
28 May Respublika günü münasibəti ilə Azərbaycanın bir sıra siyasi partiyaları bayram tədbirləri keçirməyi planlaşdırır. Modern.az partiyaların tədbirlə bağlı planlarını təqdim edir.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, Respublika günü münasibətilə hər il olduğu kimi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin qarşısında tədbir planlaşdırılır: “Həmin tədbirdən sonra Rəsulzadənin valideynlərinin qəbrinin ziyarəti gözlənilir. Daha sonra isə Əbülfəz Elçibəyin qəbrini ziyarət edəcəyik”.
YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib ki, rayon-şəhər təşkilatlarında bayramla bağlı tədbirlər keçirilir: “Bu tədbirlərdə xalqımızın bütövlükdə keçdiyi tarixi mərhələlərə nəzər salınır. Eyni zamanda Azərbaycanda bu gün həyata keçirilən siyasət bir daha ictimaiyyətin diqqətinə çatdırılır. Ənənəvi olaraq gənclərimiz tədbirlərə toplaşır, tanınmış alimlərimizin mühazirələrini dinləyirlər, diskussiyalar, söhbətlər aparılır. Bildiyiniz kimi, prezidentimizin rəhbərliyi ilə 28 May Respublika günü münasibətilə dövlət tədbiri də keçirilir və biz də həmin dövlət tədbirinə qatılırıq.”
ADP sədri Sərdar Cəlaloğlu da bayram münasibətilə Məhəmməd Əmin Rəsulzadənin Bakıda və ya Novxanıda olan abidəsini ziyarət edəcəklərini bildirib.
AXCP sədrinin müavini Razı Nurullayevin sözlərinə görə, onlar da Novxanıda Məhəmməd Əmin Rəsulzadənin heykəli qarşısında bayram mitinqi keçirməyi planlaşdırır və hazırlıqlar da tamamlanmaq üzrədir: “Məlum tədbirdə AXCP, eyni zamanda Milli Şuraya daxil olan partiyalar, ictimai təşkilatlar abidə önündə bayram çıxışları edəcəklər”.
Ayşən MÖNSÜMLÜ