Modern.az

Ekoloji təhlükəsizlik ərzaq təhlükəsizliyinə mane olmamalıdır - komitə sədri

Ekoloji təhlükəsizlik ərzaq təhlükəsizliyinə mane olmamalıdır - komitə sədri

Ölkə

Bu gün, 20:17

Ekoloji təhlükəsizliklə ərzaq təhlükəsizliyi bir-birini tamamlayan prioritetlərdir. 

Modern.az xəbər verir ki, Milli Məclisdə “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Komitə sədri qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda istehsal prosesinə mane olan yaşıllıqların hüquqi tənzimlənməsinin vacibliyindən danışıb.

O, bildirib ki, təqdim olunan qanun layihələri kənd təsərrüfatının gələcəyinə, ərzaq təhlükəsizliyinə və torpaq resurslarından səmərəli istifadəyə hesablanmış strateji yanaşmadır.

Onun sözlərinə görə, müasir kənd təsərrüfatı artıq yüksək texnologiyalar əsasında inkişaf edir və pivot, damlama, sprinkler suvarma sistemləri, lazerlə torpaq hamarlanması kimi texnologiyalar sahələrin maneəsiz və düzgün strukturlaşdırılmasını tələb edir.

Deputat qeyd edib ki, əkin və çoxillik əkmələr altında olan torpaqlarda nizamsız yerləşmiş kol və ağaclar texnologiyaların tətbiqinə mane olur, məhsuldarlığı azaldır, əlavə yanacaq sərfiyyatına və su itkisinə səbəb olur.

S.Qurbanov vurğulayıb ki, layihə meşələrin və ya ekoloji əhəmiyyətli yaşıllıqların məhv edilməsini deyil, yalnız kənd təsərrüfatı dövriyyəsinə mane olan və istehsal məqsədlərinə xidmət etməyən yaşıllıqların tənzimlənməsini nəzərdə tutur.

Komitə sədri bildirib ki, mövcud qanunvericilikdə hüquqi boşluqlar var və praktikada fermerlər bəzən yalnız yulğun kollarını təmizlədiklərinə görə cərimələrlə üzləşirlər:

“Bu isə həm torpaqdan səmərəli istifadəyə mane olur, həm də kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini ləngidir”.

O xatırladıb ki, məsələ ilə bağlı komitə tərəfindən 2024-cü ilin oktyabrında qanunvericilik təşəbbüsü subyektinə müraciət olunub və bu gün layihənin müzakirəyə çıxarılması müsbət addımdır.

S.Qurbanov əlavə edib ki, layihənin əsas məqsədi ekoloji mühafizə ilə aqrar inkişaf arasında sağlam hüquqi balans yaratmaqdır:

“Ekoloji təhlükəsizlik ilə ərzaq təhlükəsizliyi bir-birini tamamlayan strateji prioritetlərdir”.

Deputat beynəlxalq təşkilatların, xüsusilə FAO-nun hesabatlarına istinad edərək bildirib ki, müasir suvarma sistemləri su sərfiyyatını 30-50 faiz azalda bilir. Onun sözlərinə görə, bu, su qıtlığının artdığı dövrdə xüsusi əhəmiyyət daşıyır.

S.Qurbanov qeyd edib ki, yeni texnologiyalar yanacaq sərfiyyatını və karbon emissiyalarını da ciddi şəkildə azaldır. O bildirib ki, ənənəvi əkinçilikdə 1 hektar sahədə görülən işlər zamanı təxminən 100 kiloqram karbon qazı atmosferə buraxılırsa, müasir texnologiyalarla bu göstərici 19,8 kiloqrama qədər enir.

Layihəyə əsasən, yaşıllıqların götürülməsi yalnız aidiyyəti dövlət və bələdiyyə qurumlarının razılığı ilə həyata keçiriləcək və Ekologiya və Təbii Sərvətlər Nazirliyi-nin rəyi əsas hüquqi sənəd hesab olunacaq.

Komitə sədri vurğulayıb ki, bu yanaşma nəzarəti gücləndirəcək, şəffaflığı təmin edəcək və sui-istifadə hallarının qarşısını alacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?