Modern.az

Hacı Şahin istəməzdi ki, məzarını ziyarətgaha çevirsinlər - Rektorla MÜSAHİBƏ

Hacı Şahin istəməzdi ki, məzarını ziyarətgaha çevirsinlər - Rektorla MÜSAHİBƏ

Müsahibə

15 Mart 2023, 13:30

İnsanların ateizmə yönəlməsində bəzi din xadimlərinin də rolu var

 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov Modern.az-a müsahibə verib. Aqil Şirinov müsahibə zamanı Azərbaycanda dini vəziyyət, İranın İslam əleyhinə davranışları və bu yaxınlarda vəfat edən ilahiyyatçı Hacı Şahin və digər mövzularla bağlı fikirlərini bölüşüb.

 

Müsahibəni təqdim edirik:

 

- Aqil müəllim, belə fikir formalaşıb ki, Azərbaycan İlahiyyat İnstitutundan məzun olanlar yalnız din xadimi kimi məscidlərdə çalışa bilər. Əvvəlcə bu haqda fikirlərinizi bilmək istərdik...


- İlahiyyat İnstitutunda bakalavriat səviyyəsində iki ixtisas mövcuddur. İslamşünaslıq ixtisasından məzun olan tələbələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan müvafiq müsabiqədən keçdikdən sonra məscidlərdə imam, imam müavini kimi fəaliyyət göstərə bilərlər. Əsas olaraq onların din xadimi kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Dinşünaslıqda isə islam dini ilə yanaşı, digər böyük dünya dinləri də öyrədilir. Onların din sahəsində mütəxəssis olması nəzərdə tutulur. Əlbəttə ki, dinşünaslıqda da İslam dini dərindən öyrədilir, amma bu ixtisasının spektri daha genişdir. Bizim məzunlarımız sadəcə din xadimi kimi fəaliyyət göstərmirlər. Vakansiya olduğu təqdirdə, müvafiq dövlət qulluğu imtahanından keçdikdən sonra başda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olmaqla müxtəlif dövlət qurumlarında da çalışa bilərlər. Eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər. İlahiyyat İnstitutunda bakalavriatla yanaşı magistratura pilləsi üzrə də təhsil mövcuddur. Magistratura səviyyəsində 5 ixtisaslaşmamız mövcuddur: dinin sosiologiyası, dinin psixologiyası, dinin fəlsəfəsi, dinlərin tarixi və  islamşünaslıq. İki ixtisas üzrə doktorantura üzrə təhsilimiz  mövcuddur. Bu pillədə Dinşünaslıq, Dinin tarixi və fəlsəfəsi ixtisasları var.

 

- Bildiyimiz kimi, Azərbaycan vətəndaşları arasında xarici dini mərkəzlərdə təhsil alanlar da var. Onlarla bağlı müxtəlif fikirlər səsləndirilir. İddia olunur ki, xaricdə dini təhsil alanlar həmin ölkənin maraqlarına müdafiə edirlər. Sizcə, bu fikirlər reallığı əks etdirirmi?

 

- Mən xaricdə dini təhsilalanların hamısının həmin ölkələrin maraqlarını müdafiə etdiyini iddia edə bilmərəm. Əlbəttə, xaricdə təhsil alanlar içərisində həmin ölkələrin maraqlarına xidmət edən insanlar var. Bu danılmaz faktdır. Onu qeyd edim ki, hər bir ölkənin özünün siyasi və ictimai strukturu var. Bu struktur mütləq nəzərə alınmalıdır. İslam kontekstində düşünsək, müsəlman ölkələrində verilən dini təhsil Azərbaycandakı mövcud reallığa tam şəkildə uyğun deyil. Orada verilən təhsil həmin ölkələrin öz mövcud reallığına uyğundur. Müsəlman ölkələrin bir çoxunda dünyəvilik prinsipi təsbit olunmayıb. Orada verilən təhsil dünyəvilik prinsipinə uyğun deyildir. Azərbaycandakı dini təhsil dünyəvilik prinsipini nəzərə alır. Qeyd edim ki, ölkəmizdə dini təhsil almaq üçün hər bir şərait var. İlahiyyat İnstitutunda təhsil tamamilə ödənişsizdir. Burada dünya səviyyəli müəllimlərimiz, ilahiyyatçılar fəaliyyət göstərir. Bizim müəllimlərimiz heç də xaricdə bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərdən geri qalmır. İnstitutuda tədrislə məşğul olan alimlərimizin bir çoxunun "Web of Science" və "Scopus" bazaları daxil olmaqla indeksli xarici jurnallarda məqalələri nəşr olunur. Bundan əlavə İlahiyyat İnstitutunun müəllimlərinin əksəriyyəti ingilis və ərəb dillərində sərbəst mühazirə deyə bilirlər. Ona görə də, xaricdə gedib oxumağa ehtiyac yoxdur. Əlbəttə, magistratura və doktorantura pilləsində xaricdə oxumaq problem olmaz. Bu daha çox akademik səviyyənin yüksəldilməsini nəzərdə tutan təhsildir. Baza təhsilinin öz ölkəmizdə olmasının tərəfdarıyam. Azərbaycan İlahiyyat İnstitutunda hər cür şərait var. İstəyən gəlib ödənişsiz şəkildə təhsil ala bilər.

 

 

- Bakalavr təhsilini xaricdə alıb, ikinci təhsil üçün Azərbaycan İlahiyyat İnstitutuna müraciət edənlər olubmu?

 

-  İlahiyyat İnstitutuna müraciət edənlər var. Sadəcə olaraq İlahiyyat İnstitutu bu müraciətləri birbaşa qəbul edə bilməz. Bu proses Elm və Təhsil Nazirliyi vasitəsilə həyata keçirilir. Əlbəttə, xeyli insan e-mail adresimiz vasitəsilə bizimlə əlaqə qururlar. Magistr və doktrarantura səviyyəsində təhsillərini institumuzda davam etdirmək istəyirlər. Ancaq yenə deyirəm, Azərbaycan İlahiyyat İnstitutu onları birbaşa özü qəbul edə bilməz. Elm və Təhsil Nazirliyinə müraciət edilməlidir. Orada müvafiq proseduru keçdikdən sonra bizim institumuzda oxuya bilərlər. Ancaq onu da qeyd edim ki, bakalavriat səviyyəsində bizim mübadilə proqramlarımız var. Bu proqram çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda oxuyanlar var. Keçən tədris ilində Qazaxtandan iki tələbə bu proqram vasitəsilə bizdə bir semestrlik bakalavr təhsil aldılar.

 

- Bundan öncə orta məktəblərdə dini tədrisin aparılması ilə bağlı geniş müzakirələr aparılırdı. Bəs orta məktəblərdə dini tədris olmalıdırmı? 

 

- Əvvəlcə, onu qeyd etmək lazımdır ki, orta məktəblərdə belə bir fənn tədris olunacaqsa, bu bir dinin, yaxud bir dinin içərisində olan müəyyən məzhəbin təbliğatına əsaslanan fənn olmayacaq.  Bəzən deyirlər ki, belə bir fənnin tədrisi dini təbliğat anlamına gəlir və bu dünyəvilik prinsipinə ziddir.  Ancaq, xeyr, burada dini təbliğatdan söhbət getmir. Dünya praktikasında belə fənlər mövcuddur. Belə fənlər qapaqcıl dünya ölkələrində təsviri xarakter daşıyır. Məsələn, Azərbaycan coğrafiyası ilə bağlı tədris veririk. Yaxud astronomiya fənnində ulduzlar haqqında məlumat verilir. Bu, o fənni keçən şagirdin coğrafiyaşünas, yaxud astronom olacağı anlamına gəlmir. Bunların tədrisi şagirdin dünyagörüşünün inkişafına xidmət edir. Cəmiyyətdə mövcud olan dinlər haqqında da təsviri yolla məlumat əldə edəcəyiksə, bunun yeri məktəb olmalıdır. Mən belə düşünürəm. Almaniyada, Niderlandda, Böyük Britaniyada, Polşada, İtaliyada və müxtəlif Avropa ölkələrində təcrübə belədir. Belə təsviri fənnlərin olmasının faydalı olacağını düşünürəm. Çünki biz din haqqında qulaqdandolma fikirlərlə məlumatlanmaqdansa, elmi şəkildə məlumatlanmalıyıq. Onun da yeri məktəbdir. Yəni bu fənn hansısa dinin təbliğatını və ya bir dinin prinsiplərinin şagirdlərə mənimsədilməsini yox, cəmiyyətdə mövcud olan dinlərin və onların əsasları haqqında ümumi məlumatları ehtiva etməlidir. Bununla da, şagirdlərimiz xurafatçılıq və radikalizm meyillərindən uzaq olar. Nəhayət, bu fənn onların dünyagörüşlərinin artmasına xidmət edər. 

 

- Azərbaycanda gənclərin dinə münasibəti birmənalı deyil. Hətta belə fikirlər var ki, gənc nəsil dinsizləşir. Bu haqda nə deyə bilərsiniz?

 

- Müşahidələrim onu göstərir ki, Azərbaycan cəmiyyətində müxtəlif düşüncəli gənclər var. Gənclər arasında dinə marağı olanlarla yanaşı, inanan, amma dini əməllərə o qədər də riayət etməyənlər, həmçinin ateist, aqnostik, deist və başqa düşüncələri mənimsəyənlər də var. Azərbaycanda dindarlaşma prosesi gedir. Bu prosesin sürətli olduğunu deməzdim. Bu dindarlaşma doğru istiqamətdə getməlidir. Şəxsən mənim arzum Azərbaycanda  dindarlaşmanın məzhəbçilik əsasında olmaması istiqamətindədir. Dindarlaşma prosesində məzhəbçilik meyilləri müşahidə olunur. Bu meyillərin doğru olmadığını düşünürəm. İnsanların bir məzhəbə mənsub olmasını normal qarşılasam da, məzhəbçi olmasını normal qarşılamıram.

 

-  Gəncləri ateizmə, deizmə sürükləyən səbəblər nədir?

 

- Təsir əks-təsirə bərabədir. Cəmiyyətdə bir hissə dindarlaşırsa, istər-istəməz onun qarşısındakı bir kəsim də ortaya çıxacaq. Mən şəxsən inanclı insan olaraq adamların deizmə və ateizmə yönəlmələrində bəzi din xadimlərinin, dindar, inanclı insanların bir qisminin də rolunun olduğunu düşünürəm. Əgər biz dini elmdən kənar, xurafata əsaslanan, müasir dövrün reallıqları ilə uyğun olmayan,siyasətlə iç-içə girmiş, ideologiyalaşdırılmış şəkildə təbliğ etsək, istər-istəməz insanların çoxu dinə qarşı soyuq yanaşacaq. Amma biz dini mənəvi sistem olaraq, fərdlərin mənəvi dünyasını kamilləşdirən bir sistem olaraq insanlara təqdim etsək, əminəm ki, dinə qarşı olanların sayı da çox olmayacaq.

 

- İslam dünyası şiə və sünni qruplarına bölünüb. Bəzi ölkələrdə məzhəb fərqi xoşagəlməz halların yaşanmasına səbəb olur. Bəs, Azərbaycanda vəziyyət necədir?  Ümumiyyətlə, şiə-sünni ayrımına münasibətiniz necədir?

 

- Azərbaycanda şiə-sünni ziddiyyəti yoxdur. Çünki ölkəmizin tolerantlığa əsaslanan tarixi bir ənənəsi var. Bu tarixi  ənənədə islamın iki böyük məktəbinin nümayəndələri tarixən birlikdə yaşayıblar. Aralarında məzhəbi zəmində problemlər olmayıb. Bu gün də yoxdur. Bu orta əsrlərdəki irfan ənənəsinə əsaslanır. Bu ənənə birləşdiricidir.  Bunun çox böyük nümayəndələri Azərbaycanda yaşayıblar. 19-cu əsrdə Azərbaycanda Seyid Həmzə Nigari adlı bir şəxs yaşayıb. Bu şəxs islam düyasında məzhəbçilik meyillərinin yüksək olduğu bir dövrdə deyir: 


Allahı, Məhəmmədi ali sevən dostanız,
Nə sünnüyüz, nə şiə, biz xalis müsəlmanız.

 

Bunu deyə bilən ənənədən gəlirik. Hacı Zeynəlabdin Tağıyev Bakı Qazısı Mirməhəmmədkərim Baküvidən xahiş edir ki, bir təfsir kitabı yazsın. Ancaq ondan istəyir ki, bu təfsir bir məzhəbə əsaslanmasın. O da “kəşfül-həqaiq” adlı təfsir yazır. Burada hər iki məzhəbin mənbələrindən istifadə edir. Bu ənənə Azərbaycanda bugün də mövcuddur. Amma bununla rahatlıq tapmalı deyilik. Çünki biz də dünyanın bir parçasıyıq. İslam Şərqinin müəyyən bölgələrində məzhəbçilik zəminində həm də qanlı toqquşmaların şahidi oluruq. Suriyadakı, İraqdakı və İslam dünyasının başqa bölgələrindəki məzhəb zəminində radikalizmi görürük. Əlbəttə, bundan sığortalanmaq üçün az öncə qeyd etdiyim ənəni insanlara təbliğ etməliyik. Bu yenə də söhbəti yerli dini təhsil məsələsinə gətirir. Azərbaycanda verilən dini təhsil məzhəbçilik meyillərini artıran dini təhsil deyil. Bizdə verilən təhsil məzhəblərüstü xarakter daşıyır.  Biz  İslamın iki böyük məktəbinin fikirlərinin hamısını veririk. Məzhəblər bizim reallığımızdır. Kaş məzhəblər olmazdı. Ancaq dinlər tarixinə nəzər yetirdikdə bunun mümkünsüz olduğunu görürük. Bütün böyük dinlər bu və ya digər səbəblərdən məzhəblərə bölünüb. Məzhəblərin yaranmasının teoloji, ictimai-siyasi səbəblər başda olmaqla bir çox səbəbi var. Amma biz bu reallığı düşmənçilik vasitəsinə çevirməməliyik. Biz İslam məktəblərini dinin zənginliyi olaraq görürük. Buna çoxfikirlilik, plüralistik nöqteyi-nəzərdən yanaşmalıyıq. Unatmayaq ki, məzhəblər dinin bəşəri yozumları, şərhləridirlər. Məzhəbləri mütləqləşdirib din yerinə qoymaq doğru deyil. Bunlar bir-birinə maneə törətməməlidir. Biz hər iki məktəbin fikirlərini tələbələrə çatdırırıq. Ancaq “bu haqdır, digəri batil” demirik.

 

 

- Ümumilikdə, ölkənin dini mənzərəsini necə qiymətləndirərdiniz? 

 

- Ölkəmizdəki dini mənzərəni stabil olaraq təsvir edərdim. Müxtəlif araşdırmalar dindarlıq faizinin elə də yüksək olmadığını ortaya qoyur. Dindar insanlar arasında radikalizm meyilləri çox azdır. Özünə dindaram deyən insanların ancaq bir neçə faizində radikalizm əlamətlərini görə bilərik. Bunu da mən ciddi təhlükə hesab etmirəm. Bununla belə biz çalışmalıyıq ki, ümumiyyətlə radikal qruplar olmasın. Azərbaycan dünyanın bir hissəsidir. Biz istəsək də, özümüzü dünyadan təcrid edə bilmərik. Etsək belə, internet var. İnternet mühitində bu radikal fikirlərin çox yayıldığını görürük. Bugün artıq elmi ədəbiyyatda “onlayn radikallaşma” (online radicalisation) terminindən istifadə olunur. Buna görə də, biz ölkədəki dini vəziyyəti stabil hesab etsək də, xalqımızın radikal qruplara qarşı immunitetini daha da artırmalıyıq. Birgəyaşayış, tolertantlıq, multikultural dəyərlərə əsaslanan tarixi Azərbaycan nümunəsini gənclərə çatdırmalıyıq.

 

- İranın din amilindən istifadə edib, casus şəbəkəsi yaratması artıq hər kəsə bəllidir. Ölkəmizdə keçirilən xüsusi əməliyyatlar nəticəsində casus şəbəkəsinin bəzi üzvləri aşkar olunaraq, saxlanılıb. Məlum olur ki, İran din adı altında casus şəbəkəsi formalaşdırmaqla məşğuldur. Görünən odur ki, özümü İslam Respublikası elan edən İran dindən öz maraqları naminə istifadə etməklə məşğuldur. 

 

- Çox təəssüf ki, İran İslam Respublikası tək Azərbaycanda yox, İslam şərqinin müxtəlif yerlərində dini ideoloji bir alət olaraq istifadə və istismar edir. Bu günümüz İranının bir reallığıdır. İran bunu etməklə dini dəyərlərə böyük zərər vurur. Çünki dini dəyərlərə insanların şübhə ilə yanaşmasına səbəb olur. Belə bir şəbəkə qurub, dini istismar etməklə İran rejimi özünü İslam dünyasında gözdən salır. Təəssüf ki, Azərbaycanda az da olsa, belə düşüncədə insanlar var. Bunların bir hissəsi də Azərbaycan vətəndaşıdır, lakin İranda yaşayırlar. Bu insanlar İranın xüsusi xidmət orqanları tərəfindən istifadə olunur. Hər birinə “YouTube” kanalları açıblar. Bu vasitə ilə öz zəhərli fikirlərini Azərbaycan izləyicisinə, dindarlarına sırımağa çalışırlar.

 

Qeyd etdiyim kimi buna immunitetimiz var.  Amma belə insanlara  qarşı çox ehtiyyatlı olmaq lazımdır. Cəmiyyətimizi belə insanların şərindən qorumaq üçün radikallıqdan, xurafatdan və siyasi ambisiyalardan uzaq bir şəkildə əsl islamı insanların diqqətinə çatdırmaq lazımdır. Onu da çatdırmaq lazımdır ki, adında İslam olan bütün respublikalar heç də İslamın ümumbəşəri dəyərlərinin daşıyıcısı deyil. İran İslam Respublikası bunun ən yaxşı nümunəsidir. İran özünü İslam Respublikası adlandırsa da, müsəlman Azərbaycana yox, Ermənistana kömək edir. Bu hansı islami dəyərə uyğundur?! İran İslam Respublikası Əhli-beyt dəyərlərinə sadiq olduğunu iddia dir. Əhli-beytin hansı nümayəndəsi deyib ki, sən müsəlman qardaşını qoyub, başqasına kömək etməlisən?! Bunu nə peyğəmbərimiz, nə də onun əhli-beyti deyib.  İranın bu hərəkəti qeyri-islami bir hərəkətdir.  Casusları isə tora düşmüş zavallılar, səfillər olaraq görürəm. Bir çoxu dini baxımdan savadlı deyil. Bu şəxslərin bir qismi maddiyat naminə agentə çevrilib. Bunların bir adı var: vətən xaini. Peyğəmbər buyurub ki, “mömin xain olmaz”. Mömin mömin qardaşına xəyanət etməz. Öz vətənini qoyub, niyə başqa ölkələrin, rejimlərin maraqlarına xidmət etməlisən?  Elə rejimlərin ki, öz daxilində belə gözdən düşüb. Bir neçə gün öncə İranda dörd məscid birdən yandırıldı. Əlbəttə ki, müsəlman olaraq məscidin yandırılması bizi məyus edir. Bunu doğru qəbul etmirik. Ancaq gəlin düşünək, bu məscidlərin yandırılmasına kim bais olub, onu soruşaq. İran rejimi öz əməllərini din adına yazıb dini hörmətdən salaraq, bu hallara rəvac verib. Mən inanclı insanların artıq məsələni anladığını hiss edirəm.  İranın artıq Azərbaycanda müştərisi olmaz. 44 günlük Vətən müharibəsi bunu göstərdi. Əvvəllər İran altdan-altdan  Azərbaycana qarşı hərəkət edirdisə, bu gün artıq açıq oynayır. Hamı 44 günlük Vətən müharibəsi zamanı müsəlman İranın Ermənistana köməyini gördü. Müsəlman Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması İranı məyus etdi. Bunun bir adı var, o da riyakarlıq.

 

- Qeyd etdiniz ki, teokratik rejiminin əməlləri elə İranın özündə insanların dinə münasibətinə təsir göstərib. Bundan əlavə, molla rejiminin bu cür addımlarının Azərbaycanda insanların şiəliyə münasibətinə də təsir göstərdiyi iddia olunur. Deyilənlər realdırmı?

 

- Mən İranın şiə məzhəbinə mənsubluğunun üzdə olduğunu düşünürəm. İran şiə məzhəbinin təmsilçisi deyil. İslam dünyasının bir çox ərazilərində şiə məzhəbinin nümayəndələri yaşayır. İran özünü elə göstərir ki, sanki bütün şiələrin hamisidir. Reallıq isə əslində belə deyil. Əksinə onun hərəkətləri dünyada şiəliyə və şiələrə şübhə ilə yanaşmaya səbəb olur. İran şiəliyə fayda vermir, əksinə ziyan vurur. Əfqanıstanda “həzara” adlı bir xalq var. Bunlar böyük ehtimalla monqol köklüdür. Ancaq dillərini unudub Əfqanıstan farscasında, yəni dəricə danışırlar. 1996-cı ildə birinci Taliban hökumətində həzaralara qarşı məzhəbi diskriminasiya vardı. Onlar sırf şiə olduğuna görə zülmlərə məruz qalırdılar. Aralarında öldürülənləri də çox idi. Onlar İrana üz tutdular. Bugünə kimi o həzaralar səfil vəziyyətində yaşayır. İran hökuməti onlara ciddi dəstək vermədi. Suriya müharibəsi başlayanda  dedi ki, “ya siz Suriyada gedib döyüşəcəksiz, ya da sizi yenidən Əfqanıstana göndərəcəyik, qoy qırsınlar”. Budurmu, şiə təəssübkeşliyi? Qarabağda 67 məscid dağıdıldı. Bunların əksəriyyəti şiə məzhəbində olan insanların ibadət etdiyi məscidlər idi. İran özünü şiə təəssübkeşi sayırsa, niyə məscidləri donuz tövləsinə çevirən erməniyə qarşı reaksiya göstərmədi. Paşinyan (Ermənistanın baş naziri-red) ən yüksək  formada qarşılandı. Hətta İranın rəhbəri ona “Hacı ağa buyur” deyə müraciət etdi. Paşinyanın həyat yoldaşı Həzrəti Məsumənin ziyarətgahına aparıldı. Bu hansı islam və əhli-beyt dəyərlərinə sığır. Buna görə də, rahatlıqla deyə bilərik ki, İran İslam Respublikası islamı və şiəliyi təmsil etmir.
 

- Bir müddət əvvəl ilahiyyatçı Hacı Şahin dünyasını dəyişdi. Onun din müstəvisində fəaliyyətini necə qiymətləndirirsiniz?

 

- Hacı Şahin ölkəmizin tanınmış din xadimərindən biri idi. Ölkəmizdə çox sayda insanın onun ölümündən kədərlənməsi Hacı Şahinin camaat arasındakı hörmətini göstərir. Onu tanıyan bir insan olaraq deyə bilərəm ki, təvazökar bir insan idi. Allahdan ona rəhmət, yaxınlarına səbir diləyirəm.

 

- Hacı Şahinin ölünmündən sonra ortaya çıxan bəzi görüntülər müzakirələrə səbəb oldu. Məsələn, insanların günlərlə onun məzarı ətrafında gecələməsi birmənalı qarşılanmadı. İnanclı insanların bu hərəkəti sərt tənqidlərə tuş gəldi. Dini baxımdan məzarlıqda gecələmək olarmı?

 

- Dinimizdə vəfat edəni hörmətlə yola salırıq. Dinimizə görə, bir möminin digər mömin qarşısında vəzifələrindən biri onun cənazəsində iştirak etməkdir. Əsas da cənazə namazında iştirak etmək lazımdır. Burada da ifratçılıqdan çəkinmək lazımdır. Vəfat edənə ehtiram əlaməti olaraq, qəbir ziyarətləri də mümkün qədər səssiz və dini qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bəzi hədis mənbələrində qəbir ziyarətində “ixlas”, “qədr”  və digər surələri oxumaq, həmçinin qadağa olmamaqla birlikdə gecə vaxtı qəbirləri ziyarət etməmək tövsiyə olunub.  Məsələn, Qütbəddin Ravəndinin “Dəavat” adlı əsərində qeyd olunur ki, Peyğəmbərimiz (s) məşhur səhabə Əbu Zər əl-Qiffariyə qəbirləri gecə vaxtı ziyarət etməməsini tövsiyə edib.

 

- Bəzi insanlar Hacı Şahinin qəbrinin ziyarətgaha çevriliməsini təklif edir. Belə təklif barədə sizin düşüncəniz necədir?

 

- Hacı Şahini tanıyan bir insan olaraq deyə bilərəm ki, qəbrinin ziyarətgaha çevrilməsini özü də istəməzdi. Hətta yaxın dostları vurğulayır ki, sağkən “Mənə çox bağlanmayın” ifadəsini işlədirdi. O, təvazökar insan idi. Onun ruhunun bundan şad olacağını düşünmürəm. Bəlkə, yeni vəfat etdiyi üçün belə ideyalar irəli sürülür. Mərhumun  ruhuna hörmət göstərmək və sağkən sevmədiyi əməlləri vəfat etdikdən sonra onun qəbri başında etməmək lazımdır. Dinimiz bütün məsələlərdə ifratçılıqdan uzaq durmağı buyurur.

 

- Hacı Şahin İlahiyyat İnstitutunda dərs deyibmi? 

 

- Din xadimi ilə din alimi arasında fərq var. Cəmiyyətdə bəzən bu iki anlayış fərqləndirilmir. Hacı Şahin hörmətli din xadimlərimizdən biri idi. Amma din alimi dedikdə, din sahəsində mütəxəssisləşmiş, dini elmlər sahəsində  elmi araşdırmaları olan, bu sahədə akademik dərəcələri olan şəxslər nəzərdə tutulur. Bu şəxslər bakalavriat təhsilindən sonra magistratura, ondan sonra doktorantura səviyyəsini bitirib elmi dərəcə alır. Azərbaycan İlahiyyat İnstitutunda elmi dərəcəsi olan müəllimlər dərs deyir.  Biz din xadimlərimizlə də mütəmadi münasibətdəyik. Onları institumuza qonaq qismində dəvət edirik. Həmçinin, tələbələrimiz mütəmadi olaraq məscidlərimizə gedərək imamlıq təcrübələrini artırırlar.


- Söhbət Hacı Şahindən düşmüşkən, onun ölümündə sui-qəsd izinin olduğu ehtimal edilir. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif iddialara rast gəlmək olar. İndiki durumda sui-qəsd variantının gündəmə gətirilməsi nə ilə bağlı ola bilər?

 

- Ölümü ani oldu deyə insanlar arasında belə şübhə yaranıb. Mən həkimlərin və mərhumun yaxınlarının verdiyi məlumatları əsas alaraq deyə bilərəm ki, belə şübhələrə əsas yoxdur. Normal ölümlə vəfat edib. O, ürəktutmasından vəfat edib. Hər il minlərlə insan ürəktutmasından anidən ölür. Bu baxımdan mən Hacı Şahinin ölümünün normal şəkildə olduğunu düşünürəm.


- Bəzən deyirlər ki, Quran mənə yetər, hədislərə ehtiyac yoxdur. Belə yanaşma düzgündür?

 

- İslam dinin ən əsas mənbəsi Qurani-kərimdir. Burada şübhə yoxdur. Dində heç vaxt Quranı ikinci plana atmaq olmaz. Amma sırf Quranla kifayətlənməməliyik. Qurandan başqa islamın digər bir mənbəsi hədislərdir. Çox təəssüf ki, hədislərə baxışda iki ifrat görüşün olduğunu görürük. Bir qrup insanlar hədislərin səhih olub-olmamasına fikir vermir, onları qəbul edir. Bu doğru deyil. Bir çox hallarda belə yanaşma xurafatçılıq halları ilə nəticələnir. Peyğəmbərimiz bu sözü deyib, deməyib araşdırmaq lazımdır. Həmçinin, hədislərin hansı kontekstdə deyildiyini də diqqətə almaq lazımdır. Araşdırmadan, kontekstindən çıxararaq hədisləri qəbul etmək kortəbiiliyə və xurafata aparar. Digər bir ifrat yanaşma hədislərin inkarı ilə bağlıdır. Bu da doğru deyil. Hədislərin  içərisində səhih olanların sayı kifayət qədərdir. Biz səhih hədislərə baxmalıyıq. Peyğəmbərimiz bunu hansı kontekstdə deyib, günümüzdə necə istifadə edə bilərik, bunları nəzərə almalıyıq. Məsələn, Qurani-Kərimdə namazın rüku, səcdə kimi xüsusiyyətləri qeyd olunub. Ancaq bunları necə etmək lazımdır bunu peyğəmbərimizin hədislərindən öyrənirik. 

 

- Bir çox hallarda ziyarətgahlarla bağlı mübahisələr baş verir. Maraqlıdır, ziyarətgah necə yaranıb? Hansı faktlara əsaslanıb demək olar ki, bu yerlər ziyarətgahdır? 


- Dini düşüncə özünü iki səviyyədə təzahür etdirir: birincisi dini mətnlər səviyyəsində, ikincisi isə lokal mədəniyyətlərin bir hissəsi, yəni adət-ənənə səviyyəsində. Ziyarətgahları daha çox ikinciyə aid etmək olur. Demək olar ki, dünyada yaşayan bütün xalqarın özünəməxsus ziyarətgahları və ziyarət ənənələri mövcuddur. Ölkəmizdə də ziyarətgahlar var. Onların bir çoxu həm də mühüm tarixi abidələrdir.  Hər mövzuda olduğu kimi, İslam dini bu mövzuda da ifratçılığa yol verməyin əleyhinədir. Ziyarətgahlarda mütləq ziyarət ədəb-ərkanına riayət etmək, ifratçılıqdan uzaq durmaq lazımdır. Klassik islam ənənəsində “adabüz-ziyarət”, yəni “ziyarət ədəb-ərkanı” adlı kitablar mövcuddur. Bugün İslam dünyasında ziyarətgahlara baxış birmənalı deyil. Buna loyal və müsbət yanaşanlar olduğu kimi, qarşı çıxanlar da mövcuddur.

 

- Bəs, ən təhlükəli adam kimdir: radikal dindar, yoxsa cahil insan?

 

- Bizim keçmiş islam əxlaqı kitablarında “cəhli-mürəkkəb” termini var.  Bu, insanın bilmədiyini bilməməsi anlamına gəlir. Ən təhlükəli insanlar məncə bunlardır. Bir insan nəyisə bilməyə bilər. Əgər o bilmədiyinin fərqindədirsə, öz çərçivəsini, hüdudunu bilər. Bilmədiyinin fərqində olmayan insan isə özünü ən yüksək pillədə görər. Bütün cəmiyyətlərdə, dindar və dindar olmamasından asılı olmayaraq, bu hal ən təhlükəli haldır.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı