Modern.az

Əmirbəyov və Xələfov yeni vəzifədə hansı işləri GÖRƏCƏKLƏR...

Əmirbəyov və Xələfov yeni vəzifədə hansı işləri GÖRƏCƏKLƏR...

Ölkə

26 İyul 2023, 16:50

Dövlət başçısı İlham Əliyev iyulun 18-də Elçin Əmirbəyovu, iyulun 24-də isə Xələf Xələfovu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndələri təyin edib.

 

Yeni vəzifəyə təyinat alan Elçin Əmirbəyov və Xələf Xələfov peşəkar diplomatik karyeraya sahibdir. E,Əmirbəyov bundan əvvəl Birinci vitse-prezidentin köməkçisi, X.Xələfov isə xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. 


Qeyd edək ki, xüsusi tapşırıqlar üzrə nümayəndə vəzifəsi bir çox ölkələrdə mövcuddur. Beynəlxalq təcrübəyə əsasən, dövlət və hökumət başçıları, nazirlər ölkə üçün əhəmiyyətli sahələrdə özlərinə xüsusi nümayəndə təyin edir və onlara həmin sahədə danışıqlar aparmaq səlahiyyəti verilir.

 

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəliyi Azərbaycanda yeni təsisatdır. Elçin Əmirbəyov və Xələf Xələfovun yeni vəzifədə hansı səlahiyyətlərə sahib olmaları və  hansı tapşırıqları icra edəcəkləri barədə ictimaiyyətə məlumat verilməyib. 


Maraqlıdır, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndələrinin fəaliyyəti nədən ibarət olacaq?

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Aydın Mirzəzadə söyləyib ki, hər iki xüsusi nümayəndə öz işinin peşəkarıdır.

 

“Səhv etmirəmsə, dövlət müstəqilliyi bərpa edildikdən sonra ilk dəfədir ki, belə bir təsisat yaradılıb. Bu, dünya ölkələrində geniş yayılmış praktikadır. Azərbaycanda da bunun tədbiq edilməsi müsbət haldır. Həm Elçin Əmirbəyovu, həm də Xələf Xələfovu ürəkdən təbrik edirəm. Hər ikisinin mətbuatda fəaliyyətləri ilə bağlı gedən məlumatlar sübut edir ki, öz işlərinin peşəkarıdırlar və yüksək posta layiqdirlər. Xüsusi nümayəndənin köməkçi və müşavirdən fərqi ondan ibarətdir ki, həm köməkçi, həm də müşavirlər konkret bir sahəyə cavabdehdirlər. Yəni həmin sahəyə rəhbərlik edib, Prezidentə məruzə edir, yeri gəldikdə isə öz təkliflərini irəli sürürlər”, -deyə parlamentari bildirib. 
 

A.Mirzəzadə vurğulayıb ki, xüsusi nümayəndənin konkret iş sahəsi yoxdur. O fikirlərini belə əsaslandırıb:

 

“O, adından da göründüyü kimi, Prezidentin tapşırıqlarını yerinə yetirir. Bu gün xüsusi nümayəndə beynəlxalq münasibətlər, sabah daxili siyasət, başqa bir vaxt isə hansısa iki sahənin qovuşduğu bir vəzifəni icra edə bilər. Məsələn, diplomatiya ilə xarici iqtisadi əlaqələrin kəsişdiyi sahədə çalışa bilər. Yəni qısaca, ölkə başçısının tapşırıqlarına əsasən fəaliyyət göstərəcək. Bu tapşırıqlar uzunmüddətli və cari ola bilər. Məhz xüsusi nümayəndə həmin göstərişlərin həyata keçirilməsi üçün çalışır. Bitdikdən sonra yeni tapşırıqlar olur. Həmçinin ola bilər ki, bir neçə tapşırığı eyni anda yerinə yetirsin. Bu, hansısa mövzu üzrə danışıqların aparılması, müəyyən sahə üzrə layihənin hazırlanması və yaxud nəzarət funkiyası ola bilər. Prezidentin məqbul hesab etdiyi və diqqətə ehtiyac olan hansısa konkret tapşırığın həyata keçirilməsini xüsusi nümayəndələr həyata keçirirlər. Hər iki diplomat Azərbaycanda kifayət qədər tanınan, bir neçə dil bilən şəxslərdir. Əminəm ki, təyin edildikləri vəzifəni layiqincə yerinə yetirəcəklər”.

 

 

Deputat Azər Badamovun fikrincə, Prezidentin tapşırıqlar üzrə xüsusi nümayəndə institutunun formalaşması Azərbaycanın beynəxalq siyasətinin uğurla davam etdirilməsinə yol açacaq.

 

“Azərbaycan dərin və düşünülmüş beynəlxalq siyasət yürüdür. Xələf Xələfov diplomatik sahədə böyük təcrübəyə malik siyasətçidir. Onun qonşu dövlətlərlə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müəyyən məsələlərin müzakirə olunmasında böyük təcrübəsi var. Bu gün qonşu dövlətlərlə diplomatik müstəvidə müzakirə olunmalı bir çox məsələlər qalmaqdadır. O cümlədən Ermənistanla da sərhədlərin delimitasiya və demarkasiya məsələləri ilə bağlı müzakirələr aparılmalıdır. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndələrinin bu məsələlərin daha tez və effektiv həyata keçirilməsinə töhfə verəcəyini hesab edirəm”, - parlamentari əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa etdi