
İki ay bundan əvvəl Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova təklif elədi ki, gəlin jurnalist xanımlar yığışaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yurduna ziyarətə gedək. Nəhayət Sevil Yusifova, Məhsəti Şairlər Məclisinin sədri, filologiya üzrə fəlsəfə elmləri doktoru, "Məhsəti" jurnalının baş redaktoru, şair-publisist Fəridə Ləman, "Azərbaycan Uğrunda" qəzetinin baş redaktoru, şair publisist Xatirə Əziz, "Həftə içi" qəzetinin müxbirləri Haibə Qurbanova və Sevinc Osmanova, "Olaylar" qəzetinin müxbiri Aygün İbrahimova və mən bu arzunu reallaşdırdıq.
Yolboyu danışılanlar
Səhər erkən Biləsuvarın Əliabad kəndinə-Mübariz İbrahimovun ata ocağına yola düşdük. Yolboyu həmkarlarımla birgə cəmiyyəti düşündürən bütün sahələrdəki problemlərdən danışdıq. Təbii ki, söhbətimizin baş mövzusu Mübarizin qəhrəmanlığı, vətənsevərliyi və bugünki gəncliyə örnək olmasıydı.
Sevil Yusifova rəhbərlik etdiyi təşkilatın görəcəyi gələcək planlarından söz açdı. Fəridə Ləman işğal altındakı yurd yerlərinə həsr elədiyi şeri söylədi. Digər həmkarlarım da bəzi televiziyalarda verilən şou-proqramların mənəviyyatımıza vurduğu bəlalardan danışıb, bunun yoluna qoyulması üçün milli fəaliyyət planının olmasının vacibliyinə toxundular.
Salyan rayonuna daxil olanda yaz aylarında Dəli Kürün törətdiyi fəsadlarla rastlaşdıq. Magistral yolun hər iki tərəfi su basmış və sonradan qurumuş boz torpaqla örtülmüşdü. Bir qədər aralıda dövlətin yardımıyla tikilən fərdi yaşayış evləri görünürdü ki, burada tamamlama işləri gedirdi. Hava yağmursuz olduğundan pambıq tarlalarında kənd camaatı məhsul yığımıyla məşğul idilər. Budur, bu da Mübariz İbrahimovun doğma rayonu Biləsuvar. Rayona daxil olan kimi maşınların şüşələrinə Milli Qəhrəmanımız Mübarizin vurulan şəkilləri diqqətimizi cəlb elədi. Əliabad kəndinə yaxınlaşdıqca bu şəkillərin sayı getdikcə artırdı. Yol kənarında dayanmış bir ağsaqqaldan Mübarizin ata ocağının hansı istiqamətdə olduğunu soruşduq. Fəxrlə və iftixarla bizə yolu göstərdi...
Şəhid ruhlarının birləşdiyi məktəb
...Mübarizin ata ocağına çatmamış yolun sağ tərəfində Milli Qəhrəmanımızın oxuduğu, şəhid M.Piriyevin adını daşıyan kənd orta məktəbinin düz qarşısında Mübarizin böyük şəkli asılıb. Hər iki şəhidin şəkilləri məktəbə daxil olan müəllim və şagirdlərə sanki "Xoş gəldiniz!" deyir. Qonşuluqda yerləşən həyət daravazalarına və hasarların üstünə də Mübarizin şəkilləri, onunla bağlı şüarlar asılıb. Bir sözlə, bu kənd Mübarizin qəhrəmanlığını uca tutur və igid həmyerlisiylə fəxr edir...
...Ağakərim İbrahimovun həyətində hər şey Mübarizdən xəbər verir. Həyətdə cərgələnmiş stulların üstündə Milli Qəhrəmanın müxtəlif ölçülü və müxtəlif geyimdə olan şəkilləri düzülüb. Dövlət başçısının 22 iyul sərancamıyla Mübariz İbrahimova verilən Milli Qəhrəman fəxri adı iri lövhədə əksini tapıb. Ondan bir qədər aralıda, həyət qapısı ilə üzbəüzdə isə yenə də Mübarizin şəkilləri və onun haqqında yazılan məqalələrin nəşr olunduğu qəzetlər, kitablar, eyni zamanda Azərbaycanın mərd oğluyla bağlı yazılan xatirə kitabı yer alıb. Bizləri həyətdə qarşılayan Mübarizin atası Ağakərim, anası Şamama bizi evə dəvət edir. Şamama ananın müşayətilə evə keçirik. Burada da eyni mənzərəni görürük. Evin hər yerindən Mübarizin şəkilləri sanki bizi salamlayır...
22 yaşlı müdrik
...Fəridə Ləman gətirdiyi kitabları Şamama anaya verir. Həmkarlarımın hər biri çalışırlar ki, Şamama ananı kövrəltmədən ondan Mübariz haqqında soruşsunlar. Məğrur ana başını dik tutub bircə-bircə sualları cavablandırır. İlk olaraq oğlunun uşaqlıq illərindən danışır: "Biz zəhmətkeş ailə olmuşuq. Üç oğlumuz olub. Ən kiçiyi Mübariz idi. Körpə vaxtı uşaqları evdə nənələrinin yanında qoyub əkin-biçinə gedərdik. Və tapşırardıq ki, sakit dursunlar, nənələrini incitməsinlər. Mübariz tapşırığımıza əməl edərdi. Heç vaxt özünə söz gətirtməzdi. Elə səhv eləməzdi ki, üstünə çığırasan, bir ağır söz deyib qəlbinə dəyəsən. Ancaq bir xasiyyəti də vardı ki, istəməzdi onunla hökmlə danışasan. Qarşısındakına hörmət edərdi və qarşılığını da istəyərdi. Bu xasiyyətini nəzərə alıb kiçik yaşlarından onunla dostcasına rəftar edərdik. Bəlkə də bu münasibətlər Mübarizdə müdriklik yaratmışdı. Gənc olmasına baxmayaraq onda yaşlı insanın təmkini vardı. Mübariz məktəbdə oxuduğu illərdən idmana böyük maraq göstərirdi. Ancaq özündən gücsüzlərin qəlbini qırmazdı".
Arzusunda olduğu hərbi xidmət
...2005-ci ildə orta təhsilini başa vuran Mübariz hərbi xidmətə yolllanır. Hərbi xidmətə Daxili Qoşunların H saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayan Mübariz çavuş rütbəsi alır. Bir il altı ay bu şərəfli işi layiqincə yerinə yetirir və ordudan tərxis olunandan sonra əmək fəaliyyətinə başlayır:
"Mübariz Bakıda işləyirdi. Ancaq şəhər mühiti onu sıxırdı. Kəndə gələndə deyirdi ki, elə bil 20 faiz torpağımız işğal olunmayıb, 1 milyon qaçqın və məcburi köçkünümüz yoxdur, hərə öz kefindədir. Bir müddət işləyəndən sonra, 2008-ci ilin yay ayında atasıyla mənə dedi ki, yenidən hərbiyə qayıtmaq istəyir. Hə mən, nə də atası razı oldu. Bizim də razılığımız olmasaydı Mübariz getməyəcəkdi. Başa saldıq ki, borcunu yerinə yetirmisən, işlə ailə qur, oğul-uşaq sahibi ol. Görünür biz ona təsir edə bilmədik. Bir ildən sonra bizim razılığımızla hərbi xitmətə yollandı. Onsuz da bilirdik ki, gec-tez o bu addımı atacaq. Ona görə də əlacsız qalaraq onun dediyini elədik"...
...Mübariz çox çalışsa da, ilk əvvəl bir neçə ay düşmənlə sərhəd rayonlarda xidmət etmək nəsibi olmayıb. Həhayət ki, 2010-cu ilin aprelində Tərtərin H saylı hərbi hissəsində arzusunda olduğu xidmətə başlayıb: "Bir dəfə qardaşım bizə gəlmişdi. Bilirdim ki, Mübarizin komadiriylə tanışlığı var. Ona görə də xahiş elədim ki, qardaşım komandirə tapşırsın Mübarizdən göz-qulaq olsun. Heç üstündən bir gün keçməmiş Mübariz zəng vurdu. Səsindən hiss elədim ki, qəzəblidir. Əvvəl məndən soruşdu ki, onu komandirə kim tapşırıb. Olduğu kimi açıb danışdım. Və bildirdim ki, anayam ürəyim dözmədi, dedim bəlkə komandir səndən muğayət olar. Mənə nə desə yaxşıdır- "Mən bu yolu seçməmişəm ki, kimsə məni qorusun. Allaha təvəkkül deyib, bu yola getmişəm. Bir də belə eləməyin"...
Mübariz may ayında səkkiz günlük məzuniyyətə gəlir. Şamama ana deyir ki, sanki Mübariz toydan-bayramdan gəlirmiş: "Elə şən görünürdü ki, mən də fikirləşdim yəqin yeri-yurdu rahatdır, ona görə kefi yaxşıdır. Bu rahatlığımı ona deyəndə güldü. Dedi ki, əsil mən istədiyim yerdə qulluq edirəm. Sonra da ağzından qaçırdı ki, güllənin biri sağdan, o biri də soldan vıyıldayıb keçir. Bunu eşidəndə dizlərim əsdi, taqətim kəsildi. Elə bildim ki, ürəyimdən nəyisə qoparıb atdılar. Çox üstünə getməsəm də, içimdə çəkdiyimi çəkirdim. Həmin gündən yuxum da ərşə çəkilmişdi. Gözlərimi yuman kimi qarma-qarışıq fikirlər beynimi didib-dağıdırdı. Hamaz üstə Allaha dua edib, yalvarırdım ki, balamı qorusun"...
Allah sevgisi
...Mübariz məzuniyyətdə olduğu müddətdə ata-anası onun adına dedikləri yeddi qurbandan dördünü kəsirlər: "Niyyət eləmişdik ki, sağ-salamat olsun, qurbanlar kəsək. Üç qurbanı qalırdı, dedik torpaqlarımız yağı düşməndən azad olunsun, Vətənimizdə əmin-amanlıq yaransın o qurbanları da kəsib paylayarıq. Niyyətimiz hasil olmadı. Mübarizin ürəyində Allah sevgisi güclüydü. Elə bil o bu sevgidən güc alırdı, bəlkə də bu sevginin təsirindəniydi, qorxu-hürkü nədi bilməzdi"...
...Mübariz çarəsizləri, yetimi-yesiri görəndə əl uzadardı, onların haqqını qorumağı özünə borc bilərdi. Ancaq zalımlarla isə bir başqa cür rəftar edərdi. Onun zalım bildikləri erməni cəlladlarıydı ki, onlardan qisas almaq üçün özünü odun-alovun içinə atmışdı: "Mübariz hələ evdə olarkən televizorda Xocalı faciəsindən, qız-gəlinlərimizin erməni əsirliyində olmasından verilişlər veriləndə özünə yer tapmırdı. Yumuruğunu düyünləyirdi, sanki qisas gününü gözləyirdi".
Şamama ana deyir ki, Mübariz məzuniyyətdən dönəndə ona bibisinin yetim qalmış balalarını tapşırır: "Bibisinin həyat yoldaşı rəhmətə gedəndən sonra biz onlara əl tuturduq. Mübariz isə onların qayğısını bir başqa cür çəkirdi. Həmin gün onlar da Mübarizi yola salmağa gəlmişdilər. Hamımızla sağollaşdı, bircə-bircə bağrına basdı. Elə bil birdəfəlik gedirdi"...
Şəhid məktubu
...Döyüş əməliyyatından bir gün əvvəl anasıyla telefonla danışır. Hal-xoşdan sonra anasına deyir ki, özünüzdən muğayət olun. Bir də tapşırır ki, qardaşlarının toyunu eləsinlər. Özü isə bu haqda heç vaxt fikirləşməyib. Heç sevdiyi, könül verdiyi qız da olmayıb. Mübariz sonda anasına bildirib ki, ondan dualarını əskik etməsin. Telefon danışığıyla ürəyi soyumayan Mübariz ata-anasına vida məktubu yazır:
"Salam, anam və atam. Məndən çox darıxmayın. İnşaallah cənnətdə görüşərik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliydim. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
Məktubu tamamlayıb yolaşına verir ki, başına bir iş gəlsə valideynlərinə çatdırsın...
...Səhərisi gün axşam xəbərlərində ailəsi Mübarizin ölüm xəbərini eşidir. Belə ki, Mübariz 2010-cu il iyunun 19-da gecə saat 22:30 radələrində əvvəlcədən planlaşdırdığı əməliyyata başlayır. Düşmənlə üzbəüz bir kilometrlik neytral ərazini keçərək neçə illərdir torpaqlarımızı işğal altında saxlayan, ana-bacılarımızın gözünü yaşlı, uşaqları yetim, qadınları dul, anaları ürəyi dağlı qoyan erməni cəlladlarından olanlara aman verməyərək, qarşısına çıxanları məhv edir. Gülləsi qurtaran Mübariz sonda şəhid olur. Mübarizin qəhərəmanlığı, qorxmazlığı ermənilərin gözünün odunu elə alır ki, onlar Azərbaycanın igid oğlunun cəsədindən belə çəkinirlər. Şəhid olmuş Vətən oğlumuzun əllərini bağlayırlar. Yaramazcasına şəkillərini çəkib internetdə yerləşdirirlər. Ancaq mənfur düşmənin əlində olan Mübarizin cəsədidir, onun ruhu göylərdədir, Allahın yanında pərvaz edib, torpaqlarımızın azad olduğu günü gözləyir...
Sığal çəkən əllər
...Mübarizin müxtəlif geyimlərdə çəkdirdiyi şəkillərinə baxdığımızı görən Şamama ana dillənir: "Allah Mübarizdən heç nəyi əsirgəməmişdi. Ona hündür boy-buxun, gözəlik vermişdi. Bu şəkillərdə hələ bir qədər solğun düşüb".
Şamama ana bunu deyib əlindəki kitabın üz qabığında olan Mübarizin şəklinə sığıl çəkdi. Ananın sığalı bir başqaydı-həm kövrək, həm məlhəm, həm də ürəkləri titrədən. Biz ondan soruşduq ki, hardandır sizdə bu qədər təmkin, dəyanət, səbr.
Şamama ana bizlərə bunları anlatdı: "Mübariz məni də, atasını da, qardaşlarını da öz ölümünə hazırlamışdı. Onun israrla ikinci dəfə orduda qulluğa yollanması, telefon zənglərində deydiyi sözlər, məzuniyyətə gələndə özünü aparmağı hər şeydən xəbər verirdi. Ancaq biz bunları görməməzlikdən gəlirdik. Sonu da belə. Çalışıram kimsənin qarşısında ağlamayım. Dərdimi içimdə çəkim. Bəzən olur ki, yoldaşımın, uşaqların gözündən yayınıb ağlayıram. Sonra məkbubunu dönə-dönə oxuyub toxtayıram".
Şamama ana bunları deyib özünü saxlaya bilmədi, hönkür-hönkür ağladı. Biz də ona qoşulduq. Ancaq tez də özümüzü ələ alıb Şamama anaya toxtaqlıq verdik: "Siz bütün analara örnək olan bir anasınız. Siz elə bir oğlul böyüdüb boy-başa çatdırmısınız ki, əlli milyonluq Azərbaycan türkü, eyni zamanda bütün Türk dünyası onunla qürur duyur. Analar övladlarına Mübariz kimi bir oğul olmaq öyüdünü verir. Yeni doğulan oğlan uşaqlarına Mübarizin adı qoyulur ki, o da mübariz olsun, Vətəni Mübariz kimi sevsin, Vətənin yolunda Mübariz kimi canından keçməkdən belə çəkinməsin. Mübariz 22 yaşında elə bir iz qoyub gedib ki, bu iz bizi torpaqlarımızın düşməndən azad edilməsinə və qələbəyə doğru aparacaq. Mübariz həm də illərdir yatmış beyinləri, ruhları oyatdı ki, ayağa qalxıb torpaqları azad edək, şəhid ruhlarını sevindirək, anaların sızlayan yaralarına məlhəm qoyaq, tapdalanmış namusumuzu və qeyrətimizi qaytaraq. Bu gün elə şəhid anaları var ki, sizin təmkininizi və səbrinizi özlərinə örnək seçiblər".
Bizim təsəllimizdən sonra Şamama ana özünü toparlayıb dedi: "Torpaqlarımız işğaldan azad olsa bizi kimi analara təsəlli olar. Mən düz deyirəm, ən böyük təsəllim budur. Çünki Mübariz torpaq uğurunda şəhid olub".
Şamama ananın digər bir arzusu isə oğlunun cəsədinin ermənilərin əlindən alınmasıdır. O inanır ki, bu arzusu gerçəkləşəcək. Və oğlunun cəsədini geri alıb torpağa tapşıracaqlar. Heç olmasa bundan sonra rahatlıq tapar...
...Artıq sağollaşmaq vaxtı yetişir. Dəhlizə çıxırıq. Bu zaman gözlərimiz qapısı açıq otağa sataşır. Mübarizin otağıdır. Bura ev muzeyini xatırladır. Bir kənarda stulun üstündə üzərini ay-ulduzlu bayrağımız örtmüş parltarları qalaqlanıb. Digər tərəfdə isə yenə də böyük portreti və stulun üzərinə qoyulmuş müxtəlif kitablar, qəzetlər və əşyalar var. Şamama ana ilə vidalaşıb həyətə gəlirik.
Sütun üzərində qoyulan xatirə kitabına Fəridə Ləman hər birimizin ürəyindən xəbər verən sözləri yazır. Hər birimiz bu xatirə kitabına imza atıb atası ilə də sağollaşırıq. Ağakərim İbrahimovdan təmkinlə bu sözləri eşidirik: "Mənim üç oğlum vardı. Onlardan birini Vətənimə qurban demişdim. Mübarizin cəsədinin geri qaytarılmaması məni qətiyyən narahat etmir. Artıq oğlum Tanrı dərgahəndadır, məqamı isə ucadır-o, şəhiddir".
Mən əminliklə deyirəm ki, bu ocaqdan hər birimiz nələrisə əxz elədik. Ən əsası isə dəyanəti, mətinliyi, səbri və dözümü.
Bakı-Biləsuvar-Əliabad-Bakı