Azərbaycan samboçusu Tuncay Şamil Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyüklər arasında sambo üzrə 50-ci yubiley dünya çempionatında uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. 98 kq çəki dərəcəsində mübarizə aparan idmançımız dünya çempionatının gümüş medalına sahib olub.
Modern.az xəbər verir ki, çempionluğa gedən yolda Tuncay Şamil Ermənistan, Gürcüstan və Özbəkistan təmsilçilərini məğlub edərək finala yüksəlib. Xüsusilə güclü rəqiblər üzərində ardıcıl qələbələri onun yüksək hazırlığını və əzmkarlığını nümayiş etdirib.
“Neftçi” idman klubunun yetirməsi olan samboçu məşqçisi Səliman Ağayevin rəhbərliyi altında dünya çempionatının həlledici görüşünə vəsiqə qazanıb.
Finalda Tuncay Şamilin rəqibi üçqat dünya və ikiqat Avropa çempionu olan Rusiya təmsilçisi olub. Titullu rəqibinə qarşı gərgin mübarizə aparan Azərbaycan idmançısı yekunda məğlub olaraq gümüş medalla kifayətlənib.
Dünya çempionatının finalına qədər üç ölkənin təmsilçisini mübarizədən kənarlaşdıran Tuncay Şamilin qazandığı gümüş medal onun idman karyerasında mühüm uğur olmaqla yanaşı, Azərbaycan sambosunun beynəlxalq arenada növbəti nailiyyətidir.
Daşkənddə qazanılan bu medal Tuncay Şamilin dünya sambo elitasında rəqabət aparmaq potensialını bir daha nümayiş etdirib.
