Modern.az

Şuşanın "mədəniyyət paytaxtı" statusu simvolik deyildi - eks nazir

Şuşanın "mədəniyyət paytaxtı" statusu simvolik deyildi - eks nazir

Mədəniyyət

Bu gün, 17:05

 Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı kimi xüsusi rolu var.

Modern.az xəbər verir ki, bunu  ICESCO-nun Tərəfdaşlıqlar və Beynəlxalq Əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov  Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dayanıqlı və gücləndirici mədəni canlandırma” adlı müzakirədə deyib.

O, Azərbaycan Mədəniyyət Nazirliyinə bu panel sessiyasını təşkil etdiyinə və ICESCO-nu tərəfdaş kimi dəvət etdiyinə görə təşəkkür edib.

Çıxışçı bildirib ki, postmünaqişə dövründə dayanıqlı və gücləndirici mədəni canlandırma modeli ICESCO-nun mədəni irs və bərpa prosesləri ilə bağlı bütün proqramlarının əsasını təşkil edən yanaşmadır.

Onun sözlərinə görə, mədəniyyətin bərpa prosesinin mərkəzinə yerləşdirilməsi postmünaqişə ərazilərinin davamlı inkişafı və dirçəlişi üçün əsas şərtdir.

“Bu model və təşəbbüs xüsusi dəstəyə layiqdir. Mədəniyyət Nazirliyinin belə mühüm beynəlxalq forumda bu təşəbbüslə çıxış etməsini yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb.

Anar Kərimov qeyd edib ki, ICESCO mədəni irsin qorunmasını beynəlxalq gündəliyinin əsas istiqamətlərindən biri hesab edir.

O bildirib ki, bu məqsədlə İslam Dünyası İrs Mərkəzi yaradılıb və qurum İslam dünyasının mədəni irs nümunələrinin qeydiyyata alınması istiqamətində fəaliyyət göstərir.

Anar Kərimov vurğulayıb ki, ICESCO-nun fəaliyyəti UNESCO-nun gördüyü işlərin təkrarı deyil, onu tamamlayan mexanizmdir.

“Məqsəd üzv dövlətlərə Dünya İrs Siyahısına təqdim olunacaq namizədlik sənədlərinin beynəlxalq standartlara uyğun hazırlanmasında dəstək verməkdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu günədək ICESCO-nun maddi və qeyri-maddi irs siyahısına 848 mədəni irs nümunəsi daxil edilib.

“Bu il Səmərqənddə keçirilən komitənin 13-cü sessiyasında isə 16 ölkədən 117 yeni irs nümunəsi siyahıya əlavə olunub”, - deyə çıxışçı əlavə edib.

ICESCO rəsmisi bildirib ki, təşkilatın əsas layihələrindən biri “İslam Dünyasının Mədəniyyət Paytaxtı” proqramıdır.

“Şuşa 2023 və 2024-cü illərdə İslam dünyasının mədəniyyət paytaxtı elan olunub. 2025-ci ildə isə bu status Səmərqəndə verilib”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, “mədəniyyət paytaxtı” statusu yalnız simvolik xarakter daşımır.

“Bu proqram çərçivəsində mədəni irsin sənədləşdirilməsi, festivalların təşkili, gənclərlə iş və digər istiqamətlər üzrə illik fəaliyyət planı hazırlanır”, - deyə Anar Kərimov vurğulayıb.

O əlavə edib ki, bu təşəbbüslər mədəniyyətin beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilməsinə xidmət edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı