Modern.az

Azərbaycan müxalifəti Ərdoğanı, yoxsa Kılıçdaroğlunu DƏSTƏKLƏYİR?

Azərbaycan müxalifəti Ərdoğanı, yoxsa Kılıçdaroğlunu DƏSTƏKLƏYİR?

Ölkə

11 Mart 2023, 10:00

Türkiyədə seçki prosesi Azərbaycanda böyük maraqla izlənilir. Qardaş ölkədə mayın 14-də keçiriləcək seçkilərdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın, yoxsa rəqibi, "Millət ittifaqı"nın vahid namizədi olan CHP lideri Kamal Kılıçdaroğlunun qalib gələcəyi barədə müxtəlif fikirlər səsləndirilir, fərqli versiyalar irəli sürülür.

 

Sosial şəbəkələrdə gedən müzakirələrdən belə məlum olur ki, Azərbaycanda böyük əksəriyyət, xüsusilə də iqtidar tərəfdarları Ərdoğanın yenidən prezident seçilməsini arzulayır. 

 

Bəs müxalif düşərgə kimi dəstəkləyir? Müxalifətdə təmsil olunan siyasi partiyaların qardaş ölkədəki seçkilərlə bağlı mövqeyi necədir?

 

Modern.az saytı bununla bağlı bir neçə partiyanın mövqeyini öyrənib. 

 


Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn deyib ki, seçkilərin qalibi Ərdoğan olacaq.


"Hesab edirəm ki, Ərdoğanın yenidən prezident seçilməsi Türk xalqının, Azərbaycanın və bütün dünya ölkələrinin xeyrinə olacaq. Əlbəttə, burada Türkiyə vətəndaşların azad seçkidə kimə səs verəcəyi önəmlidir. Mən isə Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçiləcəyinə inanıram. Biz Türkiyənin siyasətini özümüzünkü kimi qəbul edirik. Buna görə seçkilərin taleyi bizi də maraqlandırır. Ümumiyyətlə, Türkiyə qədim dövlətçilik ənənələrinə sahib olan bir ölkədir. Hazırda problemlərin həll edilməsi üçün ən ideal namizəd Ərdoğandır",- deyə o bildirib.

 


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, Ərdoğanın seçilməsi həyata keçirdiyi lahiyələrin uğurla sonlanması üçün labüddür:

 

"İndiki seçkilərdə ən pis variant namizədlərin birinci turda əllinin əlliyə qalmasıdır. Amma mənim istəyim Ərdoğanın yenidən prezident seçilməsidir. Onun seçilməsi başlatdığı qlobal lahiyələrini başa çatdırmaq üçün önəmlidir. Müxalifət isə həddindən artıq dağınıq görünür. Çox güman ki, müxaliflər seçkini udacağı təqdirdə 1 il ərzində yenidən seçki keçirəcəklər. Çünki ola bilməz ki, bir neçə fərqli düşüncədə olan insanlar dövlətin problemində vahid mövqeydən çıxış etsin". 

 

Partiya sədri, həmçinin vurğulayıb ki, Türkiyə bundan əvvəl koalisiya vasitəsilə idarəetmənin ağır nəticələrini görüb:

 

"Qeyd etmək lazımdır ki, Kılıçdaroğlunun palitoloji hazırlığı yoxdur. Çünki o bilməlidir ki, böyük dövlətlərdə parlamentli idarə etmə üsulu olduğu zaman hakimiyyətdə sarsıntılar olur. Kiçik dövlətlər isə tək prezidentlə idarə olunduqda, bu, diktaturaya çevrilir. Əslində kiçik dövlətlərdə parlamentli, böyük dövlətlərdə isə prezident idarəetmə üsulu olmalıdır. Ərdoğan hakimiyyətə gələnə qədər Türkiyənin düşdüyü vəziyyət parlamentli idarəetmə üsulundan irəli gəlib. Ölkədə 21 ildir stabilliyin olmasının səbəbi məhz Ərdoğanın hakimiyyətə gəlməsi ilə bağlıdır. Kılıçdaroğlunun Türkiyəyə vura biləcəyi ən böyük zərbə məhz parlament idarəetmə üsuluna geri dönməkdir. Dünyanın ən böyük dövlətlərinə baxdıqda görürük ki, hər biri prezidentlə idarə olunur. Bunlara ABŞ, Rusiya və Çini misal göstərmək olar".

 


Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə vurğulayıb ki, Ərdoğan dünyanın nüfuzlu liderlərindən biridir.

 

Seçkilərə gəlincə, o deyib: "Nəticələrin əvvəlcədən necə olacağını söyləmək çətindir. Kənardan bir müşahidəçi kimi fikir bildirmək çətin məsələdir. Ərdoğanın dünyada və Türkiyə daxilində kifayət qədər yüksək çəkisi var. Onunla siyasi mübarizə aparmaq çox çətindir. Məhz bu səbəbdən müxalifət onun qarşısına vahid namizəd irəli sürdü ki, Ərdoğanla mübarizə apara bilsin".

 

Deputat əlavə edib ki, qardaş ölkədə hazırkı hakimiyyətin mövqeyi müxalifətlə müqayisədə daha güclüdür:

 

"Ümumiyyətlə, Türkiyə çox ağır dönəmdən keçir və indiki situasiyada hakimiyyət dəyişikliyi ölkə üçün ağır fəsadlar törədə bilər. Yəqin ki, seçicilər də bunu bilir. Onu da qeyd etmək lazımdır ki, xalq arasında Ərdoğanı dəstəkləyənlərin sayı çoxdur. Müsəlman ölkələrində siyasi quruluş seçicilərin rəyinə o qədər də təsir etmir. Onları daha çox sosial rifah maraqlandırır. Ona görə də dövlət quruluşunun dəyişdirilməsi, prezident institutunun güclü olması ancaq siyasi cəhətdən fəal olan insanların fikrinə təsir edir. Ümumi olaraq isə bu cür nüanslar türkiyəli seçicilərinin rəyini dəyişdirməyəcək".

 

 

Müsavat Pariyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı düşünür ki, müxalifətin verdiyi vədlər seçkilərdə xüsusi rol oynaya bilər:

 

"Türkiyədə seçkilərin demokratik keçiriləcəyinə heç bir şübhəm yoxdur. Seçicilər kimə səs verəcəklərsə, həmin namizəd qalib olacaq. Ümumiyyətlə, seçki kampaniyasında söylənilən şüarlar və təqdim olunan sənədlər seçicilərin səs verməsində mühüm rol oynayır. Məncə, müxalifətin verdiyi vədlər seçkilərdə xüsusi rol oynaya bilər". 

 


ReAl Partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli isə hesab edir ki, Ərdoğanın əsas rəqibi Türkiyədəki iqtisadi vəziyyətdir:

 

"Çünki ölkədə güclü inflyasiyanın olması və iqtisadi-sosial vəziyyətin geriləməsi, qiymətlərin yüksəlməsi, son vaxtlar dövlət qurumlarındakı çatışmazlıqlar indiki hakimiyyətin ən böyük rəqibidir.". 

 

N.Cəfərlinin sözlərinə görə, Kılıçdaroğlu Ərdoğan üçün uyğun rəqibdir: "Təbii ki, Kılıçdaroğlunun namizəd olmasından sonra bəzi suallar ortaya çıxıb. Milliyətçi kəsim onu qəbul etmir. Həmçinin mühafizəkarlar da Kılıçdaroğlunun namizədliyinə birmənalı yanaşmırlar. Ancaq onun müxalifət tərəfindən namizəd olaraq göstərilməsi Ərdoğan üçün məqbuldur. Əgər koalisiya Kılıçdaroğlunun arxasında dursa və təbliğat-təşkilat işlərinin getdiyi vaxtda onun zəif nöqtələrini örtmək üçün fəaliyyət göstərsə, onların şansı kifayət qədər yüksələcək. İstənilən halda Türkiyə seçkilərinin səs-küylü keçməsi və dramatik olması gözləniləndir. Bu seçkilərdə cəmiyyətin çox maraqlı yanaşmaları olur. Hətta ola bilər ki, Ərdoğanın partiyası prezident seçkilərində qalib gəlsin, ancaq parlament seçkilərində məğlub olsun. Yəni parlamentdə çoxluğu müxalifət ələ ala bilər. Bu da başqa problemlərin üzə çıxmasına gətirib çıxarar. Seçkilərin gərgin keçəcəyi istisna deyil". 

 


Natiq Cəfərlidən fərqli olaraq, Ağ Partiyanın başqanı Tural Abbaslı Ərdoğanın qələbəsinə inandığını söyləyib:


"Rəcəb Tayyib Ərdoğan indiki siyasi çəkisini vuruşa-vuruşa əldə edib. Həmçinin Ərdoğan xarizmatik liderdir. Mən Türkiyə seçkilərini Azərbaycan aspektindən izləyirəm, ancaq indiki namizədlərin heç biri ilə şəxsi tanışlığım yoxdur. Kılıçdaroğlu "Altılı masa"da sözünü keçirdə bilmir, bəs Putinə və digər liderlərə necə dediklərini qəbul etdirəcək? Bu günə qədər Türkiyənin başına gələn bəlaların çoxu koalisiyalardan irəli gəlib. Kılıçdaroğlunun gətirdiyi müdafiə naziri "biz hər şeyimizlə Azərbaycanın yanındayıq" deyə biləcəkmi? Yəni bunları edə bilməyəcək prezident ölkəmizə fayda verə bilməz. Ona görə də Ərdoğanın hakimiyyətdə qalması həyatı önəm kəsb edir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır