
“Büdcəmizə nə qədər vəsait qoyulubsa, xərcləri də ona görə tənzimləyirik. Necə deyərlər, ayağımızı yorğanımıza görə uzadaq. Hamı çalışır ki, təmsil etdiyi sahəyə ayrılan vəsait artsın”.
Modern.az saytı xəbər verir ki, bu açıqlama ilə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Ötən illərlə müqayisədə Azərbaycanın hər bir sahədə əhəmiyyətli irəliləyişə nail olduğunu qeyd edən Ziyafət Əsgərov gələcəkdə cüzi problemlərin də həllini tapacağna inanır.
O, ATƏT-in Minsk qrupu həmsədrlərinin məlum helikopter məsələsi ilə bağlı bəyanatını da şərh edib. Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan hərbçilərinin erməni helikopterini vurması barədə həmsədrlərin bəyanatı mənasız, məntiqsiz və təxribat xarakterlidir: “Necə yəni helikopter düşən yer neytral ərazidir? Minsk qrupu həmsədrləri özləri deyiblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar”.
Minsk qrupunun həmsədrləri noyabrın 12-də Azərbaycan hərbçilərinin məhv etdiyi Ermənistan ordusuna məxsus helikopterin düşdüyü ərazini “neytral zona” adlandırıb.
Aqşin KƏRİMOV