Modern.az

Qüdrət Həsənquliyevin BAXCP-si necə yarandı?

Qüdrət Həsənquliyevin BAXCP-si necə yarandı?

Aktual

1 Mart 2017, 13:58

Siyasi partiyaların məqsədi, məramı, ideyası onların toplaşdığı bir məkandır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.

 

Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir.

Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?

Modern.az saytının partiyalarla bağlı budəfəki yazısında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) danışacağıq. Beləliklə, “...partiyamızdır” rubrikasında növbəti yazını təqdim edirik.

 

Qısa arayış: BAXCP 2004-cü ilin 3 aprelində yaradılıb. Partiyanın qurucusu, lideri və sədri deputat Qüdrət Həsənquliyevdir.

 

“Partiyanın parçalanmasına imkan vermək olmaz”

 

BAXCP-nin baş katibi Yaşar Kələntərli deyir ki,  partiyanın yaradılması ideyasının müəllifi Qüdrət Həsənquliyevdir:“Xatırlayırsınızsa, AXCP lideri Əbülfəz Elçibəyin sağlıığında hələ partiyada fikirayrılıqları vardı. Hətta tərəflərin biri “klassiklər”, digəri “islahatçılar” deyə adlandırılırdı. Ancaq Əbülfəz Elçibəy buna baxmayaraq AXCP-ni bir arada qorumağı bacarırdı. Nə yazıq ki, Elçibəy ağır xəstələndi və ölümünə az qalmış AXCP-nin “klassiklər” qanadı ADP-nin qərargahında toplaşaraq partiya və Elçibəyin adından bəyanatlar səsləndirdi. Həmin vaxt Qüdrət Həsənquliyev tribunaya çıxaraq “partiyanın parçalanmasına yol vermək olmaz”- deyə bildirdi. Bu çağırışa təbii ki, məhəl qoyulmadı. AXCP parçalandı”.

Yaşar Kələntərli qeyd etdi ki, Elçibəy dünyasını dəyişəndən bir müddət sonra Qüdrət Həsənquliyev parçalanmış AXCP-nin bütövlüyü uğrunda fəaliyyətini davam etdirdi:

 

“Və hər iki tərəflə danışıqlar aparararaq birləşməyi, birgə qurultaya getməyi, bu zaman kim sədr seçilərsə bu seçimə sayğı ilə yanaşacağını dönə-dönə bildirdi. Ancaq ambisiyalar bu çağırışa imkan vermədi. Buna baxmayaraq hər iki tərəfdən olan cəbhəçilər Qüdrət Həsənquliyevin çağırışına səs verdi və 2002-cilin avqustun 18-də birləşdirici qurultay çağırıldı. Qüdrət Həsənquliyev AXCP-nin sədri seçildi. Hətta Ədliyyə Nazirliyi də Qüdrət Həsənquliyevin sədrlik etdiyi partiyanı-AXCP-ni dövlət qeydiyyatına aldı. Az keçməmiş ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, səfirliklər, müxalifət, hətta QHT rəhbərləri AXCP-nin bütövlüyünə qarşı çıxdılar və partiyanın qeydiyyatı ləğv olundu”.

Hər zaman bütövlüyü, birliyi qorumağa çalışan Qüdrət Həsənquliyev partiyanın adının Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olmağını təklif etdi”-deyən BAXCP baş katibi vurğuladı ki,

2004-cü il aprelin 3-də BAXCP-nin qurultayı çağırıldı və qurultayda partiyanın adı yekdilliklə qəbul olundu.

 

“İkinci dəfə bütövləşmə ideyasını müəllifi Qüdrət bəydir”

 

Yaşar Kələntərlinin sözlərinə görə, bütövləşmə ideyasını Azərbaycan siyasi mühitinə Əbülfəz Elçibəy gətirib.

“Onun təşəbbüsü ilə Bütöv Azərbaycan birliyi yarandı. Ancaq Elçibəy dünyasını dəyişəndən sonra bu qurum fəliyyətsiz vəziyyətə gətirildi. Azərbaycanın bütövlüyünü Qüdrət Həsənquliyevin liderliyi ilə BAXCP olaraq 13 ildir davam etdiririk. Hazırda 65 rayon təşkilatımız var. Respublikanın əksər bölgələrini əhatə edirik. Seçki vaxtı daha aktiv oluruq. İndi isə partiyanın quruculuğu, rayonlarda konfransların keçirilməsi, bir sözlə, təşkilatlanma ilə məşğuluq. Yeni ildən bu günə qədər 16 rayon təşkilatımızda konfranslarımız keçirilib”.

 

“Maliyyəsiz fəaliyyət göstərmişik”

 

Yaşar Kələntərli deyir ki, partiya formalaşdığı illərdə könüllülük prinsipi əsasında fəaliyyət göstəriblər:

“Yəni partiyaların dövlət büdcəsindən maliyyələşməsinə qədər BAXCP ictimai əsaslarla öz işini qurub. Artıq neşə ildir ki, bizim partiyanın Milli Məclisdə təmsilçisi olduğu üşün BAXCP də dövlət tərəfindən maliyyələşən partiyalar sırasındadır”.

 

“Xanımlarla birlikdə siyasi fəaliyyətimizi davam etdiririk”

 

BAXCP-nin baş katibinin sözlərinə görə, partiyada qadınların sayı heç də az deyil:

“2004-cü ildə BAXCP formalaşanda xalq hərəkatından hər kəsin tanıdığı xanımlar var idi. Bu gün həmin xanımlar bizim sıralarımızdadır. Onlardan Yeganə Mehdibəyli partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədridir. Arzu Şirinova mətbuat xidmətinin rəhbəridir.

Yeganə Dilbazi Ali Məclisin katibidir. Xanımların sayı kifayət qədər çoxdur. Hətta bizim rayon təşkilatlarımızın bəzilərinə xanımlar rəhbərlik edir”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir