Modern.az

İslam dini və cəmiyyət

İslam dini və cəmiyyət

کشور

20 Fevral 2014, 12:57

Hər zaman xeyirlə şərin mübarizəsi gedib.  Bü gün də  bu mübarizə davam edir.  Əslində islam əleyhinə aparılan uzunmüddətli  bu soyuq müharibə  həmin mübarizənin tərkib hissəsidir. Hansısa  azərbaycanlı  Suriyada  gedib vuruşursa  bunun  islam dininə  nə dəxli var. Bəzən  dünyanın müxtəlif şəhərlərində terror, qətl hadisələri törədirlirsə bunu da  din faktoru ilə bağlamaq cəhdləri olur.  Bəs, bunun səbəbləri nədir? İslama qarşı aparılan bu müharənin kökündə nə durur?

 

Ümumilikdə, götürəndə islam dinini hədəf seçən, onu gözdən salmağa çalışan qüvvələrin mövcudluğu şübhə doğurmur. Həmin qüvvələrin fəaliyyətinə münbit şərait yaradan kifayət qədər səbəblər var. Bu da  müsəlman cəmiyyətlərində  dərinləşən  dini savadsızlıq,  bu savadsızlıqdan yaranan  cahillik və s. səbəblərdir.

 Azərbaycanda hələ ötən əsrin 30-cu illərindən başlayaraq totalitar rejim dövründə  bir çox dəyərli ziyalılar, həmçinin çox savadlı dindarlar məhkəməsiz, qondarma ittihamlarla qətlə yetirildilər və yaxud sürgün edildilər. Nəticədə  cəmiyyətdə uzun müddət dinsiz mühit hökm sürdü. Nəhayət,  90-cı illərdən başlayaraq islama, dini təhsilə meyl yenidən artdı. 

Bu boşluqların doldurulmasında bir sıra müsəlman ölkələrinin bəzi dairələrinin maraqlarına xidmət edən dini məktəblər Azərbaycanda  paytaxtla bərabər regionlarda da  fəaliyyətə başladılar. Bir çox hallarda xoş məramdan xəbər verməyən bu dini məktəblər həmin xarici dairələrin maraqlarına uyğun  gənclər yetişdirirdilər. Müxtəlif dini  məzhəb ayrı seçkiliyinin mənasızcasına qabardılması, gələcək üçün təhlükə yaradan  dini görüşlərlə beyinlərin doldurulması  bir çox təhlükələrə yol açmalı idı.  O zaman  belə dini məktəblərin açılmasına, azyaşlı uşaqların orada təhsil almasına təbii yanaşılırdı. 

Əgər  xoş məramla, sivil bir islamın inkişafına dəstək verəcək addım olsaydı  bu təhsili müsbət qarşılamaq olardı. Ancaq həmin məktəblərdə  və həmçinin müsəlman ölkələrində təhsil alıb geri dönən  azərbaycanlı gənclərin dini baxışlarına  nəzərdə salanda aydınca hiss olunur ki, bu dindarlar təhsil aldığı  ölkələrin dini təsir dairəsindədirlər. Bütün bunlar yaxşı olmayan perspektivdən xəbər verirdi. Əslində  bu faktorlar partlamayan minalardır. Məqamı gəldikcə öz fəsadlarını verir.

Müqəddəs yerlər boş qalmır. Bu boşluğu nə isə tutmalıdır. Ona görə,   Azərbaycanın maraqlarına uyğun sivilizasiyalı islamın maarıfçiliyi genişlənməlidir. Bu maarifçilik ən əsası  TV-lərlə, media ilə  bərabər,  Azərbaycanın təhsil sistemindən, orta məktəblərdən başlanmalıdır. Həmçinin  valideynlər də fərqində olmalıdır ki, onların övladları hansı məqsədlərlə kimin yanındadır. Əgər buna gücləri çatmırsa, heç olmasa zamanında  məsələni ictimailəşdirməlidirlər.

Məlumatlandırma ən yaxşı silahdır. Nadan, cahil gənc isə  çox qorxuludur.  Əgər zamanında  həmin gənclər məlumatlı olsaydı, yəqin ki, kiminsə təsir dairəsinə düşüb  Suriyaya, Əfqanıstana və başqa haralarasa mənasız ölümlə getməzdilər. Axı  öldürmək üçün, ölmək üçün yer var.  Bu məkanda Qarabağdır. “Zalıma, qaniçənə mərhəmət göstərmək özü zalımlıqdır”. -ifadəsi  islamda  qeyd olunub. Xocalıda, Qarabağın  digər şəhərlərində ermənilərin  törətdiyi vəhşiliklərə etinasız yanaşmaq olar? Əgər cihad tələb olunursa bunu  Xocalı soyqırımını torədənlərə qarşı etmək lazımdır.

Onu da qeyd edək ki, islam dini  bir mədəniyyət, elm dini olmaqla bərabər sivilizasiyalı düşüncə deməkdir. İslam dini  insanları ən ali varlıq kimi dəyərləndirir, ona  qiymət verir. Deməli, dünyanın  bəzi dairələri istisna olmaqla islami  dəyərlərə, ən əsası ilahi eşqə yaxınlıq, meyl  xeyli  güclüdür. Bu yaxınlıq  insan faktorunda,  insana  dəyər kimi baxılmasında  özünü büruzə verir.

Müqəddəs  kitabımız olan Qurani-Kərimin  49-cu surəsinin 13-cü ayəsində  yazılır:  “Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara  və qəbilələrə ayır­dıq ki, bir-birinizi tanıyasınız”. Quranın  bu ayəsinin təsirindən  BMT-nin  İnsan  Hüquq­ları Bəyannaməsinin birinci maddəsi  yaranıb.

 Həmin  sənəddə göstərilir: “Bütün insanlar öz hüquqları  etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilmişdir  və onlar qardaşlıq münasibətində olmalıdırlar”.  Bu da  islam  dininə istinad olun­maqla  insana verilən  dəyərdir, ilahi eşqin təzahürüdür. İsla­mi dəyərlərin əbədi olduğu daha qabarıq şəkildə önə çəkilir. Bu da insani dəyərlərə və islam sivilizasiyasına bir xidmətdir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı