Dostlar, dünya o qədər qarışıb ki, bilmirsən, nədən – hansı dərddən, hansı problemdən, hansı faciədən yazasan? Yeni təqvim ilində də köhnə dərdlər, problemlərin çoxu yerində qaldı. Üstəlik, 2015 “iməkləməyə” başlamamış təzə-təzə faciələr oldu, şər qüvvələr yeni-yeni problemlərin bünövrəsini qoydu. Hər yeni ildə olduğu kimi, bu il də çoxumuz sadəlöhvcəsinə ümidlərimizdən özümüzə “gül dəstəsi” bağlayırıq; filan problem həll olacaq, filan ölkə dağılacaq və biz gələn yeni ili Şuşada qarşılayacağıq və s. Amma necə deyərlər, köhnə hamam, köhnə tas.... Qarabağ torpağı erməni əsirliyində... 1990-cü illərdən bəri Ermənistanda, Xankəndində saxlanılan əsirlər, o cümlədən son Kəlbəcər girovları da bizlərdən imdad diləyir... Düzdü, insan hər zaman nikbin, ümidli olmalıdır. Amma özümüz –özümüzü mənən dəyişmiriksə, yeni ilə elə həmin nimdaş mənəviyyatla gediriksə, nə dəyişəcək... Əgər “Yeni il” dediyimiz ,sadəcə, bir gün dəyişməsini rus “alkaşları” sayağı Allahın haram buyurduğu içki ilə “qeyd edib”, günlərlə butulkanı qucaqlayıb yatırıqsa, hansı yenilikdən danışa bilərik?
Söhbət ondadır ki, ətrafımızdakı dünyanın müsbətə doğru dəyişməsi üçün hər birimiz həyata baxışımızı dəyişməliyik... Baş verənlərə Quran məntiqi ilə yanaşdıqda olay və proseslərin ümumi mahiyyətini anlayaraq Şərə bacardığın qədər müqavimət göstərməklə yaşamını davam etdirirsən. Ancaq gerçək həyata bayağı şou və reklamlarla dolu teleekrandan, yaxud altındakı“Mersedes”, ya “Prado”nun pəncərəsindən boylanırsansa, onda, sözsüz ki, azırsan. Nəfsinə hakim olmuş puç dünya arzularına, varlanmaq, “ 5 günlük dünyada kef çəkmək” hədəflərinə çatmaq üçün kələkbaz, oğru, qumarbaz, “topaz”baz, terrorçu, İŞİD-çi, ən ”yaxşı” halda rüşvətxor məmur və ya fırıldaqçı biznesmen olursan.
İŞİD-dən söz düşmüşkən... Çox düşünüb-daşındıqdan sonra baxdım ki, 2014-cü ilin yayından bəri ildırım sürətilə informasiya məkanını zəbt etmiş, yüz minlərlə insanın qətlinə, didərginliyinə, qalanların isə qorxudulmasına, azdırılmasına səbəb olmuş İŞİD terror qruplaşmasının davranışları yer üzündəki olayların mahiyyətini həm dünyəvi, həm də ruhani baxımdan daha çox açır. Elə Avropa da 2015-i İŞİD-in Paris “təbriki” ilə başladı...
Odur ki, növbəti yazımı məhz bu mövzu ətrafında qurmaq qərarına gəldim.

İndi artıq Amerikada, Avropada dəb düşüb: harda kimin burnu qanasa, o saat deyirlər:”İŞİD-in işidi”... Oralarda da adi vətəndaşların çoxu bilmir ki, İŞİD-i yaradanlar elə ona qarşı guya mübarizə aparanların özləridi. İŞİD deyən kimi də xaçpərəstin də, yəhudinin də, krişnaçının da yadına İslam, müsəlmanlar düşür. Di gəl ki, bu düşüncə sahiblərinə sübut edə bilmirsən ki, elə İŞİD- də, Peyğəmbərimizin(s) və İŞİD-in lənətullah liderinin karikaturasını çəkən fransız jurnalı da eyni mərkəzdən idarə olunur... Amma bu da Allahın bir ibrət dərsidir ki, Rusiya və Ermənistan xristian təqvimi ilə qeyd edilən yeni il bayramının “paxmel”indən ayılmamış xaçpərəst rus əsgəri xaçpərəst erməni ailəsinin 6 üzvünü qətlə yetirdi. Artıq bunu heç kimsə İŞİD-in adına yazaraq müsəlmanların boynuna yıxa bilməz... Elə ötən ay 25 illiyini qeyd etdiyimiz 20 Yanvarı və bu günlərdə növbəti qara “yubileyi”ni qeyd edəcəyimiz Xocalı soyqırımını da və s. İŞİD törətməyib... Heç bu gün Ukraynada iki xristian və slavyan xalqın qarşılıqlı qırğını da İŞİD-in, yaxud hansısa “müsəlman” terrorçu təşkilatının işi deyil... Elə dünya bazarında neftin ucuzlaşması, Rusiyada rublun, Azərbaycanda manatın “ölməsi”və bahalaşma da İŞİD-in işi deyil...
Məqsədimiz heç də İŞİD-in əməllərinə haqq qazandırmaq deyil. Bəli, İŞİD-in Adəm övladının zehniyyətində bir xof yaratması həqiqətdir. Amma Həzrət Əlinin(ə.s.) təbirincə desək, əsl insanın ən çox qorxduğu şey günahları olmalıdır... İŞİD kimi qorxu yayımlayan qurumlar da elə bəşərin öz bətnindən doğulub. Və onun atası - Allaha Qiyamət gününədək bəndələri yolundan çıxarmağı vəd etmiş İblis, anası isə ümumilikdə bəşər əhlinin nəzarət edə bilmədiyi nəfsidir. Deməli, İŞİD cəmi günahlarımızın məcmuyundan törəyən şər qurumlardan biridir ki, Allah-təala növbəti imtahan üçün qarşımıza çıxarıb. Odur ki, ondan qorxmağa dəyər...
Bu gün biz İŞİD terrorundan həlak olanlara bədbəxt kimi baxırıq. Əslində bəlkə də onlar Allah dərgahında ən xoşbəxt adamlardır ki, bu dünyanın günahlarından canları qurtarır və güman ki, bir çoxları şəhid adı qazanaraq cənnətə “putyovka” əldə edirlər. Vay bizim – bu saysız-hesabsız günahlarla, haramlarla dopdolu dünyada yaşamını davam etdirənlərin halına! Hələ neçə-neçə günahlar törətmək, haramlara yiyələnmək və s. “şans”ımız var. Hələ belə davam edərsə, neçə İŞİD-ə bənzər qruplar yaradacağıq... Vay bizlərin halına ki, yekəxanalıqdan, tənbəllikdən Allahın qarşısında başımızı yerə qoymuruq və nəticədə erməninin, İŞİD-in, rüşvətxor nazirin, başçının, məmurun qarşısında tir-tir əsib baş əyirik. Vay bizlərin halına ki, həyata yanlış baxışlarımız bizi aldatdığından bəzən tamahımıza uyub, emosiyalara qapılıb özümüzə, bir-birimizə ermənidən də, İŞİD-dən də betər qənim kəsilirik. Məgər son 10-15 ildə gündən-günə artan intiharlar, qətllər, oğurluqlar, avtoqəzalar və s. yalnız “Daşnaksütyun”un, PKK-nın, “Əl-Qaida”nin, yaxud İŞİD-in işidi? Elə cəmi 8-9 milyonluq Quzey Azərbaycanda hər gün neçə-neçə qətl, intihar, oğurluq, qəza və s. baş verir. Yalnız ötən ilin oktyabrından bəri baş vermiş kriminal hadisələrə nəzər etsək, görərik ki, özümüzün-özümüzə qarşı etdiyimiz vəhşiliklər heç də daşnakların Bakıda, Xocalıda, İŞİD-in Suriyada, İraqda törətdiklərindən geri qalmır. Biri körpə, qadın daxil olmaqla öz 7 həmkəndlisini amansızlıqla öldürür, o biri qardaşını, digəri anasını, başqa biri oğlunu, atasını, gəlinini, körpə nəvəsini və s. qətlə yetirir. Bakıda bacının bacının “uf” demədən başını kəsməsi isə artıq ölkədəki vəhşətin kulminasiya nöqtəsi kimi bütün cahana səs saldı... Məgər həmin bacı qatili, ya gəlinini və nəvəsini bircə dəqiqədə öldürən qaynana, ya qaynını bir DVD üstündə qətlə yetirən yeznə İŞİD-çi, yaxud daşnak erməni idi? Xeyr. İraq, Suriya, Əfqanıstan kimi ölkələri bir yana qoysaq, yalnız Azərbaycanda deyil, ABŞ, Fransa, Almaniya kimi “sivil” dediyimiz ölkələrdəki gündəlik baş verən qətlləri və s. törədənlər adi, özü də çox vaxt normal psixikaya malik “insan” adlanan canlılardır. Deməli, qatili, oğrunu, narkomanı və s. yetişdirən öz azmış nəfsimizdir ki, onun da azmasına səbəb İblislə, nəfsi-əmmarəmizlə yanaşı, həm də Peyğəmbərimizin(s), imamlarımızın dövründən sonra tədricən yüz illər boyu formalaşan yanlış təlim-tərbiyə, təhsil sistemidir. Hazırda dünyanın demək olar ki, heç bir ölkəsində Allah qanunlarına tam cavab verən təhsil sistemi yoxdur. Dünyəvi təhsil sistemi sanki uşaqlıqdan Allahı insana unutdurrmağa çalışır. Odur ki, insan öz ruhaniyyətindən, mənəviyyatından getdikcə uzaqlaşan, öyrəndiyi elm və bilgini də yalnız öz maddi, iqtisadi və ya siyasi maraqları xatirinə istifadə edən zombiləşmiş bir məxluqa çevrilir. Belə bir məxluq isə öz nəfsani istəklərini doyurmağa şərait tapmadıqda asanlıqla faşistə, sionistə, İŞİD-çiyə, PKK-çıya və s. dönə bilir...
Ümumiyyətlə, ruhani-mənəvi və dünyəvi müstəvilərdə yanaşdıqda cəmiyyətin hər hansı üzvünün psixi baxımdan radikallaşaraq özünün, yaxud başqalarının qatilinə çevrilməsini, kriminal, terrorçu və ya digər antibəşəri qruplara qoşulmasını əsasən aşağıdakı amillər təmin edir:
-İnsanın doğuluşundan fitrətindəki hədsiz tamah, başqalarından üstünlük, hakimiyyət hərisliyi və amansızlığa meyillilik.
-Fərdin yaşadığı ölkədə öz normal yaşamını təmin edə bilməməsinə səbəb olan sosial-iqtisadi, siyasi, mənəvi-ideoloji şərait: halal yolla minimal həyat şəraiti yaratmağa mühitin olmaması, rüşvətxorluq, korrupsiya, avtoritar, totalitar mahiyyətli rejimlərdə formalaşan yaltaqlıq, simasızlıq və s.
-Təhsilin, elmin zəifliyi nəticəsində insanlara Allahın, yaradılışın, dinin mahiyyətinin, həyatın mənasının doğru aşılanmaması səbəbindən beyinlərdə yaranan ideoloji boşluq...
Təbii ki, 2-ci və 3-cü amillərin güclü olduğu məkanlar terrorçu qruplar üçün “xammal” mənbəyinə çevrilir. Cəmiyyətin kriminallaşmasına, terrorçuların çoxalmasına şərait yaradan sosial-iqtisadi mühitin formalaşmasında hakimiyyət, vəzifə kreslosuna yiyələnmək üçün hər kəsi tapdamağa, vətəni, xalqı satmağa hazır olan məxluqlar böyük rol oynayır. Məgər hansısa məmuru İŞİD məcbur edir ki, məsələn, dövlət büdcəsindən ayrılmış vəsaiti istədiyi kimi xərcləsin...
Onu da vurğulamaq lazımdır ki, bəzi partiya, QHT, yazarların can-fəşanlıqla cəmiyyətə sırıdığı Amerika, Avropa demokratiyası da ədalətlilik etalonu ola bilməz. Əksinə, “qloballaşma”, “inteqrasiya” adı altında gedən proses, olay və “rəngli inqilablar”ın cəmiyyətlər üzərində maliyyə və informasiya diktaturası quraraq insanlara verdiyi azadlıq əslində onları öz nəfslərinin quluna çevirməkdədir. Ən acınaqlı və qorxulu amillərdən biri də odur ki, zaman keçdikcə “demokratik” dövlətlər Allaha tam zidd həyat tərzi sürən mənəviyyatsız, əxlaqsız cinsi azlıqların idarəçiliyinə verilir...
Bəs bu dəhşətlər, zülmlər nə qədər davam edəcək? Sözsüz ki, böyük mənada Xeyirlə Şərin mübarizəsi yalnız Qiyamət qopan anda bitəcək. Amma unutmayaq ki, Allah qarşısında əsas borclarımızdan biri bacardığımız qədər Şərlə mübarizə aparmaqdır. Və Şər də, Xeyir də öz nəfsimizdə, qəlbimizdədir... Mübarizənin yolları isə, zənnimcə, bunlardır:
-Uşaqlıqdan insanlara ailədə, bağçalarda və orta məktəblərdə Allahın və Yer üzündəki həyatın həqiqi mahiyyətini anlatmaq. Bunun üçün xüsusi fənn-filan “kəşf” edib dini dərslər adlandrmaq lazım deyil. Elə Azərbaycanda mövcud “Həyat bilgisi” fənni çərçivəsində dərslərə daha çox öncə islami, sonra isə digər dinlərlə bağlı bilgilər daxil etməklə, amma tədricən bu tədrisə uyğun kadrlar yetişdirməklə həll etmək mümkündür. Yalnız Quran oxumağı öyrənmək üçün xüsusi dərslər ayırmaq mümkündür.
- Orta məktəbi bitirən gənclər xüsusi test-imtahandan keçirilməli, onların mənəvi duyğularındakı çatışmazlıqlar üzə çıxarılmalı və bunlar islah edilmədən bu cür insanların, dövlət məmuru, ruhani, müəllim, həkim, polis, zabit, xüsusi xidmət əməkdaşı və s. kimi mühüm, strateji ixtisas və peşələrə yiyələnməsinə imkan verilməməlidir.
- Ali təhsil ocaqlarını bitirib işə girməyə hazırlaşan gəncləri, xüsusən dövlət qulluğuna gedənləri mövcud bilgi imtahanları ilə yanaşı, öncə qeyd etdiyimiz ruhi-mənəvi test-imtahandan da keçirilməlidir (Bir sıra ölkələrdə, o cümlədən Rusiyada bu sistem tətbiq olunmaqdadır).
- Yalnız gənclər deyil, hətta sözügedən mühüm post, vəzifə və ixtisas sahibləri də yaşlarından asılı olmayaraq ən azı ildə bir dəfə ruhi-mənəvi test-imtahandan keçirilməli və onların islah olunması üçün ən əqidəli ruhani, alim və ziyalıların çalışdığı xüsusi kurslar təşkil edilməlidir.
- Terrorçu qruplara qoşulmuş və sonradan səhvini etiraf edərək geri dönmüş, yaxud əməliyyatlar zamanı dövlət orqanları tərəfindən həbs edilmiş şəxslərin islahı üçün xüsusi ruhi-mənəvi reabilitasiya mərkəzləri yaradılmalıdır.
Və s.
Biz özümüzü hamıdan ağıllı sanmırıq. Hər kəs öz təklifini verə bilər... Oğlunun, qızının, nəvə-nəticəsinin gələcəyini düşünən hər bir valideyn əgər gündəlik pul qazanmaq, nəfsini doyurmaq ehtirasından, özünü, yaxud övladını nə yolla olur-olsun “çörəkli”(oxu: rüşvətli) vəzifələrə itələmək həvəsindən ayılıb ayıq başla düşünməsə, əlbəttə, işimiz İŞİD-siz-filansız da fırıq olacaq... Hər birimizə nəfsimizlə savaşda qalib olmağı arzu edək ki, yalnız bundan sonra ermənizmə də, İŞİD-ə də, rüşvətxorluğa da, iqtisadi böhrana da qalib gələ bilərik... Allah amanında...