Modern.az

Ekspert Təhsil Nazirliyinin cavabı ilə razılaşmır

Ekspert Təhsil Nazirliyinin cavabı ilə razılaşmır

Страна

11 Yanvar 2012, 14:08

Səftər Nəhmətli: “Niyə 7 manatlıq test kitabı, bir manat artığına satılır?”

Bir müddət öncə Modern.az saytında Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş attestat imtahanları üçün çap etdirdiyi test bankı kitablarında səhvlərin olması haqda məlumat gedib. Kimya elmləri namizədi Səftər Nəhmətli saytımıza açıqlamasında bu səhvləri səhifə, bölmə və testlərin nömrələrinə qədər konkret göstərmişdi.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi ekspertin iradlarını araşdıraraq fikirlərini yazının şərh bölməsində bildirib. Onlara görə həmin testlərdən 3-ü düzdür, heç bir yanlışlıq yoxdur. 5 sualdakı səhvlər 2011-ci ilin test kitabında olub və 2012-ci ilin nəşrində düzəldilib. Cavabda həmçinin qeyd edilib ki, ekspertin sadaladığı testlərdən biri doğrudan da səhvdir və bu, nəzərə alınacaq. (Buradan oxuya bilərsiniz //modern.az/articles/19981/1/)

Lakin nazirliyin adıçəkilən şöbəsinin cavabını Səftər Nəhmətli qənaətbəxş hesab etməyib. O, yenidən Modern.az saytına açıqlamasında onların qeyri-səmimi davrandıqlarını bildirib. Bundan əlavə, S.Nəhmətli nazirlik rəsmisinin cavabında onu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının eksperti kimi təqdim etmələrinə də münasibət bildirib. Onun sözlərinə görə, bu komissiyanın ümumiyyətlə eksperti deyil və tutduğu sosial status və siyasi əqidə hər hansı bir təşkilatın eksperti olmağına imkan vermir:

“İki dövlət qurumu arasında gedən savaşda mən iştirak etmirəm. Sadəcə, Azərbaycan vətəndaşlarına saxta, düzgün olmayan çap məhsulunun pulla satılmasının əleyhinəyəm. Bundan əlavə, buraxılış imtahanları üçün nəzərdə tutulan test kitabı 7 manat olduğu halda, orta məktəb şagirdlərinə bu məcburi qaydada 8 manata satılır. Digər tərəfdən, onlar mənim irad bildirdiyim testlərin nömrələrini bilərəkdən dəyişərək, “bu testlər düzdür” deyə vəziyyətdən çıxmağa çalışıblar”.

Kimya fənni üzrə ekspert 259-cu səhifə, 8-ci bölımə test nömrə 14 yox, 4 qeyd etdiyini deyir: “Burada testin iki cavabı var. Bundan əlavə, səhifə 277, bölmə 23, nömrə 8 testində kimyəvi rabitə işarəsi olan siqma işarəsi yoxdur. Bu testin də düz olduğunu deyirlər, amma yalnışdır. 275-ci səhifədə 8-ci bölmədəki 13 nömrəli testdə isə normal butanın izobutana çevrilməsi reaksiyası verilib. Orada izobutanın qrafik ifadəsi formulu düzgün deyil. Üstəlik, 2011-ci ildə buraxılan kitabı gecikmiş hesab edirlər. Axı, 2010-cu ildə test kitabı nəşr olunanda onun 5 illik müddətə nəzərdə tutulduğunu bildirmişdilər. Amma 2011-ci il bitməmiş 2012-ci ilin kitabını buraxırlar”.

S.Nəhmətlinin fikrincə, 3-5 test artıqlığı buraxılan test kitabında nüsxələr də düzgün qeyd edilməyib: “Kitabın 5 min tirajla nəşr edildiyini bildirirlər. Amma istənilən ailəyə getsəniz, orada bu test kitabından istifadəyə edilyini görərsiniz. 2010-cu ilin fevral ayında nəşr olunan test kitabında faktiki tiraj göstərilməyib. Dövlət vəsaiti hesabına çap olunan nəşrdə tirajın göstərilməməsini necə başa düşək? Bunun nəyə xidmət etdiyini yaxşı bilirəm.

Vətəndaş, ziyalı olaraq arzum bu səhvlərin düzəldilməsi və  Azərbaycan təhsilinin keyfiyyətinin yüksəldilməsidir. Amma mən dinlənməyənə qədər bunlar öz səhvlərini düzəltməyiblər”.

Ekspert məktəblərin elektronlaşdırıldığına diqqət çəkərək test kitabının elektron formada da şagirdlərə çatdırılmasının mümkünlüyünü vurğulayıb: “Ancaq bunu da etmirlər.

Təhsil naziri dəfələrlə deyib ki, Azərbaycanın bütün məktəbləri elektronlaşdırılıb, internetlə təmin edilib. Əgər belədirsə, o zaman niyə bu kitabı zorla vətəndaşa satıb onun cibinə girirsən? Elə həmin test kitabını elektron versiyada bütün məktəblərə göndərsinlər və şagirdlər də ondan istifadə etsinlər. Deməli, Misir Mərdanovun bütün məktəblərin elektronlaşdırılması barədə dediyi fikirlər hamısı boş xülyadan, cəfəngiyyatdan başqa bir şey deyil”.

Səftər Nəhmətli saytımıza açıqlama verdikdən sonra təhdidlərə məruz qaldığını da bildirib. Ekspertin sözlərinə görə, mənəvi-psixoloji təzyiqlərlə onun işinə mane olurlar:

“Bir daha qeyd edirəm ki, mən heç bir qurumdan asılı deyiləm və bu işdə də heç bir siyasi məqsədim yoxdur. İstəyim səhvlərin düzəldilməsidir ki, Azərbaycan cəmiyyətinə normal təhsil vermək isə Təhsil Nazirliyinin boynuna biçilib”.

S.Nəhmətli müəyyən səhvlərin kitabda düzəldilməsinin gecikməsi barədə fikirləri də düzgün qəbul etmir:  “Ola bilər ki, kitabdakı səhv ya kompüterçinin, ya da müəllifin səhvidir. Bu səhvlər ciddi və konkret araşdırılıb, vətəndaşa təqdim edilməli idi.

Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsi Təranə Hacıyevanın mətbuat vasitəsilə mənə verdiyi normal cavaba görə ona təşəkkür edirəm. Amma ikinci dəfə Modern.az saytında səhvlərin gecikmiş olması və ya test nömrələrinin dəyişdirilərək Azərbaycan vətəndaşının aldadılmasını qəbul edə bilmərəm”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı