Modern.az

“Texnologiya insan üçündür, insan texnologiya üçün yox” (ARAŞDIRMA)

“Texnologiya insan üçündür, insan texnologiya üçün yox” (ARAŞDIRMA)

Ölkə

11 Noyabr 2011, 11:52

Tarixən hər bir yenilik özündən əvvəlkini “məhv etmək” təhlükəsi yaratdığından, heç vaxt heç bir yenilik yaranan kimi xoş qarşılanmır. Hər zaman yeniliyə qarşı çıxanlar, üstəlik əks arqumentlər ortaya qoyanlar mövcud olub və əslində elə bu cür də olmalıdır. Tarixin heç bir mərhələsində ixtiralar və kəşflər ilk vaxtlar alqışlanmır. Bu, özünü ilk əmək alətlərinin, manufakturaları əvəz edən fabrik və zavodların, sadə elektron-hesablayıcı maşınlarını əvəzləyən kompüterlərin və s. yaranmasından göstərir. Belə ki, hər yenilik özündən əvvəlkinin bəzən “qatı düşməni”nə, bəzən isə “qatı mühafizəkar”ına çevrilir. Belə yeniliklərə qarşı çıxanlar da, və ya əksinə müdafiə edənlər də milyonlarladır və bu əks “qütblər” əsrlərdir mübarizələrində israrlıdırlar.

XIX əsrdə sənaye inqilabı ilə əlaqədar olaraq, maşınlar əl əməyini əvəz etdi və insan əməyi bir növ ikinci plana keçdi. Ancaq çoxlarımız “axı maşınları da idarə edənlər insanlar özləri idi” desə də, insan onların “əməyi”ni oğurlayan bu texnikaya qarşı çıxdı və avtomatlaşdırılmış rəqibini “məhv etmək” qərarına gəldi: 1811-ci ildə kütləvi şəkildə bu avadanlıqların məhvinə başladılar. Ancaq həmin maşınları ixtira edən də elə insanın özü idi: o, yaratdığının gücünü görür və “sonrakı peşmançılığı” ilə məhvinə çalışırdı. Burada hər nə qədər əl əməyini yüngülləşdirmək, vaxt itkisinin qarşısını almaq məqsədi olsa belə. Fakt öz faktlığında qalırdı ki, insan yeniliyə qarşı çıxırdı.

Maşınların sındırılması hərəkatı, tarixdə doğrudan da mövcud olub olmadığı mübahisələrə səbəb olan “General Ludd”un adı ilə bağlanılır. Deyilənə görə, Ludd iki corab dəzgahını sındırmaqla “maşınsındırma” hərəkatına start vermiş oldu. İnsanla texnikanın ciddi müharibəsi başladı. “Dəzgahsındıranlar”, “maşınqıranlar” hərəkatı meydana gəldi. Texnikaya qarşı atılan hər bir addım da “luddizm” adlandırıldı. XXI əsrdə kompüterlərə qarşı atılan bu addım “neoluddizm” kimi qəbul olundu-texnofobiya yeni mərhələsinə addım atdı.

Saatın ixtirası kilsə zənglərini ( eləcə də su və qum saatlarını), kompasın ixtirası göydəki ulduzları və küləyi, kağızın hazırlanması papirusu, kitab çapının ixtirası basma üsulunu və s. “kölgədə qoydu”.
Radio ixtira olunanda bəlkə də qəzet redaktorlarının çoxu Markoniyə, Popova lənət yağdırdı, eləcə də Televiziyanı ixtira edən ABŞ alimləri günahlandırıldılar. Axı onlar adlarını tarixə “yenilikçi” kimi yazdırdılar. Eyni narahatlığı radio və televiziya da özlərinin internet versiyaları yaranandan sonra yaşadılar. İnsanlar da “şeytan qutusu”na birmənalı münasibət göstərmədilər. Bu gün Amerikada insanlar həftədə 11 saat internet-tv qarşısında əyləşirlər. Bu rəqəm İtalyada həftədə 13,6 saat, Niderlandda isə 9,8 saatdır. Azərbaycana gəlincə, 2010-cu ilin statistikasına görə, ölkəmizdə internet istifadəçilərinin sayı 3,7 milyona yaxındır. Lakin bütün bunlarla bərabər, internetin qadağan olunduğu İran, Türkmənistan və s. kimi ölkələr də var.

Kompüter dostumuzdur, yoxsa düşmənimiz?

...və Evrika!

1946-cı ildə yaranan bu möcüzə, dünyanın hər bir bucağında iri addımlarla evlərə doğru irəlilədi və “yenilik” qalib gəldi. İnsanlara, sözün əsl mənasında xidmət edən bu qurğu tezliklə bərabərliyində interneti də gətirdi və insanların özündən asılılığını daha da gücləndirdi. Texnika, artıq, insan şüurunu əvəz etməyə başlayıb: bizim işimizi görür, axtarır, tapır, öyrədir, göstərir, şüurumuza, düşüncəmizə təsir edir, əyləndirir və s. Lakin klaviatura insan barmaqlarına tabedir. Demək, insan amili hələ də öndədir. Kompüter və internet haqqında həm optimistlərin, həm də pessimistlərin mövqeyindən yanaşmadan öncə bəzi faktlara nəzər yetirək:

Microsoft şirkətinin təsisçisi Bill Qeyts öz uşaqlarına kompüter oyunlarından və “messenger”lərdən istifadəni qadağan edib. O, kompüter arxasında keçirilən gündəlik vaxt limitini isə 45 dəqiqə müəyyənləşdirib. Bununla yanaşı, valideynlər üçün nəzarət proqramlarını da hazırlamağı unutmayıb. Bill Qeytsin özü isə eyni vaxtda 3 kompüterdən istifadə edir.
 
Syuzan Moshart isə övladlarına 6 aydan bir kompüterdən istifadə etməyə icazə verir: “Biz, artıq bir ailə kimi deyildik. Gerçək həyatda ailə üzvlərimiz arasında adi, insani əlaqələrimizi itirmişdik. Ancaq kompüter olmayanda bir stol arxasında toplaşırıq, uşaqlar kitabxanalara, kinoya gedirlər”.
 
Mişel Obama isə uşaqlarına sosial şəbəkə olan Facebook-dan istifadəni qadağan edib. O, bunu sadəcə belə izah edib: “Buna lüzum yoxdur”.

Statistikaya görə, amerikalı valideynlərin 43%-i uşaqlarının sosial şəbəkələrdən istifadəsinə qarşıdır. Digərləri isə buna 15 yaşdan sonra icazə verirlər.

Texnologiyaya qarşı ən radikal addımı isə Amerika terrorçusu Teodor Kaçinski atıb. O, özünə meşədə bir daxma tikmiş və düz 25 il orada texnikasız yaşamışdır: “İnsanın texnologiyadan asılılığı içki düşkününün çəlləklə dolu pivəyə aludəçiliyinə bərabərdir”.
O, ümumiyyətlə sənaye inqilabını kəskin surətdə tənqid edirdi. Kim bilir, bəlkə də Ted bu addımı texnikaya düşmən olduğu üçün deyil, gizlənmək üçün atmışdı?! Axı həm də texnika onu terrorçuya çevirmişdi.

Texnologiyalar insanlarda diqqətsizlik, şizofreniya və depressiya yaradır-bu tendensiya, artıq mövcuddur. Bununla yanaşı, kompüter insanı robotlaşdırır, onu cəmiyyətdən-canlı ünsiyyətdən məhrum edir kimi fikirlər də səsləndirilir. Elə isə sual çıxır: bəs skayp, bəs audio-video konfranslar?-bunlar nə üçündür. Amma gəlin baxaq, doğrudanmı bunlar canlı ünsiyyətin keyfiyyətini verir?

Kompüterin insan sağlamlığına zərəri ilə yanaşı, internetin “törətdiyi cinayət”lər də var və bu “cani” heç bir cəza almadan öz bildiyini edir: saatlarla kompüter arxasında oturan biri insultdan dünyasını dəyişir, yaxud internet üzərindən narkoticarətlər aparılır, ən əsası isə ideologiyaya güclü təsir göstərilir: üsyanlar, inqilablar baş verir. 

Doğrudanmı insan texnikanı yox, texnika insanı idarə edir. Kifayət qədər “qütbləşmə”lər gedir və hər iki tərəfin özünə görə haqlı dəlilləri var. Hər halda, hər bir dövrün texnikası o dövrün insanı üçün düşünülüb. Unutmayaq ki hər bir yenilik özündə bir köhnəni birləşdirir və Uoren Baffetin təbirincə desək “texnologiya insan üçündür, insan texnologiya üçün yox”.  

Nuranə ABBASOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı