Modern.az

"Xudayar mənim üçün 22 yaşında qalıb" - Şəhidimizin ANASI

"Xudayar mənim üçün 22 yaşında qalıb" - Şəhidimizin ANASI

Ölkə

15 İyul 2024, 17:24

Vətən müharibəsində şəhid olan və şəhadətindən bir neçə gün əvvəl oxuduğu musiqi ilə dillərə dastan olan Xudayar Yusifzadənin doğrum günüdür. O, 15 iyul 1998-ci ildə Bərdə şəhərində dünyaya göz açıb. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

 

Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 21-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. O, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

Şəhidimiz müharibə dövründə göstərdiyi qəhramanlıqla yanaşı, “Vətən yaxşıdır” mahnısını oxuyaraq səsi ilə hər kəsin qəlbini fəth etmişdi.Bu mahnı Xudayarın səsi ilə qəlblərdə iz qoyduğuna görə ona daha sonralar “Xudayar təsnifi” adı verilib.

 

Modern.az Xudayar Yusifzadənin anası Radə Qurbanova ilə həmsöhbət olub.


Radə xanım deyir ki, bu gün onun üçün həm şərəfli, həm də çox ağır gündür:


“Xudayarın yoxluğundan neçə il keçməsinə baxmayaraq, acısı keçməyib, sanki, hadisə bu gün olub. Polad Həşimovun dəfni və Xudayarın doğum günü eyni günə təsadüf edir. Başda Polad Həşimov olmaqla bütün şəhidlərə rəhmət diləyirəm”.


O bildirib ki, Xudayarın ad günlərini qeyd etmir: "Baxmayaraq ki, onun bu gün 26 yaşı olacaq, Xudayar mənim üçün 22 yaşında qalıb, hər zaman da 22 yaşını qeyd edirəm”.

 

Şəhid anası sonda bütün şəhidlərimizə Allahdan rəhmət diləyib: “Allah Prezident, Ali Baş Komandan İlham Əliyevin canına sağlıq versin!”

 

Gülarə Quliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri