Modern.az

“Nəsir müəllimi aldatmaq nədir, kiçik bir hiyləgərlik də etmək mümkün deyildi”

“Nəsir müəllimi aldatmaq nədir, kiçik bir hiyləgərlik də etmək mümkün deyildi”

تحصیلات

24 May 2014, 11:21

Tanınmış jurnalist, Prezident təqaüdçüsü, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı Mülatif Adurov görkəmli jurnalist, ictimai və elm xadimi Nəsir İmanquliyev haqqında bir neçə il öncə qələmə aldığı xatirələri Modern.az saytına təqdim edib. Yazıda müəllif “Bakı” qəzetində çalışdığı dövrü xatırladır. Onu oxucuların ixtiyarına veririk.

Alicənablığın bariz nümunəsi

Redaksiyada ədəbiyyat şöbəsinin müdiri, bir sıra sanballı kitabların müəllifi, istedadlı jurnalist  Fazil Rəhmanzadəni Nəsir müəllimin köməyi ilə mənzil uçotuna götürtmüşdük. Fazil müəllim yeyib-içən oğlan idi, pulunu axırıncı qəpiyinədək xərcləyərdi. Çox təkid elədi ki, qonaqlıq vermək istəyir. Dedim ki, inşallah, mənzil alanda qonaqlıq verərsən. Elə o gündən Fazil tez-tez yanıma gəlib nə vaxt mənzil alacağını soruşurdu. Bir gün mənim də dilim dinc durmadı:

- Fazil, bax bu binanı görürsən? (indiki "Respublika" mehmanxanasının binası). Orada bizə dördotaqlı mənzil verirlər. Çexoslovakiya hadisələrində jurnalistlərin əli olduğu üçün bizdə də qələm sahiblərini dövlətə sədaqətli olmağa ruhlandırırlar. Amma bu barədə kimsəyə bir söz demə! Məxfi söhbətdir.

Fazil həmin gün "Neftçi" ilə "Ararat"ın oyununa getməli idi, iki bileti vardı. Biletləri mənə verib dedi ki, kimə verirsən, ver. Axşam gedirik "İnturist"ə. Bu arada partkomumuz Səfər Məmmədov bacısı oğlanları üçün bilet axtarırdı. Biletləri ona verdim və həmin gün bizimlə getməyə onu razı saldım.  Səfər Məmmədov, Şaban Şabanov, İsmayıl Kərimov, Fazil və mən dörd gün dalbadal işdən sonra yeyib-içməyə getdik. Partkomumuz çox narahat idi, dedi ki buna son qoymaq lazımdır. Ertəsi gün Fazilə dedim ki, bu yeni tikilən binadakı mənzili Nəsir müəllim özünə götürmək istəyir, sənə isə onun Nizami küçəsindəki 66 saylı binadakı mənzili ayrılacaq. Fazil əsəbiləşdi:

- Yetimin qismətinə də göz dikərlər?

Sonra nə fikirləşdisə, bizi Nizami küçəsindəki "Şirvan" restoranına balıq kababına qonaq apardı. Nizami küçəsindən keçəndə "Buzovnaneft"in binasının qarşısında qulağıma əyilib Nəsir müəllimin evinin yerini soruşdu. Mən isə qeyri-dəqiqliklə ikinci mərtəbədə ən yaraşıqlı iki eyvanı, dörd pəncərəni seçib göstərdim. "Əla, -  dedi - o olmasın, bu olsun, getdik kababa!" 

Evə dönəndə qonaqlıqdakıların möhkəm təkidi ilə məsələni açıqladım, dedim ki, bunlar hamısı zarafatdır. Fazilin az qala ürəyi getdi, taksiyə mindirib evlərinə apardıq...

Zarafatı çox sevən Fazil ertəsi gün işə gələndə:

- Əhsən, əla səhnəcik qurmuşdunuz, xoşum gəldi, - dedi.

Əhvalatdan Nəsir müəllim də xəbər tutmuşdu. Bircə onu dedi ki, "Gərək məni qatmayaydınız, eybi yoxdur, zarafat belə olar".

Görün nə qədər təvazökar insan idi. Yaxşı başa düşürdük ki, başqa redaktor olsaydı, elə həmin gün bizi işdən qovardı.

Qartal gözlü redaktor

Gənclik yaşlarında yaradıcı adamın ürəyindən şöhrətlənmək, tanınmaq istəyi çox keçir. Mətbuatda işləyənlər isə imzalarının qəzet-jurnal səhifələrində tez-tez getməsinə, radio və televiziyada səslənməsinə çalışırlar. Mən əsasən tənqidi yazılar, felyetonlar müəllifi kimi tanınırdım. Bədii yazılara da meyilim vardı. Çoxlu lətifələr yazırdım. Bunları qəzetə hazırlayıb versəydim, çox güman ki Nəsir müəllim bəyənib verməzdi. Buna görə də redaktoru aldatmaq yox, bir növ dolayısı ilə lətifələrimi dərc etdirmək istəyirdim. Təxminən beş səhifəlik lətifələrimi toplayıb üstünə "Əziz Nesin" adını yazdım. Sonda isə "Türkcədən çevirəni: M.Adurov"  sözləri yer aldı. Nəsir müəllim podborkanı oxuyan kimi məni çağırdı:

- Bax, bunlar axşam qəzetlərinin əsl malıdır, çox yaxşı lətifələrdir. Təkçə Əziz Nesindən yox, digər xarici ədəbiyyatdan da tərcümə elə, afərin!

Lətifələr şənbə günü nömrəsinə salındı. Həmin gün mətbəədə məsul növbətçi idim. Redaktor səhifələrə qol çəkməyə gələnədək Əziz Nesinin adını və "Türkcədən çevirəni" sözlərini çıxartdım. Bunlar sərrast redaktorun nəzərindən qaçmadı. Mənə bir söz demədən, ad-familiyamı pozdu. Nə Əziz Nesinin adı getdi, nə də mənim.

- Niyə belə elədiyini başa düşürəm. Amma məni aldatmağa gərək cəhd etməyəydin, - deyə məni qınadı.

Cəzam bu oldu ki, təxminən yarım il qəzetdə ad-familiyam görünmədi, felyetonlarım "Dostunuz Axşamzadə", "M.Fyodorov", "M.Vasilyev" imzaları ilə getdi.

Üzündə İlahiyə bağlı nur işıqlanan Nəsir müəllimi aldatmaq nədir, kiçik bir hiyləgərlik də etmək mümkün deyildi!

İdarənin partkomu da, mestkomu da, gənclər təşkilatının rəhbəri də Nəsir müəllim idi. Kimin işə gecikdiyini, işdən yayındığını gözəl bilirdi. Bir gün kabinetində əmək intizamı barədə danışırdıq. Saat dörd olardı. Bu vaxt redaksiyanın bölmə müdiri, elmi-tədqiqat mövzusunu məharətlə işıqlandıran Ərşad Əhmədov qapını açıb "Məktubu göndərdim, Nəsir müəllim", - dedi və getdi. Nəsir müəllim mənalı şəkildə mənə baxıb gülümsədi və dedi:

- Məktub məsələsi boş şeydi, mənə deməyə də bilərdi. İndi görərsən o, niyə mənə özünü göstərdi.

Heç beş dəqiqə keçməmiş katibəni çağırdı:

- Ərşadı tap, yanıma gəlsin!

Katibə dərhal:

- O, indicə kabinetdən çıxan kimi paltosunu geyinib getdi.

Cəsarət

Nəsir İmanquliyev geniş dünyagörüşlü, nadir mütəxəssis, savadlı, təcrübəli, həyatdan baş çıxaran, necə deyərlər, yerin altını da, üstünü də bilən,  siyasi cəhətdən həddindən artıq yetkin insan idi. O vaxtlar L.Brejnevin "Dirçəliş" kitabında adları keçən adamlarla görüşüb yazmaq həvəsi məni Dnepropetrovsk metallurgiya zavoduna aparmışdı. Bundan əvvəl isə "Xam torpaq" kitabında adları keçən həmyerlilərimizlə görüşmüşdüm. Axşam qəzetlərinin beş sayında dərc edilən silsilə yazılarıma görə Nəsir müəllim məni mükafatlandırmışdı. Ukraynadan qayıdandan sonra da silsilə yazılar yazdım. Nəsir müəllim çox bəyənmişdi. Ancaq oradakı "Mən zavodun fəxri kadrlarının  portretləri cərgələnən muzeyə baxanda düşündüm ki, sən demə, bu zavod partiyanın mərkəzi komitəsinin ehtiyat kadrlar ocağı imiş" cümləsinin çıxarıldığını görəndə redaktora sübut etmək istədim ki, bu, həqiqətən belədir, mərkəzi komitənin katiblərinin, şöbə müdirlərinin, məsul işçilərinin əksəriyyəti bu zavodun kadrları olublar. Nəsir müəllim təmkinlə:

- Bilirəm, - dedi, - sən düz deyirsən, amma bunu indi yazmaq olmaz!

İllər keçdi, Nəsir müəllimin nə qədər uzaqgörən siyasətçi olduğunu qət etdim. Çox güman ki, taleyim başqa cür olacaqdı...

Amma özü bir dəfə bizi sarsıtmışdı. Səksəninci illərin əvvəllərində respublika jurnalistlərinin növbəti qurultayı keçirilirdi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev də qurultayda iştirak edirdi. Məruzələr dinlənildi, çıxışlar oldu. Söz Nəsir İmanquliyevə verildi. O, cari məsələlərdən danışıb çıxışını belə yekunlaşdırdı:

- Təklif edirəm ki, onlarca qəzet-jurnalın nəşr olunduğu "Azərbaycan" nəşriyyatının yerləşdiyi Avakyan küçəsinin adı dəyişdirilib "Mətbuat prospekti" qoyulsun.

Salonda gurultulu alqışlar qopdu. Bircə nəfər əl çalmırdı: Heydər Əliyev! Qurultay işini davam etdirdi. Amma siyasi maarif evinin iclas salonundakıların demək olar ki, hamısı N.İmanquliyevin taleyini düşünürdü.

Ertəsi gün Nəsir müəllimi sevənlər həyəcan içində idilər. Axı o vaxt bu çox görünməmiş cəsarət idi, böyük risk idi. Günlər keçdi, bu məsələyə aydınlıq gətirilmədi. Görünür, bu təklif ulu öndərin də ürəyincə idi, amma o vaxt belə qərar qəbul etmək beynəlmiləlçilik prinsipinə xələl gətirərdi. Çox keçmədən, Nəsir müəllimin tarixi təklifi həyata keçdi...

Epiloq əvəzi

Türklərdə belə bir ifadə var: "Dəyərli İnsan". Mən əbəs yerə bu qeydlərimə həmin sözləri sərlövhə seçmədim. Bu ikicə kəlmə özündə çox cəhəti ehtiva edir. Azərbaycan mətbuatının fədaisi Nəsir İmanquliyevin idarəçilik məharəti, insanpərvərliyi, qayğıkeşliyi, xeyirxahlığı, gözəl ailə başçısı olması, ziyalılığı, xalqa, dövlətə sədaqətini, cəsarət və prinsipiallığını, əsl kişilik xarakteri kimi cəhətlərini özündə əhatə edən "dəyərli insan"  ifadəsi bəlkə də o gözəl insanın mənəviyyatına tam qiymət vermir. Lakin hər halda, o, sözün əsil mənasında, dəyərli insan kimi bu ada layiq idi.

***

Nəsir İmanquliyevin sınağı: “Səni çoxdan izləyirdim...”
//modern.az/articles/57301/1/

“Bir gün səhər araq içməmiş işə gəl” - Nəsir İmanquliyevli xatirələrdən
//modern.az/articles/57342/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı