
Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva bu günlərdə qeyd etdiyimiz 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Modern.az saytının xəbərinə görə, Londonda yaşayan Sevil xanım özünün Facebook səhifəsində yazıb:
“Müstəqil Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir. Müstəqilliyin daimi, əbədi və dönməz olsun, Şanlı Azərbaycan!”.
Modern.az-ın məlumatına görə, Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.
1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də “Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Modern.az