Modern.az

Azərbaycanda tələbə olmağın özü elə tələbənin ilk problemidir

Azərbaycanda tələbə olmağın özü elə tələbənin ilk problemidir

Ölkə

10 Oktyabr 2011, 11:54

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. Modern.az layihəyə 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədovla start verib. Vahid Əhmədov Modern.az portalına bildirib ki, o, tələbələrin təhsil prosesində hansı çətinliklərlə üzləşdiklərini, bu məsələlərin aradan qaldırılmasında nəyi çıxış yolu kimi gördüklərini bilmək istəyir.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb:


- Azərbaycanda tələbə olmağın özü elə tələbəni ilk problemidir, çünki tələbə olmaq çox çətindir. "Universitetə bir girən sevinir, bir də çıxan" ifadəsi də boşuna yaranmayıb. Sevinə-sevinə universitetə gələn tələbə sonradan elə problemlərlə rastaşır ki, qəbul olanda keçirdiyi sevincə görə özünü danlamağa başlayır. Tələbə həyatı boyu problemlə rastlaşmaq normaldır, amma baxır onlar necə problemlərdir. Məncə, tələbənin əsas problemlərindən biri dərslik problemidir. Nə vaxt ki, dərslik üçün kitabxanaya müraciət edirik, ya sovet dövründən qalma, vərəqləri cırılmış kitablar tapılır, ya yeni kitabların qalmadığını eşidirik, ya da ki, ümumiyyətlə kitab olmur. Hətta bir şeyi də qeyd edim ki, bəzən kitabxanaçılardan kitab olduğu halda “o kitabdan qalmayıb” cavabını eşidirik. Tapdığımız biri-iki kitab isə Lenin və Stalinin mədhi ilə dolu olur, üstəlik oxuduğumuz bilgilər artıq köhnəldiyindən ondan yararlana da bilmirik. Qazandığımız tək şey vaxt itkisi olur. Düzdür, müəllimlərin mühazirələrinin elektron variantı var, amma, onların da əksəriyyəti sadəcə olaraq saralmış mühazirə kağızlarının elektron varianta çevrilmiş formasıdır. Əgər, dünya univiersitetlərinin reytinqdə hansısa yeri tutmağı arzulayırıqsa, onda ilk növbədə kitabxana problemini həll etməyə başlayaq. Həmçinin kitabxanaçı problemi. Çünki, kitabxanaçılar tələbələrlə çox kobud davranırlar. Sanki, tələbə kitabxanaya gəlməklə böyük günah işləyib, sanki o, kitabxanaçı qarşısında günahkardır.

Tələbələr kitabları təkcə kitabxanadan almır. Bəzən pulla almağa da məcbur olur. Lakin, hazırda Azərbaycanda satılan nə dərsliklərin, nə də bədii kitabların qiyməti tələbə büdcəsinə uyğun deyil. Dərsliklərin minimum qiyməti 5-7 manatdır. Minimum tələbə təqaüdü isə 33 manat. Bu hesabla tələbə ayda 5 kitab almalı olsa, onda 25-35 manat pul xərcləməlidir, bütün pulu kitaba xərcləsə bəs özünə nə qalır? Nəzərə almaq lazımdır ki, ümumiyyətlə təqaüd almayan tələbələr də var. Ona görə də kitab müəllifləri bunu nəzər alsalar yaxşı olar.

Bitmək bilməyən problemlərin digəri isə dəftərdir. Belə ki, biz Boloniya prosesinə qoşulmuş olsaq da, buna qoşulan bütün dünya universitetlərindən çox fərqlənirik. Demək olar ki, Azəbaycandan başqa heç bir ölkədə tələbəyə dəftər yazdırılmır, həmin dəftər qiymətləndirilmir. Hətta bəzi müəllimlər səliqəni qiymətə təsir edən amil kimi şərt qoymur. Biz hələ də başa düşə bilmirik ki, o mühazirələri tələsə-tələsə dəftərə niyə köçürürük? Niyə yazmaq istəməyəndə müəllimlər bizi məcbur edir?

Azərbaycan universitetlərindəki Boloniyanı dünya universitetlərində olan Boloniyadan fərqləndirən digər cəhət isə tələbələrin davamiyyətidir. Daha doğrusu davamiyyətin də qiymətləndirilməsi. Dərsə davamiyyətimiz bizə maksimum 5 bal qazandıra bilir. Halbuki, bu beş balı biz seminar qiyməti ilə də bərpa edə bilərik və elə bur cür də olmağını istəyirik. Ən yaxın ölkə, Türkiyəni misal göstərib qeyd edim ki, orada tələbə dərsə gəlməyə məcbur edilmir. Hətta istəsə bütün semestr boyu dərsə gəlməyə bilər. Yetər ki, semestr sonunda imtahanları versin. Halbuki, Azərbaycanda dediyim  kimi, qayıblara qiymət yazılır. Bunu müəllimlərə deyəndə isə haqlı olaraq deyirlər ki, həmin sistem bizdə də tətbiq edilsə universitetin qapısını açan olmaz. Düzdür, açan olmaz ona görə ki, universitetdəki tələbələrin əksəriyyəti oxumaq istəmədiyi fakultədə təhsil alır. Buna görə də dərsə gəlməmək üçün bəhanə axtarır. Bu isə tələbənin yox, qəbul sisteminin günahıdır. Qəbul sistemi dəyişərsə, bu zaman tələbələrin böyük əksəriyyəti istədiyi fakültədə təhsil alıb, sevdiyi peşəylə məşğul olar.

Təbii ki, tələbələrin problemi yuxarıda sadaladıqlarımla bitmir, bunlar sadəcə təxminən 90% tələbəni narahat edənlərdir. Hər birinin ayrı-ayrılıqda həlli və səbəbi olsa da ümumi bir səbəbi var. SSRİ təsirindən çıxa bilməmək. Bəli, bu gün bizim Boloniya prosesinə rahat keçə bilməməyimiz, tələbənin dərsə gəlməyə, dəftər yazmağa məcbur edilməsi məhz bundan qaynaqlanır. Eləcə də yeri gələndə dərsdə normal müzakirənin qurula bilməməsi. Təəssüf ki, əksər hallarda müəllim müzakirə təşkil etməklə yox, öz fikrini yeritməklə məşğul olur. Müzakirədə 45 nəfərdən cəmi 3-4 nəfəri iştirak etsə də, bəzən müəllimlər o 3-4 nəfərə belə fikrini ifadə etmə azadlığı yaratmır.

Hər müəllim, hər rektor, təhsil naziri və bütün ölkə özünü bizim yerimizdə təsəvvür edib, gənc olduğumuzu xatırlasa onda yəqin ki, nələrisə dəyişməyə çalışarlar.

Fatimə Kərimli
BDU, Jurnalistika fakultəsi, IV kurs

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı