Modern.az

Satrap təfəkkürü

Satrap təfəkkürü

کشور

10 Sentyabr 2013, 13:57

Soyadları milliləşdirmək, həm də müstəmləkə şüurundan qurtarmaqdır

Milli soyadların qəbulu ilə bağlı məsələ yenə də yubanır. Milli Məclisin Mədəniyyət komitəsinin hazırladığı qanun layihəsi hələ müzakirəyə çıxarılmayıb. Mövcud qanunvericiliyə görə, vətəndaş soyad sonluğunu, ata adını və adını dəyişmək üçün məhkəməyə müraciət etməlidir. Kifayət qədər sosial problemi olan vətəndaşın soyad sonluğundan ötrü məhkəməyə müraciət edəcəyi real deyil. 1992-ci ildə Milli Məclis analoji qərar qəbul etmişdi. Amma o zaman da bu qərar islahat xarakteri daşımırdı. Sadəcə, qanunda göstərilirdi ki, milli soyadlar bunlardır və vətəndaş bunlara uyğun soyadını yazdırmalıdır. O zaman soyadların dəyişdirilməsi üçün bir sıra bürokratik əngəllər vardı. Vətəndaş bir neçə dövlət qurumuna müraciət etməli idi.  Bu gün gün həmin prosedur dəyişməyib. Soyadların dəyişdirilməsi ilə bağlı bir sıra təkliflər var. Onlardan biri bu məsələnin vətəndaşlaırn öhdəsinə buraxılmasıdır. İlk baxışda demokratik görünsə də, bu, problemin həllinə yardım etməyəcək. Azərbaycan cəmiyyəti mühafizəkar cəmiyyətdir, üstəlik, fərdi təşəbbüskarlıq zəifdir. Bu baxımdan heç kim öz təşəbbüsü ilə soyadını dəyişməyə çalışmayacaq. Azərbaycan cəmiyyəti kampaniyaçılığa meyllidir, bu üzdən  tanınmış ziyalılar bu addımı atsalar, bəlkə də   effektli nəticə almaq olar. Ən yaxşı yol, dövlətin islahat aparmasıdır. Mərhum jurnalist, tarixçi alim Qeyrət Quliyev yazırdı ki, 1992-ci ildə prezident Əbülfəz Elçibəyə iki təklif verib. Təkliflərdən biri  vətəndaşların mənzillərinin özəlləşdirilməsi, o birisi isə soyadların milliləşdirilməsi ilə bağlı imiş. Mərhum həmkarımız inanırdı ki, iki sərəncamla bu problemi həll etmək mümkün imiş. 90-cı illərin əvvəllərində bunu etmək mümkün idi. O zaman Azərbaycan hələ Avropa təşkilatlarının üzvü deyildi. Beynəlxalq təşkilatların üzvü olduqdan sonra dövlətin bu cür həssas, etnik azlıqları qıcıqlandıracaq addımları birmənalı qarşılanmaya bilərdi.

Tarixi fürsət əldən buraxılıb, amma gec deyil. İslahat zorla atılan addım, yönləndirici inzibati tədbir  deyil. Öncə kütləvi təbliğat, maarifləndirmə işləri aparılmalı, sonra qanun qəbul olunmalıdır. Qanun layihəsində Azərbaycanda yaşayan bütün etnoslar uyğun soyad sonluqları var. Məsələn, irandilli xalqlar üçün (talışlar, tatlar) türk lı, li, lu, lü, soy, soylu kimi soyad sonluqları məcburi deyil. Onlar zadə sonluğunu götürə bilər. Ölkədə yaşayan slavyan mənşəli xalqlar ov, yev, ski, skaya-nı saxlasınlar. Məsələn, milli futbol yığmasının oyunçusu Aleksandr Çertoqanov Çertoqanlı, Çertoqanzadə ola bilməz. O elə öz soyad sonluğunu saxlasa yaxşıdı.

Soyadların milliləşdirilməsi haqqında o qədər yazılıb, o qədər deyilib ki, artıq bəzi adamlarda ikrah hissi də yaranıb. Bu, təbiidir. Çünki soyadı islahatı bu qədər ləngiməməli idi. İctimai şüurda proses artıq geriyə doğru getməyə başlayıb. Milli düşüncəni kosmopolit düşüncə əvəz edir. Bir zamanlar imzasına “bəyli”, “xanlı” əlavə etmiş adamlar artıq “zadə” olmağa başlayıblar. Bu, ziyanlıdır! Ondan da ziyanlısı şüurlarda “Sovet nostalgiyasının”, “SSRİ dönəminin xoş çağlarının” baş qaldırmasıdır. Müstəqillik təkçə inqibati sərhədlərin ayrı olması deyil. Həm də dilin, əlifbanın, adların, soyadların milli olması, müstəqil olmasıdır. Biz sərhədləri ayırdıq, əlifbanı dəyişdik, amma rus dilli təhsil və rus soyadı qalır. Rus dilli təhsil rusqafalı gənclik yetişdirəcək. Rus soyadlı gəncin isə Romanova, Kutuzova, Sisianova rəğbəti qalacaq, onları özgə hesab etməyəcək.  Cavad xan Ziyadoğlu, Nəsib bəy Yusifbəyli ona yad olacaq. Ov, yev soyadı qaldıqca, Medvedev, Putin, Lavrov soyadları bizə yad səslənməyəcək. Deyirlər, qul azad edildikdə belə ruhən azad ola bilmir, ağa boyunduruğuna meylli olur. Əgər bizdəki ov, yev sevgisinin səbəbi budursa, deməli, müstəqilliyimizə təhlükə qalır. Uzun sözün qısası, ov, yev-i saxlamaq satrap, canişin təfəkkürüdür və biz dövlət müstəqilliyimizin əbədi olmasını, ictimai şüurda daşlaşmasını istəyiriksə, bundan qurtulmalıyıq! 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı