Modern.az

Prezident “İmamzadə” kompleksindəki təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB

Prezident “İmamzadə” kompleksindəki təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB

Образование

18 Oktyabr 2014, 14:15


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərinə səfərə gəliblər.
Dövlət başçısı və xanımı Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.

Dövlət başçısı və xanımı kompleksin eskiz layihələrinə baxdılar. Məlumat verildi ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafının abadlaşdırılması məqsədilə 2010-cu ildən başlanılan işlər hazırda davam etdirilməkdədir. Kompleksdə 90 yerlik müsafirxana, 1000 nəfərlik ehsangah tikilib.

Baş ziyarətgahda 40 metr hündürlüyündə 2 minarə, kişi və qadınlar üçün ibadət zallarının inşası davam etdirilir. Dövlət başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər. Dövlət başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış oldular.
Nəqliyyat naziri Ziya Məmmədov və “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler dövlətimizin başçısı İlham Əliyevə ətraflı məlumat verdilər. Bildirildi ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq.
“Stadler Rail Group” şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.

“Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” MMC arasında bağlanılan bu müqavilə son illər ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların alınması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi və iqtisadi xəttin bəhrəsidir. Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu dinamik inkişaf edərək, bu gün ölkəmizin regionda bu sahədə şəksiz liderliyini təmin etməyə imkan verib. Azərbaycan hazırda Qərb ilə Şərq arasında ən mühüm nəqliyyat dəhlizi rolunu oynamaqdadır. Prezident İlham Əliyev ölkədə nəqliyyat-logistika sahəsinin inkişafına xüsusi qayğı göstərir.
Dövlət başçısı “Stadler Rail Group” şirkətinin fəaliyyətindən bəhs edən videoçarxa baxdı.
Sonra Prezident İlham Əliyev zavodun təməlini qoydu.

Bildirildi ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa olunacaq zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Stadler Rail Group” şirkətinin Minskdəki zavodunda istehsal olunan vaqonlara baxdılar. Bildirildi ki, bu vaqonlar ən yüksək standartlara cavab verir.
Dövlətimizin başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər. Məlumat verildi ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.

Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə edilib. Mədəniyyət və incəsənətin inkişafına diqqət mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlara göstərilən qayğıda, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində özünü büruzə verir. Dövlətimizin başçısının mədəni həyatımızın inkişafına qayğısı Azərbaycanda sənət adamlarının yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi-mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılır və ya onlar üçün yeni binalar inşa olunur. Bu işlər bölgələrdə də uğurla davam etdirilir. Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası da bunun əyani sübutudur.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu. Hazırda binanın tikintisi davam etdirilir.

Dövlət başçısına məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kino-teatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın balkonunda Azərbaycan musiqi korifeylərinin heykəlləri qoyulacaq. Bina 6 mərtəbəlidir, qüllə ilə birlikdə hündürlüyü 26 metrdir. Obyektdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Prezidenti İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

 

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı