Modern.az

TDT-yə üzv dövlətlər ortaq baxış bucağına malikdirlər

TDT-yə üzv dövlətlər ortaq baxış bucağına malikdirlər

17 Mart 2023, 10:54

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə Görüşünün, daha öncə nəzərdə tutlulduğu kimi Şuşada deyil, Türkiyədə keçirilməsi dostluğun, qardaşlığın, dar gündə bir yerdə olmaq bacarığınının növbəti nümunəsidir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Azər Kərimli Türk Dövlətləri Təşkilatının çox mühüm bir təşkilatlanma mərhələsindən keçdiyini, üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ilə bağlı önəmli nəticələr əldə edildiyini vurğulayıb: “Bu prosesdə Azərbaycanın və Türkiyənin oynadığı rolun əhəmiyyəti danımazdır. Ümummilli Lider Heydər Əliyevin “Bir millət-iki dövlət” platformasından çıxış edən Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələr, ikitərəfli münasibətlərin ən yüksək strateji münasibətlər səviyyəsində qaldırılması türk dövlətlərinin bir araya gəlməsində və Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemindəki yerinin müəyyənləşdirilməsində müstəsna rol oynayıb. Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycanın və digər qardaş dövlətlərin nümayiş etdirdiyi həmrəylik nümunəsi ortaq tariximizin həm kədərli, həm də qürurverici səhifələrindən biridir. Bu həmrəylik nümunəsi, eyni zamanda böyük tarixə, ortaq dil və mədəniyyətə sahib olan türk xalqlarının bir-birinə olan təmənnasız qardaşlıq sevgisini, daşıdıqları yüksək humanizm dəyərlərini də göz önünə sərgilədi. Bu çox önəmli faktordur və qarşısılıq münasibətlərin daha da inkişaf etdirilməsində mühüm stimullaşdırıcı faktora çevrilə bilər”.

 

Azər Kərimli qeyd edib ki, TDT-nin Ankarada keçirilən Zirvə Görüşü, sözügedən təşkilatın qlobal iqtisadi və siyasi proseslərdəki mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır: “Ankarada keçirilən Zirvə Görüşündə qəbul edilən ən önəmli qərarlardan biri də, Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması ilə bağlıdır. Təbii fəlakətlərin, texnogen qəzaların artıdığı bir zamanda belə bir mexanizmin yaradılması həm sözügedən qəza və fəlakətlərin aradan qaldırılması, həm TDT-nin təşkilatlanması, həm də türk dövlətlərinin ayrı-ayrı təsisatlarının birgə fəaliyyətinin təşkili baxımından strateji önəm daşıyır”.

 

Deputat TDT dövlət başçılarının Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumunu pisləmələrinin əhəmiyyətini də qeyd edib. Azər Kərimli bildirib ki, Zirvə Görüşünün yekun sənədində Azərbaycan səfirliyinə edilən silahlı hücumun təqsirkarlarının məsuliyyətə cəlb edilməsi, terror aktının tez və hərtərəfli araşdırılması ilə bağlı müddəanın yer alması türk dövlətlərinin terrorizmə qarşı mübarizədə ortaq mövqeyini ifadə edir və TDT-yə üzv dövlətlərin bütün məsələlərdə ortaq baxış bucağına malik olduqlarını nümayiş etdirir.

 

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının X Zirvə görüşündəki çıxışında yer alan fikirləri ölkəmizin XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən türk xalqlarının milli şüurunun oyanması prosesinə, özünəqayıdışına, ortaq dəyərlər, dil, tarix, mədəniyyət kimi mühüm amillər üzərindən qarşılıqlı əlaqələrinin genişlənməsinə verdiyi böyük töhfənin məntiqi davamı, yeni hədəflərin nişan verilməsidir.

 

Azərbaycan Prezidentinin Zirvə Görüşündə verdiyi ən önəmli mesajlardan biri də, şübhəsiz ki, türk dövlətlərinin sərhədlərindən kənarda yaşayan soydaşlarımızın problemləri, onların milli özünəməxsusluqlarının qorunması ilə bağlıdır. Bu, həm də Türk Dövlətləri Təşkilatının dünyanın dörd bir yanında, bu və ya digər dövlətlərin indiki sərhədləri daxilində, lakin öz tarixi ata-baba yurdlarında, həmçinin xarici ölkələrdə yaşayan türklərin arxa-dayağına, güvənc yerinə çevrilməsi baxımından mühüm əhəmiyyətə malik bir mesajdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!