Məsuliyyət yükünün bələdiyyələrə verilməsi yerlərdə problemin həllini sürətləndirə bilər
Hazırda dünya əhalisini narahat edən problemlərdən biri içməli suya olan ehtiyacın ödənilməsidir. Bütün qitələrdə əhali artımı qeydə alındığından içməli suya olan tələbat da ilbəil artır. Odur ki, bir çox Avropa və MDB məkanına daxil olan ölkələrdə suyun keyfiyyəti, təchizatı və satışına xüsusi diqqət yetirilir.
Qeyd olunan problem ölkəmizdən də yan keçməyib. Bakı şəhəri ilə yanaşı, respublikamızın bir çox yaşayış məntəqələrində içməli su qıtlığı vardır. Cari ildə Kür çayının daşması da problemin həllini müəyyən qədər çətinləşdirib. Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlərin əhalisinin suya olan tələbatını ödəmək məqsədilə müvafiq strukturlar tərəfindən “İçməli su” Milli Planı da hazırlanıb. Bakının suya ona ehtiyacının ödənilməsi məqsədilə Oğuz –Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatmaq üzrədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür çayı boyunca əhalini içməli su ilə təmin etmək üçün sutəmizləyici qurğular quraşdırıb. Hazırda Kür və Araz çaylarından suyundan istifadə edən 220 min əhalisi olan 12 rayonun 122 kəndində sutəmizləyici modul qurğuları istifadəyə verilib.
Ancaq görülən işlər yetərli olmadığından problem hələki qalmaqdadır.
Milli Elmlər Akademiyasının (AMEA) hesablamalarına inansaq, Azərbaycanın ümumi su balansının həcmi 34-35 kubkilometrə bərabərdir. Bunun da 72 faizi (orta hesabla 27-28 kubkilometri) qonşu dövlətlərin ərazisində formalaşır. Respublikanın yerüstü su ehtiyatları isə 33 milyard kubmetrə yaxındır. İsti və quraqlıq dövlərdə bu ehtiyat 23 milyard kubmetrədək azalması müşahidə olunur. Beləliklə, hər il 3-4 milyard kubmetr keyfiyyətli içməli və suvarma suyu itirilir.
Göründüyü kimi, respublikamızda içməli su problemi var və onun həllini isə tək bir orqanın üstünə atmaq olmaz. Yalnız bütün tərəflərin, yəni əhalinin, icra və yerli orqanların, habelə vətəndaş cəmiyyətinin iştirakı ilə mövcud problem öz həllini tapmalıdır.
Fikrimizcə, içməli su probleminin həlli ilk növbədə yerlərdə prosesin məsuliyyət yükünün öz üzərinə götürə biləcək orqanın müəyən edilməsi ilə başlamalıdır. Bu səlahiyyətin bələdiyyələrə verilməsi daha düzgün addım olardı. Yəni, respublikamızın kənd və qəsəbələrində yerli əhəmiyyətli məsələlərin həlli bələdiyyələrin səlahiyyətinə aid edilib. Bu gün yerli özünü idarəetmə orqanı kimi bələdiyyələrin bu işin öhdəsindən gəlməsi üçün həm təcrübələri, həm geniş şəbəkəyə malik olması imkan verir. Nəzərə alsaq bələdiyyə üzvləri və qulluqçuları məhz kənd və qəsəbələrdəndir, onlar da sakin kimi hər gün bu problemlə üzləşirlər, demək problemin həllində məsuliyyət yükü xeyli artmış olur.
Etiraf edilməlidir ki, Milli Məclis tərəfindən qəbul edilımiş və 2001-ci il 29 iyun tarixində dövlət başçısı tərəfində təsdiq edilımiş “Bələdiyyələrin su təsərrüfatı haqqında” Qanunu bələdiyyələrə bu fəaliyyət üçün hüquqi əsas verir. Lakin bu günədək adıçəkilən qanundan irəli gələn normativ-hüquqi sənədlərin hazırlanmaması təəssüf hissi doğurur.
Qanunun bəzi maddələrinə diqqət yetirək.
Maddə 3. Bələdiyyə mülkiyyətində olan su təsərrüfatı obyektləri
3.1 Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektləri Azərbycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir.
- Qaydalar hələdə təsdiq edilməyib.
4.1 Bələdiyyələrin su münasibətlərinin obyektinə bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə , habelə Sudan İstifadəedənlər Birliyinin istifadəsində olmayan yerli əhəmiyyətli su obyektləri və su fondunun torpaqları daxildir.
-Su münasibətlərinin obyektləri hələdə inventarlaşdırılmayıb.
5.0 Bələdiyyələrin ərazisində yerləşən dövlət mülkiyyətində olan su təsərrüfatı obyektləri, yaşayış mətəqələrini su təchizatı sistemləri, suvarma şəbəkələri, yerli əhəmiyyətli digər dövlət su təsərrüfatı sistemləri və qurğuları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyə edilən qaydalar və şərtlərlə bələdiyyələrin idarəçiliyinə verilə bilər.
Prosesə hələ də start verilməyib.
Bu istiqamətdə apardığımız təhlillərdə belə qənaətə gələ bilərik ki, ümumilikdə fəaliyyətdə olan 1400 kənd bələdiyyəsinin cəmi 7%- də-dək hissəsində mülkiyyət formasında su obyektləri mövcuddur. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadəyə verilmiş sutəmizləyici modul qurğuları da tam şəkildə yerli orqanların mülkiyyətinə verilməyib. Kolxoz və sovxozların ləğvi ilə əlaqədar bələdiyyələrin mülkiyyətinə verilən subartezian quyularının bir çoxu bu gün işlək vəziyyətdə deyil.
“Ekologiya” ili çərçivəsində vətəndaş cəmiyyəti təmsilçilərinin fəallaşması problemin tezliklə həllinə ümidi xeyli artırıb. Belə ki, “İctimai xidmətlərin (işməli su təhcizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında iyirmi bələdiyyənin texniki və bilik imkanlarının artırılması” layihəsi Böyük Britaniyanın “Oxfam” təşkilatının və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihəni Aran Humanitar Regional İnkişaf Təşkilatı və İqtisadi Təşəbüsslərə Yardım İctimai Birliyi əməkdaş olaraq icra olunur.
Üçillik bir dövrü əhatə edən bu layihənin əsas məqsədi bələdiyyənin xidmət göstərdiyi ərazidə olan içməli su ehtiyatlarından istifadə etməklə adminstrativ səlahiyyətlərini artırmaq, bələdiyyə büdcəsinin formalaşdırılmasında alternativlərin tətbiqi, bələdiyyə-vətəndaş münasibətlərinin formalaşdırılmasında yeni istiqamət təyin etmək və əhalinin içməli suya çatışmazlılığını asanlaşdırmaqdır.
Layihə çərçivəsində bələdiyyələr maraqlı tərəf olaraq bu layihədən bəhrələnməklə içməli su təminatı sahəsində öz idarəetmə bacarıqlarını artıracaqlar. Bu da öz növəsində həm içməli su obyektlərinin qorunmasında, həm israfçılığın qarşısının alınmasnda ciddi əhəmiyyət kəsb edir.
Nəticə etibari ilə belə qənaətə gələ bilərik ki, su obyektlərinin invertarlaşdırılaraq bələdiyyələrin mülkiyyətinə verilməsi sürətləndirilməlidir. Ancaq nəzərə almaq lazımdır ki, sistemin saxlanılması və bərpası xeyli miqdarda maliyyə vəsaiti tələb edir. Hazırda hər bir ölkə bələdiyyəsinin orta aylıq büdcə gəlirinin 500 manata çatmar. Belə olan halda problemin aktuallığını nəzərə alıb sistemin bərpası və saxlanılması üçün dövlət proqramının qəbuluna ehtiyac yaranır.
Son olaraq qeyd etməlyik ki, bütün tərəflər problemin həllinə diqqəti arırmalı və onun tezliklə aradan qaldırılmasına səy göstərməlidirlər.
Vüqar Tofiqli
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti