Hipertoniya çox geniş yayılmış xəstəlikdir. əsasən yaşlı adamlarda bu xəstəliyə daha çox təsadüf olunur. Həmçinin, gənc yaşlarda da buna rast gəlinir. Kişilər və qadınlar bu xəstəliyə eyni dərəcədə tutulur. Hipertoniya ürək–damar xəstəlikləri arasında əlilliyə və ölümə səbəb olan xəstəliklərdən biridir və geniş yayılmışdır.
Xəstəlik ilk dəfə olaraq 1922–ci ildə Lanq tərəfindən essensial hipertoniya sərbəst nozoloji forma kimi təklif olunmuşdur. Bu zaman arterial təzyiqin yüksəlməsi daxili orqanlarda heç bir pozğunluq olmadan, yəni birincili çıxır. Bir sıra böyrək xəstəliklərində, daxili orqanların patologiyalarında, aortanın aterosklerozu (ateroskleroz–xroniki xəstəlikdir. Bu xəstəlik arteriayaların divarında lipidlərin və kalsium duzlarının toplanması və birləşdirici toxumanın inkişafı ilə əlaqədar damarların sərtləşməsi və mənfəzinin daralması baş verir. Son nəticəsədə orqanizmdə qan dövranı pozulur), iri arteriyaların daralmasında və s. arterial təzyiq yüksəlir. Bu göstərilən patoloji vəziyyətlərdə arterial təzyiqin yüksəlməsinə simptomatik və yaxud ikincili hipertoniya deyilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspert komissiyasının məlumatına əsasən, sistolik (ürək mədəciklərinin yığılması zamanı) təzyiqin 160 millimetr civə sütunundan, diastolik (ürək qulaqcıqlarının boşalması zamanı) təzyiqin 95 mm.c.süt–dan yüksək olması hipertoniya xəstəliyi üçün xarakterik əlamətdir.
Etiologiyası
Hipertoniya xəstəliyinin etiologiyasından danışdıqda ilk növbədə nevrogen nəzəriyyəni qeyd etmək lazımdır. Bu nəzəriyyəyə görə, hipertoniya xəstəliyinin əmələ gəlməsinin əsas səbəbi psixi gərginliklər, sinir–psixi yorğunluq, mənfi emosiyalar, ruhi sarsıntılardır. Lanq göstərir ki, bu xəstəliyə gərgin ritmli şəhər əhalisi arasında daha çox təsadüf olunur. Myasnikovun müşahidələrinə əsasən, xəstəlik psixi gərginliklərə məruz qalan, zehni işlə məşğul olan adamlarda (müəllimlər, həkimlər, sürücülər və alimlər və s.) daha çox rast gəlinir. Hipertoniya xəstəliyinin əmələ gəlməsinə meyl törədən amillərdən biri irsi konstitusional xüsusiyyətlərdir.
Müxtəlif peşə sahiblərində mənfi amillərin təsirindən də arterial təzyiq yüksələ bilər (səs–küy, görmənin gərginliyi, həmişə diqqət tələb edən amillər). Qadınlarda hipertoniya xəstəliyinə klimaks dövründə daha çox təsadüf olunur. Müxtəlif beyin travmaları və intoksikasiyalar da (alkohol, nikotin) bu xəstəliyi əmələ gətirə bilər.
Səbəbləri. Məlumdur ki, arterial təzyiqin səviyyəsi ürəyin dəqiqəlik həcmindən və periferik damar müqavimətindən asılıdır. Arterial təzyiq aşağıdakı hallarda yüksəlir:
Periferik damarların neyrogen mənşəli spazmı ilə əlaqədar periferik müqavimətin artması.
Ürəyin dəqiqəlik həcminin artması (ürəyin işinin neyrogen mənşəli artması və ya Natriumun orqanizmində çoxalması nəticəsində damarlarda qanın maye hissəsinin artması səbəbindən).
Ürəyin dəqiqəlik həcminin və periferik müqavimətinin artması.
Normal halda ürəyin dəqiqəlik həcmi artıqda periferik müqavimət azalır. Ona görə də arterial təzyiq normal səviyyədə qalır. Hipertoniya xəstəliyində belə bir qanunauyğunluq olmur. Ancaq Lanqın dediyinə görə, hipertoniya xəstəliyinin patogenezində əsas yeri psixoemosional təsirlər nəticəsində arterial təzyiqin mərkəzi tənziminin pozulması tutur. Böyrəküstü vəzin adrenalin və noradrenalin hormonlarının ifrazı artır. Bu isə ürəyin dəqiqəlik həcminin artmasına səbəb olur. Bütün damarlarda olduğu kimi böyrək damarlarının da spazmı baş verir, bu, böyrəklərin işemiyasına səbəb olur.
Xəstəliyə meyl yaradan amillərdən yaş və irsiyyət böyük rol oynayır. Yaşlı adamlarda damar divarında atesklerotik dəyişikliklərlə əlaqədar hipertoniya xəstəliyinə çox təsadüf olunur. Bu xəstəliklər arasında patogenetik yaxınlıq olduğu müəyyənləşdirilmişdir.
Əlamətləri
Xəstəliyin erkən və daimi əlaməti arterial təzyiqin yüksəlməsidir. Xəstəliyin başlanğıc dövründə arterial təzyiqin yüksəlməsi keçici xarakter daşıyır, sonrakı dövrlərdə hipertoniya stabil vəziyyət alır və arterial təzyiq yüksək səviyyədə dayanır. Həm sistolik, həm də diastolik təzyiq yüksəlir. Əgər I mərhələdə arterial təzyiqin ancaq dövri yüksəlməsi qeyd olunursa, artıq II mərhələdə arterial təzyiqin göstəriciləri stabilləşir. I variantda arterial təzyiq sutka ərzində yüksək rəqəmlərdən normal səviyyəyə qədər dəyişə bilər. Bu hal mənfi emosiaların təsirindən, meteoroloji dəyişikliklər nəticəsində ola bilər. Xəstəliyin stabil gedişində arterial təzyiq yüksək olur, sutka ərzində az dəyişir. Arterial təzyiqin, xüsusən də diastolik təzyiqin daim yüksəlmə səviyyəsi, xəstəliyin ağır dərəcəsinə, arterial təzyiqin daim yüksək səviyyədə olması böyrəklərin damar sistemində üzvi dəyişikliklərin getməsini göstərir. Təzyiqin qısa müddətə yüksəyə qalxması – krizlər - xəstəliyin bütün mərhələlərində müşahidə olunur.
Xəstəliyin kəskinləşmə anında xəstələrin əsas şikayətləri: başağrıları olur (miqren xarakterli). Ağrılar tutma şəklində inkişaf edir, bir neçə saat davamlı olur və qusma ilə qurtara bilər. Bəzən baş ağrısı huşun itməsi ilə müşayiət oluna bilər, tez-tez başgicəllənmə, qulaqlarda küy, gözlərin önündə qara nöqtələr, ürəkdöyünmə, tez yorulma, fiziki zəiflik müşahidə olunur. Koronar damarlarda dəyişiklik olmadıqda nadir hallarda stenokardiya tutması meydana çıxa bilər. Hipertoniya xəstəliyinin I mərhələsində ürək və iri damarların rentgenoloji müayinəsində nəzərə çarpacaq dəyişiklik tapılmır. Gecikmiş mərhələlərdə ürək konfiqurasiyasının xaraxter dəyişikliyi aşkar olunur.
Hipertoniya xəstəliyinin əsas obyektiv əlamətlərindən biri də göz dibində baş verən dəyişikliklərdir. Başlanğıc mərhələdə ancaq damar dəyişiklikləri: torlu qişanın arteriyalarının daralması, venaların genişlənməsi aşkar olunur. Göz dibinin hipertonik zədələnməsinin əsas əlamətlərindən biri də hemorragiyadır. Axır mərhələdə görmə siniri mədəciyində ağ ləkələr, bəzən torlu qişanın sorulması və görmə sinirinin görmənin itməsinə gətirib çıxaran atrofiyasına təsadüf olunur.
Hipertoniya xəstəliyində mərkəzi sinir sisteminin zədələnməsini xəstəliyin mərhələsindən və beyin damarlarının aterosklerozla nə dərəcədə zədələnməsindən asılıdır. Başlanğıc dövrdə güclü baş ağrıları və yuxunun pozulması ola bilər. Beyin qan dövranının pozulması krizlər dövründə, həmçinin xəstəliyin gecikmiş mərhələsində meydana çıxır. Onlar kiçik və böyük insultların meydana çıxmasına səbəb olur. Nəticədə hərəki və hissiyat funksiyaları pozulur. Xüsusən də ətrafların iflici, nitqin pozulması, huşun itməsi, beyin mənşəli qusma və digər simptomlar əmələ gəlir.
Xəstəliyin başlanğıc dövründə böyrəklərin funksiyasında dəyişiklik olmur. Dövri olaraq sidikdə tək-tək eritrosit və cüzi miqdarda zülal ola bilər. Sonrakı dövrlərdə böyrək aterosklerozunun inkişafı ilə əlaqədar kəskin ağırlaşmalar qeyd olunur.
Xəstəliyin I mərhələsi funksional pozğunluqla, II mərhələsi orqanlarda üzvi dəyişiklik olmadan stabil arterial təzyiqlə xarakterizə olunur. III mərhələyə sklerotik mərhələ deyilir, bu zaman arterial sistmin aterosklerotik zədələnməsi, qan dövranı pozulması ilə əlaqədar bir sıra orqanlarda dəyişikliklər aşkar edilir. Damar zədələnməsi olmadıqda və qanın reoloji xassələri dəyişilmədikdə hipertoniya xəstəliyi nadir hallarda ağırlaşmalara gətirib çıxarır.
Hipertoniyada beyin əlamətlərinə beyin damarlarının aterosklerotik zədələnməsi olan xəstələrdə daha çox təsadüf edilir. Onlarda əsas simptom baş ağrıları, görmənin kəskin pozulması, eşitmənin və yaddaşın pisləşməsi, beyin qan dövranının dinamik pozulması ola bilər.
Klinik gedişinə görə hipertonik krizin 2 növü ayırd edilir: Birinci növ krizlər yüngül və qısa müddətlidir. Bu növ kriz xəstə özünü yaxşı hiss etdiyi fonda inkişaf edir, bir neçə dəqiqədən bir neçə saata qədər davam edir və vegetativ simptomlarla xarakterizə olunur. Xəstənin əhvalı sürətlə pisləşir, kəskin baş ağrısı əmələ gəlir, bəzən başgicəllənmə və görmənin zəifləməsi, ürəkbulanma, qusma olur. Xəstə oyaq olur, tez-tez ağlayır, ürəkdöyünmədən və bütün bədənin əsməsindən şikayət edir. Gözlərin parıltılı, dəri tərlə örtülmüş olur. Sifətdə, boyunda və döş qəfəsində qırmızı ləkələr meydana çıxır. Taxikardiya meydana gəlir. Bu krizlər hipertoniya xəstəliyinin erkən mərhələlərində müşahidə edilir.
İkinci növ krizlər ağır olur, ləng inkişaf edir, uzunmüddətli gedişə - bir neçə saatdan 4-5 gün və daha çox davam edə bilər. Bu kriz hipertoniya xəstəliyinin son mərhələsi üçün xarakterikdir. II növ krizlərdə beyin pozulması əlamətləri müşahidə edilir. Başda ağırlıq, kəskin başağrısı olur. Beyin qan dövranının ocaqlı pozulması əlamətləri qeyd edilir. Əsasən qusma və ürəkbulanma müşahidə olunur. II növ krizlər ürək astması tutması ilə müşayiət oluna bilər. Diastolik təzyiq yüksəlir, nəbzin sayı dəyişmirvə ya azalır.
Hipertonik krizin ödemli variantında sifət şişkinləşmiş, solğun, göz qapaqları şişmiş olur. Lakin ödem müşahidə olunmur. Çox vaxt bu vəziyyət inkişaf etdikdə əzələ zəifliyi baş verir. Hipertonik krizin epileptik forması – huşun itməsi, qıcolmalarla xarakterizə olunur. Krizin əsas simptomlarından qıcolma, amneziya, görmənin, eşitmənin pozulması, beyin ödeminin əmələ gəlməsinə və s. rast gəlinir.
Xalq təbabəti ilə müalicə
Hipertoniya xəstələri əsasən pişikotu, damotu, yemişan, istiotlu nanə, dərman bədrəncotu, mayasarmaşığı qozası, itburnu meyvəsi və s. bitkilərdən, yaşıl çay və baldan istifadə etməlidirlər.
1 xörək qaşığı bal 1 stəkan mineral suda həll edilib üzərinə yarım limon şirəsi əlavə edilir. Müalicə müddətində bir dəfəyə acqarına içilir. Prosedur 7-10 gün davam edilir.
3 kq soğan şirəsi çıxarılıb üzərinə 500 qr bal, 25 qr qoz arakəsməsi və ½ litr araq əlavə edilir. 10 gün saxlandıqdan sonra gündə 2-3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
2 həftə müddətində yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1/3 stəkan quşarmudu meyvəsinin şirəsi daxilə qəbul edilir.
Qara qarağat şirəsi və ya giləmeyvələrinin dəmləməsi gündə 3-4 dəfə ¼ stəkan daxilə qəbul edilir.
Hipertoniya zamanı pəhriz
Məsləhətdir: vitamin C, maqnezium və kaliumla zəngin meyvələr (ərik, üzüm, alma, qarağat, əncir və s.), tərəvəzlər (kartof, lobya, pomidor, xiyar, kələm, yaşıl noxud, soya qırmızı turp, yaşıl soğan və s.), kəsmik,süd məhsulları, yumurtanın ağı, yarmalar, qaynadılmış mal əti.
Qadağandır: gün ərzində ½ çay qaşığından artıq xörək duzunun qəbulu, yağlı qidalar, yağlı, kremli şirniyyatlar, təzə çörək, tünd çay, kofe kakao, sokolad, spirtli içkilər, konservlər, ədviyyatlar.
Məhdudlaşdırılır: xörək duzu, şəkər, mürəbbə, bal, konfet, kərə yağı, yağlı yaxma.
Qida rejimi: gündə 4-5 dəfə.
Müalicə və pəhriz “HERBA FLORA” jurnalından istifadə olunub.
Azər SALEHLİ
Azərbaycan Tibb Universitetinin tələbəsi