Modern.az

Ayıların seçki qələbəsi

Ayıların seçki qələbəsi

Ülke

13 Noyabr 2010, 23:21

Parlamentdə bir deputat var, gəlməsə də, görməsək də, o, bizim deputatdı…

Özümü o qədər günahkar sayıram ki, heç bilmirəm rəhmətlik ayı məni bağışlayacaq, ya yox. Yadıma gəlir, 4 il bundan əvvəl Qəbələ rayonunda nahar etmək üçün getdiyimiz restoranın həyətində qəfəsdə saxlanılan ayıya mən də “Koka-kola” içirtmişdim. Bu yaxınlarda eşitdim ki, qəfəsdəki o ayı “kola” içib və bir neçə gündən sonra ölüb. Mənə elə gəlir ki, bu, elə həmən ayıdır. Bu binəva ayının ölümü heyvanlar aləminə azadlıq bəxş elədi. Məhz həmin ayının ölümündən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi düşüb restoranların canına və qəfəslərdə nə qədər ayı, canavar, dovşan saxlanılırsa, alıb meşəyə buraxırlar.

Elə bilməyin ki, ayının ölümünü və heyvanların azadlığa çıxmasını biz gündəmə gətirdik. Bunu Azərbaycanda parlament seçkilərini izləməyə gəlmiş ingilislər bizdən yaxşı gördü və dünyaya səs salaraq ayıya “kola”içirtməyi vəhşilik adlandırdılar. Maraqlıdır, görəsən ingilislərin düşüncəsinə görə, əgər ayının kola içməyi vəhşilikdirsə, onda bizim kola içməyimizin adı nədir? Nə isə.

Bu ingilislər restoranda oturanda təsadüfən həmən ayını görüblər və yaxınlaşıb görüblər ki, kimsə ayı ilə məzələnərək ona “kola” içirdir. Səhərisi gün ingilislər yenə həmən restorana gələndə görüblər ki, ayı yoxdu. Restoran işçilərindən ayını soruşanda məlum olub ki, ayı dünyasını dəyişib, qəfəsdə ac və “kola”nın ümidinə qalmaqdan canının qurtararaq haqq dünyasına qovuşub. Bu hadisədən dəhşətə gələn ingilislər ayının dərisinin şəklini çəkib Britaniya mətbuatda çap elətdiriblər və elə bundan sonra aləm bir-birinə qarışıb. Deyirəm, budəfəki parlament seçkilərinin heyvanlara da bir xeyiri oldu. Yoxsa mənşəyi neçə illərdir heç kəsə bəlli olmayan “Koka-kola” hələ çox heyvanın axırına çıxacaqdı. Demək ki, parlament seçkiləri çox vacib məsələ imiş. Bizim keçmiş hərbi komissar və keçmiş deputat Aydın Həsənov isə hələ deputat olanda deyirdi, yenidən parlament seçkiləri keçirməyə ehtiyac yoxdur, elə deputatların hamısı «yaxşı oğlanlardılar» və qalıb yenidən deputat ola bilərlər. Aydın Həsənov demişdi: «O boyda xərc çəkib seçki keçiririk, xaricdən gələnlər də yeyib-içik keflərini çəkirlər, axırda da gedib Azərbaycanı tənqid edirlər. Ondansa, gəlin heç seçki keçirməyək və xaricilər də bizi tənqid eləməsin».
Oxudunuzmu Aydın Həsənovun dediklərini? O vaxt Aydın müəllimin çıxışını tənqid elədilər, amma ayıların xilasından sonra belə çıxır ki, kişi nə qədər haqlı imiş. İngilislər gəldilər, yedilər-içdilər, axırda da gedib bizi biabır elədilər ki, Azərbaycanda ayılara “kola” içirdirlər. Amma demədilər ki, dünyada elə adam var ki, heç “kola”nın üzün də görməyib, lakin Azərbaycanda ayılar da “kola” içir.

Deputatlardan söz düşmüşkən, bir-iki məsələyə də münasibət bildirək, sonra dünyanın işini bilmək olmaz, hər gün “kola” içirik, axırımız necə olacaq hələ bilinmir. Bir gün Yeni Azərbaycan Partiyası (YAP) namizədlərin siyahısını açıqladı, məlum oldu ki, Əhəd Abıyevin adı siyahıda yoxdur. Üstündən bir neçə gün keçmişdi, Əhəd Abıyevlə rastlaşdıq. Dedi, namizədliyim irəli sürülmədiyi üçün çox adam məndən uzaq qaçır, zənglərimə cavab vermir. Bu söhbətin üstündən bir həftə keçəndən sonra eşitdim ki, Əhəd Abıyev müstəqil şəkildə namizədliyini irəli sürüb. Zəng elədim, hal-əhval tutduq. Dedi, həmin adamlar özləri zəng edirlər ona, gəlib görüşürlər. Fikirləşdim ki, bu, elə belə də olmalı idi. Deputatsansa səni sayırlar, deputat deyilsənsə, kimə lazımsan?
İndi mən tam əminəm ki, Əhəd Abıyevi jurnalist Nahid Canbaxışlı və Rəşad Baxşəliyevdən başqa heç kim axtarmır. Bir çox deputat var ki, onları seçicilər həmişə axtarırlar, amma tapa bilmirlər. İndi görək, parlamentin yeni tərkibində hansı deputata «itkin deputat» adı veriləcək.

Görəsən, bu sözlər kimə aid olacaq? – Orada bir deputat var, gəlməsə də, görməsək də, o, bizim deputatdır…

P.S. Bu axırıncı cümləni şüar kimi səsləndirən və öz deputatını danmayan bir kişi seçkiyə iki gün qalmış gəlib Milli Parkda etiraz aksiyası keçirmişdi. Mənə onun fotolarını da göstərdilər. Həmin bu kişi YAP-ın üzvü imiş. Dayanıb Milli Parkda saatın yanındakı fəvvarənin qarşısında və başlayıb qışqıra-qışqıra soyunmağa: «Ay camaat, seçkiyə getməyin, onsuz da hamı bilir kim seçiləcək. Asfalt çəkənlərə aldanmayın».
Həmən adam bu sözləri deyəndən sonra özünü atıb fəvvarənin içinə. Bulvarın mühafizəçiləri onu xilas ediblər. Ancaq bu şəxs hakimiyyət nümayəndəsi ilə görüşməyi və telekanalların çəkiliş aparmasını tələb edirmiş. Şahidlər maraqlı bir məqamı danışdılar. Bu kişi əlində olan bütün sənədlərini, hətta şəxsiyyət vəsiqəsini cıraraq suya atıb. Ancaq YAP-ın vəsiqəsini əlində bərk-bərk saxlayıbmış…

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı