Modern.az

AMİP müxalifətə yeni birlik modeli təklif edir

AMİP müxalifətə yeni birlik modeli təklif edir

Ölkə

16 Yanvar 2012, 14:42

Yusif Bağırzadə: “Biz yeni təsis olunan müqavimət hərəkatına qoşulmaq niyyətində deyilik”

Azərbaycan Milli İstiqlal Partiyası bir neçə partiyanın yeni təsis etdiyi Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına qoşulmaq niyyətində deyil. Partiyanın sədri Yusif Bağırzadə Modern.az saytına deyib ki, əgər hər hansı təşkilata qoşulmaq zərurətə çevrilərsə, bu halda AMİP İctimai Palatanı seçə bilər:
“Biz adıçəkilən hərəkatın təsis konfransında qonaq qismində iştirak edirdik. Mənim Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə görüşümün AMİP-in hərəkata qoşulmaq istəməsi kimi yozulması tamamilə səhvdir”.

Yusif Bağırzadənin sözlərinə görə, onun sədri olduğu partiya müxalifətin tam fərqli əməkdaşlığının tərəfdarı olduğu üçün hazırda bu istiqamətdə müzakirələr gedir: “Mən ADP sədri Sərdar Cəlaloğlu ilə də görüşmüşəm. Hazırda müxalifət partiyalarının bir neçə təşkilatı fəaliyyət göstərir. Hakimiyyət isə həmişə vahid mövqedən çıxış edir. Bunun nəticəsində müxalifətin seçkilərdə məğlubiyyətlə üzləşməsi daha asan baş verir. Biz təklif edirik ki, 2013-cü il prezident seçkiləri ərəfəsi müxalifətin vahid mövqedən çıxışına şərait yaradacaq fərqli birlik modeli tapılsın”.

AMİP sədrinin fikrincə, müxalifət həqiqətən azad və şəffaf seçki uğrunda mübarizə aparırsa, bir neçə blokun, hərəkatın, yaxud başqa qurumun yaradılmasına ehtiyac yoxdur: “Biz daha yumşaq ittifaq tərəfdarıyıq. Əgər təkliflərimiz nəticəsində belə birliyin yaradılmasına nail ola bilsək, onda həm Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edilməsi, həm də “Siyasi partiyalar haqqında” daha mükəmməl qanunun ortaya çıxarılması mümkündür”.

Yusif Bağırzadə yeni birlik üçün partiya rəhbərləri ilə görüşlərini davam etdirəcəyini də vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı