Modern.az

Hansı partiyaların 5 min üzvü var... - ARAŞDIRMA

Hansı partiyaların 5 min üzvü var... - ARAŞDIRMA

25 Aprel 2023, 15:13

6 fəsil və 30 maddədən ibarət "Siyasi partiyalar haqqında" yeni qanunda siyasi partiyaların yaradılması və fəaliyyəti üçün əvvəlki qanunla müqayisədə daha sərt tələblər müəyyən edilib. Əvvəlki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idisə, yeni qanunla bu tələb 5 dəfə artırılıb.

Qanunun keçid müddəalarında qeydiyyatda olan partiyalardan üzvlərinin sayını 5 min nəfərə çatdırmaq tələb olunur və bunun üçün onlara 6 ay vaxt verilir. Partiyaların üzv sayı 4500-dən aşağı olacağı təqdirdə Ədliyyə Nazirliyi partiyaların ləğvi üçün məhkəməyə müraciət edə bilər. 

Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan siyahıya əsasən, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən başlayaraq partiyalar özünü buraxmağa başlayıb. Artıq 15 partiya fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Belə ki, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam verib.

Bəs digər partiyalar fəaliyyətinə davam etmək üçün 5000 üzv toplayıbmı?

 

Modern.az suala cavab tapmaq üçün siyasi partiyalara müraciət edib.

 

 

ReAL partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yeni qanunda nəzərdə tutulan üzv sayının artıq tamamlanmaq üzrə olduğunu deyib.

 

"Üzv sayı ilə bağlı proses yekunlaşmaq üzrədir. Böyük ölçüdə tamamlamışıq, çox az bir miqdar qalıb, onu da bu ay ərzində tamamlamaq fikrimiz var", - deyə o qeyd edib.

 


 

Ümid partiyasının sədri İqbal Ağazadə saytımıza açıqlamasında deyib ki, rəhbərlik etdiyi partiyanın 57 min üzvü var.


"Partiyamızın üzv sayı 5 mini çoxdan keçib. Digər partiyaların isə heç birinin daxili işinə qarışmıram. Digər tərəfdən Milli Məclis tərəfindən qəbul olunmuş qanunun müzakirə edilməsinin mənası yoxdur. Ümumiyyətlə, gələcək haqqında hələ proqnoz vermək tezdir. Seçki məcəlləsində hansı dəyişikliklərin olması, konstitusiyaya dəyişiklik edilib-edilməməsi məsələləri öz həllini tapdıqdan sonra gələcəyi dəyərləndirmək olar",- sabiq deputat vurğulayıb.

 


Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli deyib ki, keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi partiyanın üzvlərinin sayı 5 mini keçib:


"Biz üzvlərimizin təqdimatını edəcəyik. Dəqiq say deməyə ehtiyac görmürəm, ancaq hər halda 5 mini keçib. Ümumiyyətlə, partiyalar ali orqanlara iddialıdırsa, onun elektorat bazası güclü olmalıdır. Həmçinin Azərbaycanın mövcud qanunlarına uyğun olaraq strukturları olmalı və gələcəkdə ölkəni necə idarə etmələri haqqında düşüncələri elan edilməlidir. İndiki zamanda partiyalar 5 min deyil, hətta min nəfər üzv yığmaq məsələsində çətinlik çəkirlər. Yəni partiyaların özünü buraxmasının səbəbi budur. Gələcəkdə həmin partiyalar təmərküzləşə, özləri üçün yeni bir format tapa bilərlər".

 

 

Azadlıq partiyasının sədri Əhməd Oruc Modern.az-a deyib ki, dövlət siyahının kimə təqdim olunacağını qeyd etməlidir:

"Bizim üzvlərimizin sayı 5 mindən çoxdur. Hələ tələb çıxmamışdan öncə bizim 2005-ci ildə 6400 üzvümüz var idi. Ondan sonrakı dövrdə artma-azalma müşahidə edilib. Biz yenidən siyahılaşdırma aparırıq. İyun ayının 16-na kimi lazım olan siyahını təqdim edəcəyik. Ancaq bu siyahını kimə və hansı formada təqdim edəcəyimiz bəlli deyil. Hakimiyyət buna da aydınlıq gətirməyib". 

 

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, partiyaların birləşməsi ətrafında müəyyən müzakirələr aparılıb.


"Biz qərar qəbul olunandan sonra 12 min nəfərin sənədini səhmana saldıq. Yəni sənədlər əvvəldən əlimizdə idi, sadəcə qanunauyğun ərizə blanklarını doldurmamışdıq. Müəyyən tələblərə görə yenidən işləməli olduq. Yəni problemimiz yoxdur. Müəyyən partiyalar ilə birləşmə haqqında söhbət etdik, ancaq bir müddətdən sonra dayandı. Gələcəkdə yenidən belə təklif olsa, müzakirə etmək olar. Ümumiyyətlə, mən düşünürəm ki, Azərbaycan siyasi arenasında samballı partiyalar olmalıdır. QHT-lərlə partiyaların fərqi olmalıdır. Partiyalar samballı addımlar atmalı, bütün rayonlarda özəklər yaradılmalıdır. Hakimiyyətə iddialısansa, cəmiyyətin dəstəyi olmalı və komanda formalaşmalıdır. 5-10 nəfər yığışıb təşkilat kimi qeyri-ciddi məsələlərə baxmaq olmaz.

Mən hesab edirəm ki, 3 ideoloji istiqamət var. Bunlar sağçılar, solçular və mərkəzçilərdir. Onu da qeyd edim ki, nizamnamələr oxşardır. Siyasi palitrada düzənləmələr olmalıdır. Amma bu, təkcə sözügedən qanunla olmur. Yəni ya seçkilərdə qarışıq sistem olsun, ya da ayrıca proporsional olsun ki, cəmiyyət onu ələsin. Buna görə də partiyaların təmərküzləşməsi üçün indiki dövrdə atılan addımları normal dəyərləndirirəm. Əvvəl 60-dan çox partiya var idi və bəziləri müəyyən səbəblərə görə fəaliyyətlərini dayandırdılar. Məncə, gələcəkdə siyasi partiyalar arasında rəqabət olsun deyə bu addımların atılması vacib idi", - partiya lideri vurğulayıb.

 


 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu söyləyib ki, Azərbaycanda bu qədər partiya olmamalıdır:

 

"Bizim üzvlərimizin sayı 5 mini ötüb. Həmçinin bizə digər partiyalar tərəfindən birləşmə ilə bağlı heç bir təklif göndərilməyib. Qəbul olunan qərarların fəaliyyətə necə təsir göstərəcəyini gələcəkdə görəcəyik. Ancaq mən düşünürəm ki, əvvəldən bu qədər partiya olmamalı idi". 

 

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da partiyasının üzv sayının 5000 nəfəri keçdiyini bildirib: "Bizim partiyanın, əlbəttə, 5000 üzvü var. Bizdə siyahı yekunlaşıb. Hazırda son yoxlamalar aparılır. Üzvlərin məlumatlarını düzəldirik ki, sonra səhvlik olmasın. Yaxın zamanlarda siyahı təqdim olunacaq".

 

Qeyd edək ki, hazırda ən çox üzvü olan partiya hakim Yeni Azərbaycan Partiyasıdır. Son statistik məlumatlara əsasən, YAP-ın 774 563 üzvü qeydiyyata aınıb. 

 

Bundan əvvəl Modern.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı partiyasının 11 min üzvünün olduğunu deyib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı partiyanın üzv sayının 5000-i keçdiyini söyləyib.

Deputat Tahir Kərimlinin sözlərinə görə, rəhbəri olduğu Vəhdət Partiyasının 17 000-dən çox üzvü var. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin sayının isə 10 mini keçdiyi deyilir.

Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) gəlincə, 20 minə yaxın üzvünün olduğu söylənilir. Deputat Fəzail Ağamalının rəhbəri olduğu Ana Vətən Partiyasının da 5 minlik limiti keçdiyi açıqlanıb.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə mətbuata müsahibəsində partiyanın 30 mindən çox üzvü olduğunu qeyd edib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ivsə 89 min tərəfdarının olduğunu iddia edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir