Modern.az

Sərdar Cəlaloğlu: “Təklənmişəm” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Təklənmişəm” - MÜSAHİBƏ

Ölkə

20 İyun 2013, 17:16

“Hamı elə bilir ki, mən hakimyyətin adamıyam”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Modern.az saytına müsahibəsini təqdim edirik.

- Sərdar bəy Milli Şura elan olunandan bəri siz bu quruma müxalif mövqeyinizlə seçildiniz. Sizdən fərqli olaraq bəzi həmkarlarınız, yəni müxalif partiya liderləri Milli Şurada təmsil olundular. İndi isə Rüstəm İbrahimbəyovun namizədliyi gündəmdədir. Artıq liderlər də onun namizədliyini dəstəkləyirlər. Siz necə düşünürsünüz, Rüstəm bəyin namizədliyi doğru seçimdirmi?

- Mən ilk gündən demişəm, indi də deyirəm ki, Rüstəm İbrahimbəyovun vahid namizədliyi uğursuz variantdır. Bu insan siyasətdən uzaq insandır. Onun verdiyi bəyanatlardan görünür ki, siyasi təcrübəsi yoxdur. İctimai rəyə təsir göstərə bilmir. Bəzən Rüstəm bəy verdiyi açıqlamaları ilə özünü pis vəziyyətə qoyur. Amma çoxları bilmir ki, onların indi elan etdiyi Milli Şura ideyası bizə məxsusdur. Yadınızdadırsa biz 7 müxalif partiya lideri ilə görüşəndə bu məsələni təklif etmişdik. Milli Şura ideyasını biz təklif etmişdik. Mən hesab edirəm ki, Rüstəm İbrahimbəyov vahid namizəd olmamalıdır. Rafiq Əliyev olmalıdır. Biz bu haqda Rafiq müəllimlə də görüşümüzdə bildirmişdik.

- Artıq seçkiyə cəmi bir  neçə ay qalıb, amma Rüstəm İbrahimbəyov hələ də xaricdədir. Kənardan durub böyük bir kütləyə rəhbərlik etmək nə dərəcə də doğrudur? Bu gedişlə seçkidə qalib gəlmək olar?

- Bizim partiyanın da başına belə iş gəlmişdi. Rəsul Quliyev partiya rəhbəri olanda Azərbaycana gələcəyini deyirdi, amma gəlmirdi. Bu da partiyada böyük problemlər yaratmışdı. Düşünürəm ki, indi də eyni situasiyadır. Lider gərək proseslərin başında getsin, ölkədən kənarda mesajlar verməklə deyil. İndiki halda Rüstəm İbrahimbəyovun Azərbaycanda hakimiyyətə gəlmək şansı yoxdur. Mən başa düşə bilmirəm ki, bu insanlar hakimiyyətə gəlmək istəyirlər, amma qorxub-çəkinib ölkəyə gəlmirlər.

Müsavat Partiyası da şərt qoyub ki, Rüstəm İbrahimbəyov ölkəyə gəlməsə, onun namizədliyi müdafiə olunmayacaq. Hər halda bu gün hakimiyyətə gəlmək istəyən şəxs qorxub-çəkinmədən Azərbaycana qayıtmalıdır. Axı bu gün qorxub ölkəyə gəlməyən liderə xalq nə üçün səs versin  ki? Bu gedişlə müxalifət məğlubiyyətə bir addım yaxınlaşır. Hesab edirəm ki, oturub münasib qərar verməlidirlər. Bu gedişlə heç seçkiyə qatıla da bilməyəcəklər. Xalqın özünün bu məsələlərə aktiv mövqeyi olmalıdır. Belə gedişlə ciddi nəticələr əldə etmək olmaz.

Bizi tutub-döyürdülər, həyatımıza qəsd edirdilər, həbslərə də atırdılar, amma biz qorxmurduq. İndi Rüstəm bəy həbs edilməkdən qorxur? Mənə elə gəlir ki, Rüstəm bəyin bəyanatı çox yanlışdır. Milli Şuraya olan ümidləri Rüstəm İbrahimbəyovun düşünülməmiş bəyanatları məhv elədi. Lider nə həbsdən, nə də ölümdən qorxmalıdır.

- Etiraf edərək ki, bu gün Rüstəm İbrahimbəyovu dünya çapında daha çox tanıyırlar, nəinki Azərbaycanın rayonlarında, kəndlərində. Belə olan təqdirdə İbrahimbəyovun timsalında müxalifətin iqtidara qalib gəlmək şansı varmı? İsa Qəmbərin, Əli Kərimlinin geri çəkilməsi doğru addımdır?

- Yox, Rüstəm bəy Azərbaycanı dünyada tanıtmayıb. İldə yüzlərlə adam “Oskar” mükafatı alır. İndiyədək bu mükafatı alan on minlərlə adam olub, heç onların 1 faizinin belə, hansı ölkədən olduğu bilinmir. Rüstəm bəy “Oskar” alıbsa bu o demək deyil ki, Azərbaycan ona görə dünyada tanınıb. Heç Azərbaycanın rayonlarında, bölgələrində çox adam Rüstəm İbrahimbəyovun kim olduğunu bilmir.

- Həmçinin bildirilir ki, onun ikili vətəndaşlığı var. Təsəvvür edək ki, Milli Şuranın yekun qərarı ilə Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülür, lakin rəsmi qeydiyyata alınmır. Belə olan halda müxalifət nə edəcək? Alternativ namizəd kim ola bilər?

- Rüstəm bəy uzun müddət Rusiyada yaşayıb və Rusiya Kinemotoqrafçlılar İttifaqının rəhbərlərindən biridir. Çox güman ki, Rusiya vətəndaşı olmadan bu mümkün deyil. Bunu MSK araşdırmalıdır. Belə olan təqdirdə müxalifətin bir hissəsi seçkidən kənarda qalacaq.

Müxalifər liderləri isə oyundankənar vəziyyətə düşəcəklər. Bir çoxları seçkiləri boykot edəcəklər, yerdə qalanlar isə çıxılmaz vəziyyətdə qalacaqlar. Hesab edirəm ki, Milli Şuranın vahid namizədi olmasa, seçkini boykot edəcəklər.

- Bəlkə Milli Şuranın vahid namizədi gözlənilməz olacaq? Bu haqda nə deyə bilərsiniz?

- Milli Şurada gözlənilməz namizəd yoxdur. Düşünürəm ki, bu variant sıfırdan aşağıdır.

- Milli Şura məsələsi sizin partiyanızda da birmənalı qarşılanmadı. Hətta belə xəbərlər yayılır ki, ADP-də Milli Şuraya görə istefalar başlanıb.

- Milli Şuraya görə iki nəfər bizim partiyadan çıxıb. Onlar Milli Şuraya getməyin tərəfdarı idi. Biz də onlara dəfələrlə dedik ki, getməyin bu, Rusiyanın proyekti ola bilər. Şübhələrimiz var. Onlar da dedilər ki, “Rusiyanın tərkibinə daxil olsaq da belə, Milli Şuranı dəstəkləyəcəyik”. Biz  də onlara qapını göstərdik ki, sizin kimi adamlara partiyamızda yer yoxdur. Onlar da gedib AXCP-yə üz tutdular. AXCP yeganə partiyadır ki, Milli Şuranın arxasında Rusiya faktorunun olduğunu bilə-bilə bir dəfə də olsa, bu haqda danışmayıb. Əksinə, Milli Şuranı xalqa sırımaqla məşğuldur. AXCP rəhbərliyi Azərbaycanda hakimiyyətin dəyişilməsi üçün istənilən varianta gedə bilər. Müsavat Partiyasının isə əksinə “qırmızı xətti” var.

- Sözünüzdən belə çıxır ki, AXCP hakimiyyətə gəlmək üçün istənilən varianta əl ata bilər?

- Bu belə görünür. Doğurdan da Azərbaycan vətəndaşlarında istiqlal şüuru tamamilə korlanıb. Müsavat Partiyasının istiqlaliyyət mövqeyi tamam fərqlidir.

- Müttəfiqiniz İqbal Ağazadə də seçkilərə qatılacaq, amma sizin hələ konkret mövqeyiniz yoxdur. Belə görünür ki, siyasi meydanda tək qaldınız?

- Mən özümdə zaman-zaman bu təklənməni hiss edirəm. Ən yaxın adamlarım belə, məni başa düşmürlər. Hətta belə düşünürlər ki, mən hakimiyyətin tapşırığını yerinə yetirirəm.

Seçkilərdə təbii ki, iştirak edəcəyik. Sadəcə hələ gözləyirik. Hər şey hadisələrin gedişindən asılı olacaq. Görünəcək müxalifətin, Milli Şuranın taleyi necə olacaq. Bunu gözləyirik ki, bəzi şeylər aydınlansın.

- Ola bilərmi ki, Milli Şuranın namizədini dəstəkləyəsiniz?

- Mən yenə deyirəm ki, bəzi məqamlar aradan qalxmasa, biz Milli Şuranın əleyhinə olacağıq. İsa Qəmbərlə də, Əli Kərimli ilə də bir neçə dəfə bununla bağlı epizodik danışıqlarımız olub. Biz də hələki gözləyirik.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı