. Səbəbini az sonra deyəcəm.

Ümumiyyətlə, Sirus Təbrizli mənimçün çətin dərk ediləcək adamdı. Çünki əməli işdən çox danışmaqda usta olan adaları sevmirəm. İkincisi, müxalifətin yanında iqtidarpərəst, iqtidar yanında müxalifətçilik həmişə şübhəylə qarşılanır. Sirus Təbrizlinin amalı, istəkləri mənimçün tam zülmət dünyasıdır. Sonadək nə istədiyini heç anlamadım. Yəqin ki, bu məsələdə mən tək deyildim.

Yox, o, Kefli İsgəndər roluna uyğun gəlmirdi...

Başqa tərəfdən, onun nədən milli azadlıq hərəkatından uzaqlaşması mənimçün sirdir. Elçibəy və digərləri ilə şəxsi münasibətlərindən tam qafiləm. Xalq Cəbhəsi iqtidarını niyə bəyənmədiyini və onun qatı müxaliflərindən birinə çevrilməsinin ideoloji baxışlardan daha çox şəxsi motivlərlə bağlılığı ehtimalına daha çox inanıram. Və başqalarının rəyini bilmirəm, məncə, Yeni Azərbaycan Partiyasının yaradıcılarından söz düşərkən, Sirus Təbrizlinin adı birinci çəkilməlidir. “91-lər”in siyahısında da Ziya Bünyadov birinci, Sirus Təbrizli 9-cu sırada dursa da, mən onu çəkinmədən birinci cərgəyə qoyardım.

Söz düşmüşkən, “91-lər”in siyahısındakı birinci şəxs də Xalq Cəbhəsinə arxa çevirmişdi, onları tənqid etməklə kifayətlənməyib, hətta ağına-bozuna baxmadan açıq söyüşlə təhqir edirdi.

***

YAP bir yana, deputat qiyafəsində Sirus Təbrizlini heç cür həzm edə bilmədim. Mənimçün onun mandatlı fəaliyyəti maraqsız idi. Həm də Məclis tribunası da elə bil Sirus Təbrizli üçün yad istinad nöqtəsiydi.

Mətbuat və informasiya naziri kürsüsü də keçmiş “dissident”ə, sonrakı YAP-çıya yaraşan yer deyildi. Bu dövrdə Sirus Təbrizli mediada özünə xeyli düşmən qazandı. Mənim simamda isə “dost”...

Qəribə gəlməsin, AzTV-nin “telemüstəntiqi” İsmayıl Ömərovun verilişində iki dəfə çıxış etdim. Qeydlərim nazirin o qədər xoşuna gəlmişdi ki, köməkçisinə məni arayıb-tapmaq göstərişi vermişdi. Kabinetinə getmədim, amma Gülüstan Sarayında az sonra üz-üzə gəldik. İran səfirliyinin təşkil etdiyi ziyafətdə. Köhnə, sovet dövrünün Sirus Təbrizlini “gördüm”. Əsəbiydi, hirsindən dodaqlarını gəmirirdi. Bir səbəbini bilirdim: “əzəli” düşməni Nəriman Həsənzadəni nazirlikdə ona müavin təyin etmişdilər. Bəli, bəli, “Ədəbiyyat qəzeti”ndən onu işdən çıxarmış adamı...

Elə həmin il Sirus Təbrizliylə eyni qrupda (bir yığın deputat və deputat xanımı da üstəlik) Kiprə getmişdik. İstirahətə yox, rəsmi tədbirlərdə iştirak üçün. Bizdən öncə bu tanınmayan ada-dövlətə iki “adlı-sanlı” deputat gəlmişdi. Hər cür komfort, fərdi minik maşını... Sirus Təbrizliyə də ayrıca maşın vermək istədilər. Kim olduğunu sonradan “xatırladıqda”. “Yox, mən avtobusda gedəcəm, hamı kimi” deyib hirslə “ictimai nəqliyyat”a mindi...

Kinli idi, məncə, dəvə kimi.

...Qaldığımız “Dom hotel”in içində üz-üzə iki pilləkən vardı. Hər səhər, saat 9-da iki deputat – Sirus Təbrizli və Sabir Rüstəmxanlı həmahəng, yəni eyni vaxtda həmin mərmər pilləkənlə aşağı enir və düz dəniz çıxan dəhlizlə (aralarında beş metr məsafə olardı) addımlayıb çimərlik geyimində sahilə yollanıb suya baş vururdular. Bir-birindən aralı ta dənizin ortasınadək üzərdilər. Məhz onda mən bu iki şəxsin mahir üzgüçü olduğunu öyrəndim və Təbrizdə böyümüş bu adamın üzgüçülüyə harda yiyələnməsi haqda düşündüm.

Mənə uşaqlığından da danışdı. Mədrəsədə çıxardığı oyunlar, nadinclikləri, atasının onun necə cəzaladırması...

***

Sabir Rüstəmxanlı ilə danışmırdılar. Ümumiyyətlə Sirus Təbrizliylə küsülü olmayan nadir adam vardı. İlan kimiydi, adamı tez sancırdı. Bəyənmədiyi insanlardan da bütöv bir albom düzəltmək olardı.

Birini qoyub o birinə keçim. Atatürk Mərkəzində Nizami Cəfərovla mübahisəsi yadınızdadı? N.Cəfərova “örkənlə doğanağın fərqini” izah etmişdi. “Get öz Müsavatına, sənin yerin İsa Qəmbərin yanındadı”, – deyə deputata siyasi keçmişini xatırlatmışdı. 

Yadımdadı, həmin, yəni Kiprdə olduğumuz günlərdə deputatlar özləriyçün məclis qurmuşdu. Mərhum Anar Məmmədxanov və Əli Kərimli də ordaydı. “İkiüzlülüyə bax, Anar onun sədrini “KVN”də biabır edir, o isə Anarla badə-badəyə vurur”, – deyə Sirus Təbrizli hirsini boğa bilmirdi (Doğrudan da həmin il “şən oğlanlar” Elçibəy və digər müxalif liderləri masqaraya qoymuşdular).

...İndi təsəvvür edin, Kiprin sahil şəhəri Girnə, gecə saat 4, kafe bomboş, iki nəfər oturmuşuq – mən və Sirus Təbrizli. O danışır, mən dilimi dişimə tutub qulaq asıram. Zorən, könülsüz. Çünki qeybətini qırmadığı adam qalmadı. Hətta YAP-çı həmkarlarının, çiyindaşlarının da...

Uşaqlığı ilə xatirələri də onda eşitdim. Dəcəl uşaqlığı haqda. İndi onları açıb-tökməyin zamanı deyil. Amma elə onda da Sirus Xudadat oğlu Zindədi Təbrizliyə ləqəb verdim: “YAP-ın dəcəl uşağı”

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı