Modern.az

Yol var, YOL var...

Yol var, YOL var...

Country

26 İyun 2012, 14:41

Bir neçə gün öncə əziz dostumuz Elçin Mirzəbəylinin yeni çapdan çıxmış “Poz bu sükutu” kitabının Mətbuat Şurasında təqdimatı keçirildi. Tədbirin sonunadək qala bilmədiyim üçün orada deyə biləcəklərimi burada yazmaq qərarına gəldim.

Təqdimat mərasimində danışanların bir çoxunun çıxışında Elçin Mirzəbəyli ilə onları birləşdirən bir ortaq xətt vardı: “Mən Elçini daha yaxından səfər zamanı tanımışam”, “Elçinin yaxşı yol yoldaşlığı var”, “Elçin Mirzəbəyli ilə bir dəfə yol yoldaşı olmağım, onu tanımağıma nədən oldu” və sairə.  

“Qardaşın necə adamdı, yol yoldaşı olmamışam” məsəlinin dərin hikməti burada da özünün təsdiqini tapır. Ən yaxın çevrəndə, ailəndə olan insanı belə səfərdə, yolda tanımalı olursan. Bu mənada, Elçin bəy haqqında həmkarlarının yol təssüratlarının doğurduğu nəticəni “legitim” saymaq olar...

Açığı mənim hələki Elçin bəylə yol yoldaşlığım olmayıb. Nə ölkənin hansısa bölgəsinə, nə də ölkə dışına birgə çıxmışıq. Bu baxımdan, yol təəssüratları əsasında Elçin bəyi tanımaq və bu əsasda fikir yürütmək imkanından uzağam.

Elçin Mirzəbəyli qəzet redaktoru olmaqla yanaşı, həm də bir siyasi partiyanın aparıcı yetkilisidir. Ölkəiçi siyasi münasibətlərdə iştirakçı olmadığım (və açığı bu münasibətlər mənə maraqsız gəldiyi) üçün Elçin bəyin təmsil etdiyi siyasi mövqeni də mütləq qiymətləndirmə üçün aparıcı meyar saymıram. 

Amma bütün bunların yanında Elçin Mirzəbəyli ilə bölüşdüyümüz bir ortaqlıq var. Biz Bütöv Azərbaycan adlı bir ünvana aparan YOLun yolçularıyıq. Elə bir YOL ki, bu gün hətta bəzi yolları üzümüzə bağlayıb.

Heç kim qalxıb “Mən Bütöv Azərbaycanın əleyhinəyəm”, deməyəcək. Və hamı “Mən də Bütöv Azərbaycanın bir gün gerçək olmasını istəyirəm” deyəcək.

Amma Elçin bəy çağdaş Azərbaycan tarixini şərəfləndirə biləcək Bütöv Azərbaycan idelanı yalnız istəyənlərdən deyil, qəzetçi, politoloq, şair və bir Azərbaycan türkü kimi özünü bu YOLa həsr edənlərdəndir. Buna görə də çoxlarının yaxın etdiyi yolları – Təbriz yolunu, Urmu gölünü bu gün özünə uzaq edib (Şüurlu şəkildə seçilmiş və mənə “doğma” olan bu yasaq o qədər acıdır ki...).

Sağlıq olsun, yəqin ki, qarşıda Elçin bəylə həm bölgələrdə, həm xaricdə səfərlərdə olacağıq. Amma Tanrı bizə böyük YOLumuzun nəticəsi olaraq azad Qarabağın,  azad Təbrizin yollarını açsın. Biz də yurdumuzun bu başından o başına səfərlərə çıxaq, yol yoldaşı kimi də bir-birimizi kəşf edək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı