Modern.az

Ermənilər də namizəd ola və deputat seçilə bilər - Siyavuş Novruzovla MÜSAHİBƏ 

Ermənilər də namizəd ola və deputat seçilə bilər - Siyavuş Novruzovla MÜSAHİBƏ 

Müsahibə

25 Dekabr 2023, 16:04

Azərbaycan fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlaşır. Gələn il, həmçinin bələdiyyə seçkiləri keçiriləcək. Bundan başqa, referendum və parlament seçkilərinin də keçiriləcəyi barədə xəbərlər yayılıb.

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov sözügedən hadisələr və digər mövzular barədə Modern.az-a müsahibə verib.

 

Deputatla söhbəti təqdim edirik:

 

- Siyavuş müəllim, növbəti il ölkədə iki əsas seçkilər keçiriləcək. Bunlar prezident və bələdiyyə seçkiləridir. Gələn il eyni zamanda parlament seçkilərinin keçiriləcəyi deyilir. Bu barədə nə deyə bilərsiniz?

 

- 2024-cü ildə, bildiyiniz kimi, Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bundan sonra isə ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır. Parlament seçkiləri ilə bağlı isə hələ ki, bir məsələ yoxdur. Çünki parlament seçkilərinin keçirilməsi üçün ya parlament özünü buraxmalıdır, ya da konstitusiyada göstərilən hallar baş verməlidir.Bu baxımdan da hələ bununla bağlı məsələ yoxdur. Ona görə də deyə bilərik ki, parlament seçkiləri vaxtında keçiriləcək.

 

- Sosial mediada və bir sıra kütləvi informasiya vasitələrində yaxın zamanda referendumun keçiriləcəyi ilə bağlı şayiələr yayılıb. Belə bir gözlənti varmı?

 

- Referendumla bağlı bir sıra məsələlər gündəmdədir. Regional idarəetmə, struktur dəyişiklikləri, parlamentarilərin sayının artırılması, majoritar və proporsional seçki sisteminə keçməklə bağlı fikirlər səsləndirilir. Bildirim ki, ictimaiyyətdə bəzi fikirlər var. Partiyalar, iqtisadi qurumlar müxtəlif təkliflər verir. Hesab edirəm ki, Azərbaycanda referendum sülh müqaviləsi bağlanıldıqdan sonra keçirilə biləcək. Bunun isə əraziyə heç bir aidiyyəti olmayacaq. Ümumilikdə, bütün bu proseslər öz həllini tapdıqdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunub, prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması və yaxud da iqtisadi zonaların yaradılması, bələdiyyələrin funksiyalarına müəyyən dərəcədə baxılması, yəni onların sayının azaldılması və birləşdirilməsi ola bilər. Bu məsələlərin toplanıb, kompleks şəkildə həlli üçün referendum keçirilə bilər.

- Bildiyiniz kimi, prezident seçkilərinə hazırlıq gedir. Bundan əvvəlki seçkilərdə xarici müşahidəçilər saxtakarlıq olduğu barədə iddialar səsləndirib. Bu seçkidə vəziyyət necə olacaq?

 

- Seçkilərin saxtakarlaşdırılması ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Çünki bizim qanunvericilik kifayət qədər düzgün tənzimlənib. İlk dəfə Azərbaycanda seçkilərdə veb-kameralar quraşdırılıb. Eyni zamanda seçkilərdə iştirak edən hər bir namizəd və siyasi partiya müşahidəçi təyin etmək hüququna malikdir. Ölkədə hər zaman seçkilər tam şəffaf səviyyədə keçirilib və bundan sonra da keçiriləcək.

 

- Siyavuş müəllim, bir neçə müxalifət partiyaları bu seçkidə də boykot qərarı verdi. Onların bu mövqeyini necə qiymətləndirisiniz?

 

- Onları müxalifət də adlandırmaq olmaz. Onlar antimilli qüvvələrdir. Həmin qüvvələr seçkilərdən qorxurlar və ona görə də bəhanələr gətirirlər. Bəhanələrin biri də seçki saxtakarlığı ilə bağlıdır. Yaxud da deyirlər ki, seçki niyə indi elan olundu? Birincisi, hər bir siyasi partiyanın funksiyası seçkiyə hazırlaşmaqdır. Seçkiyə ən azı bir il qalmış hazırlıq işləri görməlidirlər. Yaxud da bir seçki bitdikdən sonra digərinə hazırlaşmalıdırlar. Bunlar da seçkilər elan olunandan sonra hələ namizəd axtarırlar ki, kimin namizədliyini irəli sürək? Bu kimi fikirlərlə heç bir seçkidə qalib gəlmək olmaz. İkincisi, bu kimi fikirləri səsləndirənlərin heç biri ölkədə prezident seçkilərində iştirak etməyib. Mənim onlara tövsiyyəm budur ki, qarşıdan gələn bələdiyyə seçkilərində öz şanslarını sınasınlar, bəlkə seçilə bildilər.

 

Qanunda qeyd edilməyib ki, onlar seçkilərdə iştirak etsə, seçkilər demokratik olacaq. Seçkilərdə iştirak etmək onların öz istəklərinə bağlıdır. Ya da bunların mütləq iştirak etmələri ilə bağlı anlayış yoxdur. Ona görə də meydan açıqdır, istifadə edə bilərlər. Hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir. Bundan başqa hər hansı bir yol artıq hüquq pozmaqdır.

 

- Sizcə, seçkilərdən sonra ölkədə struktur dəyişikliyi gözlənilə bilərmi?

 

- Hər bir seçkilərdən sonra struktur dəyişiklikləri olur. Müxtəlif sahələrə dəyişikliklər ola bilər. Seçkilər bitdikdən sonra bu məsələlərə baxa bilərik.

 

- Artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. YAP-ın işğaldan azad edilmiş ərazilərdə ofisinin yaradılması prosesi nə zaman başlayacaq?

 

- Bizim sadəcə bir neçə yerdə təşkilatımız yoxdur. Bu da Ağdərə və Xankəndidir. Yəqin ki, bu ərazilərə də əhali köçdükdən sonra təşkilatlar yaradılacaq. Amma biz nəzərdə tutmuşuq ki, ölkədə 125 dairə varsa, onların hamısından seçici imzası toplayaq.

 

- Parlamentin payız sessiyasında azad edilən ərazilərlə bağlı bir sıra dəyişikliklər oldu. Ağdərə rayonu yaradıldı, bir sıra rayonların kəndləri dəyişdirildi. Ancaq işğaldan azad edilmiş ərazilərdə bəzi yer adları var ki, onlar erməniləşdirilib. Növbəti mərhələdə bu adların dəyişdirilməsi planlaşdırılırmı?

 

- Ermənilər işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi adlarını dəyişdirib özününküləşdiriblər. İndi isə mərhələ-mərhələ burada ad dəyişdirmə prosesi aparılır. İndiyə qədər bəzi kəndlərin adları dəyişdirilib. Belə hallar çoxdur, gələn il də müzakirə olunacaq.

 

- Məsələn, Hadrutun adının dəyişdirilməsi gündəmdədir?

 

- Hadrutla bağlı məsələlər var. Toponomiya Komissiyası bununla bağlı araşdırma aparır. Eyni zamanda tarix, dilçilik institutları məlumatları araşdırdırıb təqdimat yazdıqdan sonra bu məsələlər qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olacaq və biz baxacağıq. Bundan sonra Hadrutun adı dəyişdirilə bilər.

 

-  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) ötən plenar iclasda qəbul olundu. Qanun layihəsi müzakirə olunarkən hərbçilərin pensiya yaşının artırılması rezonans doğurdu. Bunun səbəbi nə idi?

 

- Səbəb odur ki, əvvəl xidmət müddəti 20 il idisə, indi 25 il-ə çatdırılıb. Əvvələr də bu rəqəm 25 olub, sonradan aşağı salınıb. Dövlət tərəfindən oxudulub, vəsait xərclənən hərbçi öyrəndiklərini digərlərinə çatdırmalıdır. Ordunun formalaşmasında öz rolunu oynamalıdır. 45 yaşında pensiyaya gedən şəxs ömrünün ən məhsuldar dövrünü yaşayır. Onlar çıxdıqdan sonra işlə təminat məsələsi problem kimi yaranır. Bir çoxları müxtəlif ticarət obyektlərinə müraciət edirlər. Orada da bunları ya qapıçı, ya da ki, başqa sahəyə cəlb edirlər. Çünki bunun ixtisası başqa ixtisaslarla bağlı deyil. Təqaüdünü alır, istəyir ki, ikinci işdə də fəaliyyət göstərsin. Amma o, professional hərbçidir, rütbəsi var. Bu adamın qapıda durub, kimisə yoxlamağı, yük daşımağı düz gəlmir. Əslində bu, hərbçi üçün şərəflidir ki, öz vəzifə borcunu yerinə yetirir.

 

- Ən geci 2025-ci ildə parlament seçkiləri keçiriləcək. Bildiyimiz kimi, artıq Qarabağdakı ermənilərlə reinteqrasiya prosesinə start verilib. Seçkilərdən sonra Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları Milli Məclisdə təmsil oluna biləcəkmi?

 

- Bu, əhalinin sayından, seçicinin rəyindən asılıdır. Bu məsələ təyinatlı deyil. Ona görə də gələcəkdə o ərazilərdə ermənilər namizədliklərini irəli sürəcəklərsə, onlara dəstək verilərsə, gəlib təmsil olunacaqlar. Azərbaycan parlamentində bildiyiniz kimi, yahudilərin, rusların və digər etnik xalqların nümayəndələri təmsil olunur. Təbii ki, cənab prezident də qeyd edib ki, Azərbaycanda yaşayan vətəndaşlar hansı hüquqa malikdirsə, ermənilər də bu hüquqa malik olacaq.

 

- Son olaraq parlamentdəki fəaliyyətinizdən sual verək. Sədri olduğunuz Regional məsələlər komitəsi növbəti sessiyada hansı məsələləri müzakirə etməyi planlaşdırır?

 

- Növbəti sessiyada işlərimiz çoxdur. Əsas diqqətimizi bələdiyyə seçkilərinə yönəldəcəyik. Bu sahədə qanunvericiliyin təkmilləşdirlməsinə ehtiyac var. İşğaldan azad olunmuş ərazilərdə yerli özünü idarəetmənin formalaşdırılması və adların dəyişdirilməsi gündəmdə olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok