
Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze dünən 86 yaşında vəfat edib. Modern.az saytı prezidentin müşaviri və xidməti rəis müavini olmuş İmir Məmmədli ilə mərhum prezident haqqında təəssüratlarını öyrənib.
Qeyd edək ki, İmir Məmmədli hazırda Azərbaycanda İctimai radionun Ədəbiyyat və İncəsənət departamentinin direktorudur.
Heydər Əliyev və Şevardnadze
İmir Məmmədlinin sözlərinə görə Şevardnadze Azərbaycanı hər zaman sevib. “Siyasətçi kimi Azərbaycana, Azərbaycan xalqına hər zaman xoş münasibət bəsləyib. Onun öz dilindən Azərbaycanın mərhum prezidenti Heydər Əliyev haqqında eşitdiyim fikirlər heç vaxt yadımdan çıxmayacaq. O deyirdi ki, hələ Sovet dövründə Gürcüstana birinci katib vəzifəsinə gələndə siyasi idarəçiliklə bağlı bir çox şeyləri Heydər Əliyevdən öyrənib. Şəxsi görüşlərindən tutmuş rəsmi görüşlərə qədər Heydər Əliyevdən çoxlu məsləhətlər alıb. Şevardnadze ilə bütün görüşlərimizdə Azərbaycan haqqında belə söhbətlər eşidirdik”
Gülərüz və mehriban prezident
“Şevardnadze həm də güclü yumor hissinə malik siyasətçi olub. O həmişə deyirdi ki, “yumor intellektin göstəricisidir”. Şevardnadze ən çətin məqamda belə, yumor hissini itirmirdi. Şevardnadzenin qeyri-adi xüsusiyyətlərindən birini vurğulamaq istərdim. Yadımdadır, onun bacısı rəhmətə getmişdi. Silahdaşları ilə birlikdə ona başsağlığı verməyə getmişdik. Həmin ərəfədə Gürcüstanın “Ədəbiyyat” qəzetinin bir səhifəsində azərbaycanlı şair olaraq gürcü dilində şeirim çap olunmuşdu. Başsağlığı verməyə gedəndə 7-8 nəfər Şevardnadzenin oturduğu otağa keçdik. Sıra ilə başsağlığı verərkən növbə mənə də çatdı. Əlindən tutub üzündən öpüb asta səslə, “sizin kədərinizə şərikəm” deyəndə Şevarnadze mənə “təşəkkür edirəm, dünən qəzetdə şeirlərini oxudum, nə gözəl şeirlər idi!” söylədi. Hətta dar məqamda sevimli bacısının dəfnində belə, insani keyfiyyətini itirməmişdi”.
“Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirdi”
“Prezidentlikdən gedəndən sonra onunla evində bir neçə dəfə görüşdük. 80 illik yubileyinə şəxsən məni də dəvət etmişdi. Onun birmənalı olaraq Dağlıq Qarabağla bağlı bir mövqeyi var idi. Yəni “dərdlinin dərdini dərdli bilər”. Gürcüstanın Abxaziya və Osetiya problemi olduğuna görə Azərbaycanın dərdini başa düşürdü. Bütün müshibələrində Dağlıq Qarabağla bağlı açıq və ya gizli şəkildə də olsa Azərbaycanın mövqeyini dəstəkləyirdi”.
Şevardnadze Tofiq Quliyevə nə dedi?!
“Şevardnadze ilə bağlı çoxlu xatirələr var. Onlardan bir neçəsini danışmaq istərdim. Bir dəfə mərhum prezident Heydər Əliyev Gürcüstana səfər edir. Gürcüstanda prezidentlər üçün ziyafət təşkil olunur. Bəstəkar Tofiq Quliyev də orda olur. Tofiq müəllim mikrofona yaxınlaşaraq, prezidentlərin şərəfinə badə qaldırmaq istəyir. Bu arada Tofiq müəllim bir-iki dəfə Gürcüstan prezidentinə müraciət edərək, “Eduard Amvrosiyeviç” demək istəyib, amma çətinlik çəkib. Şevarnadze də ona deyir ki “həyəcan hissi keçirməyin, bu sözü demək mənə də çətindir”.
Onunla olduğum müddətdə bir dəfə görmədim ki, hansısa hadisəyə yumor hissi olmadan cavab versin. Bir dəfə Türkiyədən səfərdən qayıdırdıq. Hava çox yağmurlu idi. Qəflətən təyyarə yerində silkələndi. Sanki təyyarəmizi ildırım vurdu. Təyyarədə olanların hamısı dəhşət içində idi. Elə bildik ki, son məqamımızdır. Hamımız təşviş içində idik. Amma Şevardnadze yerindən tərpənmədi. Bizə üzünü tutaraq “bizim qismətimizə ölmək burda yazılıbsa, burda da öləcəyik” dedi. Həddən artıq cəsur insan idi. Şevardnadze uzun illər SSRİ-də xarici işlər vəzifəsində çalışıb. Həmin müddətdə belə hadisə baş verir: Şevardnadze Reyqanın prezidentliyi dövründə Amerikaya səfər edir. Həmin vaxt gürcü xəncərini çıxarıb stolun üstünə qoyur və deyir: “Biz silahımızı qoyduq yerə, indi sizin növbənizdir. Yəni siz də tərksilah olmalısınız”. Şevarnadzenin bu qədər istedadlı olduğunu görən Reyqan Qorbaçovdan soruşur ki, “Eduard kimi müdrik bir insanı necə tapdınız?”.
Namidə BİNGÖL