Modern.az

Minatəmizləmə işləri necə gedir... - SON VƏZİYYƏT

Minatəmizləmə işləri necə gedir... - SON VƏZİYYƏT

7 İyun 2023, 09:04

“İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri sürətlə davam etdirilir. Prezidentin tapşırığı ilə ANAMA, Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları, Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu və Dövlət Sərhəd Xidmətinin mina təmizləyənləri, 4 kommersiya qurumu, 1 qeyri- hökumət təşkilatı və əcnəbi mütəxəssislər azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə cəlb olunublar”.


Bunu Modern.az-a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.


O, Ağdam və Tərtər rayonunun ərazilərində daha çox minaların aşkarlandığını deyib:


“İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi tam sürətlə davam edir. Hava şəraiti imkan verdiyi müddətdə proses həyata keçirilir. Beynəlxaq humanitar minatəmizləmə standartlarına əsasən, müəyyən hava şəraitində işləmək qeyri-mümkündür. Minatəmizləmə işləri hazırda işğaldan azad edilmiş bütün ərazilərdə aparılır. Hökumətin tapşırığına əsasən, bəzi ərazilərin minalardan təmizlənməsi prioritet elan edilib. Bu, əsasən infrastruktur layihələrinin həyata keçirildiyi ərazilərdir. Hazırda Ağdam, Füzuli şəhərlərində yaşayış binalarının tikintisi, digər rayonlarda kəndlərin, şəhərlərin salınmas ilə bağlı işlər aparılır. Həmin ərazilər minalardan təmizlənir ki, daha sonra digər qurumlar fəaliyyətlərini həyata keçirə bilsinlər".

 

 

"İşğaldan azad edilmiş bölgələrimizin böyük olması və işğal dövründə kütləvi şəkildə minalanması səbəbindən hələ ki minatəmizləmə prosesinin başa çatmasından söhbət gedə bilməz. Demək olar ki, əməliyyat aparılan bütün bölgələrdə kifayət qədər mina tapılıb. Ağdam, Tərtər  və Füzuli kimi bölgələrdə, digər ərazilərdə minalanma daha çoxdur. Hökumət hansı bölgələr üzrə prioritet elan edirsə, orada daha çox minalara rast gəlinir. Həmin bölgələr minalardan təmizlənir və daha sonra bərpa layihələrinə başlanılır. Elə bölgələr var ki, orada bir kvadratmetr sahədə 6-8 mina aşkarlanır. Belə hallara daha çox Ağdam və Tərtərdə rast gəlmək mümkündür”, - deyə təşkilat rəhbəri vurğulayıb.

 

Aytac Əsədova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir