
Abid TAHİRLİ
Mərhum prof. Qulu Xəlilovun mühazirələrindən birində kimliyini indi xatırlamadığım tələbə yoldaşımın replikası dərsi pozdu, mövzu dəyişdi, söhbət Süleyman Rəhimovun yaradıcılığından düşdü. Qulu müəllim adəti üzrə qollarını çarpazlayıb gur səslə dedi: - Bilirsinizmi, Səməd Vurğun Süleyman Rəhimov haqqında nə deyib?! Ədəbiyyatımızın ağır artilleriyası!
Sonra o, Süleyman Rəhimovdan çox böyük təəssübkeşliklə xeyli bəhs etdi və dediklərini belə yekunlaşdırdı:
- Unutmayın, Süleyman Rəhimov hələ 1942-ci ildə qələmə aldığı «Su ərizəsi» hekayəsindən əvvəl və sonra da heç nə yazmasa idi belə, onun Azərbaycan ədəbiyyatı tarixində qalması üçün bu hekayə kifayət idi. Halbuki, o, bundan sonrakı əsərləri ilə də ədəbiyyatımızda həmişəyaşarlılıq haqqını qazanmışdır.
Əlimə qələm alıb 70 yaşı münasibətilə şair Dilsuz haqqında dost sözü yazmaq istəyəndə, nədənsə o hadisə, o səhnə gözümün önündə canlandı, o zaman ilk dəfə eşitdiyim, qəlbimdə qəribə duyğular yaradan «həmişəyaşarlılıq haqqı» söz birləşməsini xatırlatdı və məclislərin birində Dilsuzun ədəbi taleyi ilə bağlı səsləndirdiyim qənaətimi öz-özümə təkrar pıçıldadım: Dilsiz Azərbaycan ədəbiyyat tarixində həm şəxsiyyət, həm də şair kimi bənzərsizdir, özünəməxsusdur, silinməz iz buraxmışdır və fikrimcə, ədəbiyyatımızda həmişəyaşarlılıq haqqını qazanmışdır.
Dilsuz yaradıcılığına indiyədək heç kim ayrıca məqalə həsr etməmişdir, yanılmıramsa, Xalq yazıçısı Elçin istisna olmaqla, ümumiyyətlə, Dilsuz poeziyası haqqında söz söylənilməmişdir. Lakin öz təbirincə desək, lehinə yox, əleyhinə çox deyilmiş, çox yazılmışdır, xüsusilə «Yol» hekayəsi ilə bağlı…
Dilsuz 12 yaşında ikən dərsdə bədahətən bir bənd şeir söyləyir:
Nə qədər çalışsa da,
Tuta bilməz o məni.
Od tutub alışsa da,
Mən satmaram Vətəni!
Müəllim Dilsuzdan şeirin müəllifini soruşur. O isə başını aşağı salır, qızarmış, pörtmüş halda:
- Mənimdir, - deyə cavab verir.
Müəllimin misraları təqdir etdiyini görən Dilsuzun dili açılır:
- Bu mənim «İnqilab» poemamdan bir parçadır.
Müəllim gülməkdən özünü güclə saxlayır:
- Yaxşı, o poemanı növbəti dərsə gətirərsən, baxarıq -deyir.
Dilsuz növbəti dərsə olmayan, yazılmayan «İnqilab» poeması ilə yox, Tərtər rayon qəzeti ilə gəlir və müəllimə həmin qəzetdə ilk dəfə dərc etdirdiyi «Ana» şeirini oxuyur:
- Azmı daramısan telimi yan,
Əllərin saçıma daraq olubdur.
Doğulduğum gündən bir an, ay ana,
Sanma, könlüm səndən uzaq olubdur!
...Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsilini bitirib (1962-1968) əmək fəaliyyətinə Bakının Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlayan Dilsuz (1968-1970) eyni , eyni zamanda mətbuatla, xüsusi ilə Azərbaycan radiosu ilə əlaqə saxlayır, əməkdaşlıq edir. Dilsuzun yaradıcılıq qabiliyyəti, yazmaq-yaratmaq eşqi, həvəsi Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini işləyən Cəmil Əlibəyovun diqqətini çəkir və onu radioya işə qəbul edir (1970-1979), orada əvvəl səs operatoru, sonra ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor işləyir(1970-1973). Elə həmin dövrdən də Dilsuzun həyatında, fəaliyyətində, yaradıcılığında dönüş başlayır. Dilsuz tezliklə imzasını təsdiq edir, tanıdır, yaradıcılarından olduğu «Bulaq» verilişinə hazırladığı saysız-hesabsız materiallar həm verilişə, həm də Dilsuza şan-şöhrət gətirir…və ədəbi mühitə daxil olur. "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Uzun müddət Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçi kimi fəaliyyət göstərmişdir. Bədii yaradıcılığa 70-ci illərdən başlayan şair-publisistin əsərləri “Dilsuz”, “ Dilsuz Mustafayev” imzaları ilə "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə dərc edilmişdir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Yaradıcılığında bədii tərcüməyə xüsusi yer verən Dilsuz daha şox dünya dramaturqlarının əsərlərini doğma dilə çevirmişdir.
Bir sirr açacağam, amma plagiatlar həvəslənməsin. Dilsuz öz şeirlərinin yerini, yurdunu, ünvanını bilmir, hansı şeirin hansı qəzetdə, nə vaxt dərc olduğunu xatırlamır, heç xatırlamaq da istəmir. «Yaxşıdırsa, yaşayacaq, qalacaq» - deyir. Bəs neçə kitabın nəşr olunub? – sualına özünəməxsus təbəssümlə cavab verir:
- Bir kitabım çıxıb, amma məndə qalmayıb.
... Tədbirlərin birində yenə şeirdən, kitabdan söz düşmüşdü. Dostumuz Əkrəm Qaflanoğlu üzünü Dilsuza tutub:
- Ay Dilsuz müəllim! Səndən hər dəfə soruşanda ki, şeirlərin harda dərc olunub – deyirsən, bilmirəm. Soruşanda ki, kitabın çıxıb – deyirsən ki, məndə qalmayıb.Amma məndə qalıb. Əkrəm yan cibindən bir kitabçanı çıxarıb məclis əhlinə göstərir – bu kitab, bu da avtoqraf .
Dilsuz sürpirizdən özünü itirsə də, iki-üç kəlmə deyə bildi:
- Əkrəm, sənə halal olsun. Yadıma düşdü. Hə, onda sən Yazıçılar İttifaqında işləyirdin, eləmi?
- Elə, elə, - deyib Əkrəm avtoqrafı ucadan oxudu: Hörmətli Əkrəmə müəllifdən kiçik bir hədiyyə .11 noyabr, Bakı, 1982 .
“ Yaxşı yazmaq üçün istedad, yoxsa zəhmət əsasdır?”-sualına Dilsuz belə cavab verir: -Hər ikisi vacib şərtdir, daha doğrusu, ikisinin vəhdəti. İstedadsız zəhmət qalıcı deyilsə, zəhmətsiz istedad da parlamayacaq. Yaxşı yazmaq üçün mütaliə, mütaliə, yenə mütaliə lazımdır.
Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspiralı, Mirzə Cəlil, Hüseyn Cavid Dilsuzun idealıdır, o, Mehmet Akif Ersoy, Nazim Hikmət, Eziz Nesin aşiqi, Almas İldırım, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz vurğunudur. Şair İlyas Əfəndiyev, Rəsul Rza, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Əli Kərim, Ramiz Rövşən heyranıdır.Çingiz Aytmatovu, Cek Londonu, Dilsuz Tolstoyu, Dostoyevskini, Folkneri, Pablo Nerudanı, Şekspiri mütaliədən yorulmur.
Dilsuzun yuxarıda adını çəkdiyimiz «Kazbek» papirosunun qutusu həcmində kitabı «Ağ atlı oğlanın nağılı» adlanır (Yazıçı, Bakı, 1981, 70 səh.) və həmin topluda 37 şeir verilmişdir.
Ağ atlı oğlan o vaxtdan qeybə çəkildi, yalnız… 33 il sonra- bu yaxınlarda Dilsuzun imzası yenidən mətbuatda görünməyə başladı. Həm də çox iddialı, gənclik ehtirası ilə…
Şairə uğurlar arzulayırıq. Lakin indiyədək qələmə aldıqları da onun barəsində gen-bol bəhs etməyə əsas verir. Söz Dilsuzun qələmində ətir saçır:
Güllərdən toxunub çölü, çəməni,
Baxaram, sevdası vurar başıma.
Gedərəm, dağları ötürər məni
Gələrəm, dağları çıxar qarşıma.
Burda çiçək-çiçək bəzənir torpaq,
Ürəyə xal salır lalənin xalı.
At kimi kişnəyən boz sellərə bax –
Havada oynayır ağappaq yalı.
(«Vətən»)
Dilsuzun qələmində Söz od püskürür, alov saçır:
Açım Koroğlunun ürəyini mən,
Qıratı, düratı boşlayım getsin.
Sürək yağıların alnının üstən,
Sürək, savaşımız, qovğamız bitsin!
(«Vətən»)
Bu misralar hər kitabın “ Lenin baba” ilə başladığı, sovet rejimi və kommunist ideologiyasının hökmranlıq etdiyi zaman qələmə alınıb, lakin o gün olduğu kimi bu gün də aktualdır, əhəmiyyətlidir.
Dilsuzun qələmində Söz bulaq kimi çağlayır, şirin, həzin nəğmə kimi qəlbləri oxşayır:
Göydə ulduz gilə-gilə,
Yığmaq olmaz gilə-gilə
Mən baxaram- qəlbim yanar,
Sən baxarsan gülə-gülə.
(“Canım dünya, gözüm dünya”)
Dilsuzun qələmində Söz ən xoş arzu, istək kimi səslənir, insana qəribə hiss- həyəcan, ovqat bəxş edir:
Canım arı, gözüm arı,
Bəxtini mənə ver
Ən gözəl sözlərə uçum gedim.
Canım bulaq, gözüm bulaq,
Bəxtini mənə ver
Dupduru durulum.
( “İlk sevgi”)
Dilsuzun qələmində Söz ləşkəri döyüşə hazırlayan sərkərdəyə çevrilir, o, Quzeyə, Güneyə «yağış yağdığını», gözləməyin yox, ayağa qalxıb birləşməyin zamanı olduğunu söyləyir, yoxsa söyüdlərin, qovaqların, qoz ağaclarının, qarağacların quruyacağını, dağın, dənizin, torpağın üşüyəcəyini bildirir və hayqırır:
Əkməyəkmi bayraqlarımızı? –
İstidə kölgəsinə yığışarıq…
Bir and var – içim,
Bir bayraq var – açım,
Bir qaranlıq var – keçim…
(“Sevdiyim şairə məktub”).
Əlbəttə, o dönəmdə ayıq oxucular Quzeyin, Güneyin, yağışın, bayraq istəyinin sətiraltı mənasını gözəl anlayırdı.
Dilsuzun qələmində Söz keçmişi öyən, gələcəyə çağıran dünya yaşıdı ozanın dili ilə danışır:
Bir atlı var Gündoğanda,
Bir atlı var Günbatanda;
Aralarında dünya,
Qocaman-qocaman dağlarda
Oyur-oyur atlara nal kəsirlər.
Ertədən yola çıxar Oğuz ərləri.
Tanrı arxalarınca Günəş çiləyir –
Oğuz olmaq sənə asan gəlməsin.
(«Gündoğanla Günbatanın nağılı»).
Dilsuzun qələmində Söz ah-naləyə çevrilir, hər yandan qəm, qüssə, kədər yağır, hamının içinə hüzn hopdurur:
Anadolu qovaqları yelləndi – qalxmadın.
Gözəllərin yanaqları allandı – qalxmadın.
Heyvalar, armudlar ballandı – qalxmadın.
Ulu Göy üzündən
Alnına qocaman-qocaman ulduzlar yağdı –
Qalxmadın.
Yer üzünün küləkləri
Aldı başına qara sevdanı – qalxmadın.
Yanıq-yanıq bağrımıza qalxmadın
Ağrımıza, acımıza qalxmadın…
Dağlar, daşlar dilə gəldi – qalxmadın.
(“On beş il oldu Nazim öləli”).
Dilsuzun qələmində Söz sərhəd tanımır, din, irq, cins, yaş, kasıb, varlı fərqində deyil, o, gah Fələstin qaçqınlarının yanındadır, gah Çili vətənpərvərləri ilə bir sıradadır:
Yurdundan-yuvasından qovdular,
Ocağının qırağından qovdular,
Babasının qəbrindən qovdular,
Suyundan qovdular, ağacından qovdular.
(“Fələstin qaçqınları”).
Çili dediyin zindanlara sığmaz,
qaranlıqlara sığmaz,
kədərlərə,
qüssələrə sığmaz,
ölümlərə sığmaz;
Çili açıq havada,
Günəşin altında dustaqdır qardaşım.
(“Çili dustaqdır”).
Dilsuzun qələmində Söz obrazlar qalereyasını xatırladır:
İçimdə bir dəniz çiçəklədi
Altay yağışlarından.
(“İçimdə çiçəkləyənlər”).
Buna bax ha,
içimdə şeir nəfəs alır!..
(«Səhər-səhər»).
Bir bayraq istəyirəm –
Ürəyim üşüyəndə geyəcəm.
(«İstək»).
Uzanıqlı üzümüzə baxırdı!
Gözlərində qanadları sınmış göy üzü,
Gözlərində çiliklənmiş Tanrı…
(«İçini yeyən adam»).
…buğda-buğda işıqların,
…söyüd-söyüd yazın,
…külək-külək payızın,
…sünbül-sünbül gözəllərin.
(“Bakı şəhəri”).
Ev tikirəm xatirələrdən,
İçindəkilər üşüyür.
(«Ev tikirəm»).
…Yazda çiçək-çiçək çatlayır torpaq,
Gün vurur – açılır dünyanın dili.
(«Yazda»).
Sanki bu obrazlı, cilvələnən sətirlərin sayı tükənməz sərvət qədərdir.
Dilsuz nəğməkar şairdir. Onun dərin mənalı, oynaq, ürəyi tərpədən misraları, həm də musiqiyə meyllidir. Adlı- sanlı bəstəkarlar Ramiz Mirişli, Oqtay Rəcəbov, Aydın Əzimov, Cavanşir Quliyev, Azər Dadaşov...onun sözlərinə mahnılar bəstələmiş, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Elmira Rəhimova, Flora Kərimova, İlhamə Quliyeva, Yalçın Rzayev...kimi məşhur müğənnilər bu nəğmələrlə milyonların qəlbini fəth etmişlər.
Dilsuzun publisistikası, tərcüməçilik fəaliyyəti ayrıca tədqiqat mövzusudur. Şairin nağıl yaradıcılığı onun fəaliyyətində xüsusi mərhələdir və böyük əhəmiyyət kəsb edir. Şairin nağıllarımıza özünəməxsus, diqqətçəkən münasibəti var. O, qardaşını quyuya salıb ipini kəsən Məlikməmmədi təqdir etmir, o balaca boyu ilə güclü divə kələk gələn Cırtdanı da balacalar üçün nümunə obrazında görmür. Şairin qənaətinə görə, körpələrin milli ruhda, cəsur, igid, vətənsevər kimi böyüməsində nağıl qəhrəmanlarının rolu böyükdür. Odur ki, nağıl qəhrəmanlarımız müdrik, ucaboylu, yaraşıqlı, dürüst, səxavətli, sədaqətli, vəfalı, igid, qorxmaz olmalıdır. Şair belə qəhrəmanları arzulamaqla kifayətlənmədi, qısa vaxtda 70-dən çox nağılımızı müasir tələblər səviyyəsində yenidən işlədi və hər bir nağılın ayrıca, illüstrasiyalı kitab şəklində nəşrinə nail oldu. Həmin kitabların dəyərini Azərbaycan Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində akademik Bəkir Nəbiyev aşağıdakı cümlələrlə izhar etdi:
- Körpələrə müəyyən xəstəliklərdən qorunmaq üçün peyvənd edilir. Onların mənəvi mərəzə məruz qalmaması, yad, zərərli, ziyanlı vərdişlərə düçar olmaması üçün valideynlər körpələrini Dilsuzun hekayələri ilə vaksin etməlidirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, Xalq yazıçısı Elçin istisna olmaqla, Dilsuz haqqında heç bir ədəbiyyatşünas, tənqidçi, yazıçı, jurnalist, publisist… söz deməmişdir. Bəzən 3-5 ortabab şeir yazana «Uğurlu yol» yazır, meydan verir, bəh-bəhlə tərifləyib göyə qaldırırıq. Nədənsə, Dilsuz kimi nəhəng gözdən-könüldən uzaq qalır.
Ədəbi prosesi daim izləyən və dəyərləndirən, yeni sözü, yeni nəfəsi duyan, ona diqqət göstərən Xalq yazıçısı Elçinin nəzərindən Dilsuz yaradıcılığı da kənarda qalmamışdır. O, 5 dildə – Azərbaycan, ingilis, fransız, rus, alman və ərəb dillərində nəfis tərtibatla, illüstrasiyalarla nəşr olunmuş «Kitabi – Dədə Qorqud aliliyi» əsərində (Bakı, Azərbaycan nəşriyyatı, 1999, 180 səh.) Dilsuzun «Beşik nəğməsi” adlı şeirindən sevə-sevə bəhs edir: «Əsrimizin son illərini yaşayırıq və bu illərdə şair Dilsuz «Kitabi – Dədə Qorqud»dakı qədim oğuz ellərinin hiss-həyəcanlarına söykənərək «Beşik nəğməsi» yazır:
Ərcə balam,
Bircə balam,
Ərcəm, laylay,
Bircəm, laylay!
Dədəm Qorqud
Bir ad versin,
Qoç Koroğlu
Qırat versin…
Körpəm, laylay,
Öfkəm, laylay.
Daha sonra müəllif bu şeirin necə yaranması sualına cavab axtarır və yazır: «Əlbəttə, ona görə ki, şair doğma bir mənbə kimi, «Kitabi – Dədə Qorqud»dan şövq alıb, hərarət götürüb; əlbəttə, ona görə ki, o hiss-həyəcanlar şair üçün çox məhrəm, çox əzizdir, uzun əsrlərdən bəri genlərlə gələndir və əvəzedilməzdir; əlbəttə, ona görə ki, bu hiss-həyəcanlar eyni zamanda Dilsuz üçün doğma xalqının, el-obasının, ata-baba ruhunun özünüifadəsidir».
Sonra Elçin şeirin təəssüratından yaranan qənaətini oxucu ilə belə bölüşür: «Vətəndaş» sözünü adətən insana, şəxsiyyətə şamil edirlər.
Bədii ədəbiyyatda «vətəndaşlıq» anlayışı var.
«Vətəndaş» isə nasir olur, şair olur, dramaturq olur.
Ancaq bu yerdə mənim üçün, bax, belə bir anlayış tam həqiqəti ifadə edir:
Vətəndaş «Kitabi – Dədə Qorqud»!
Şair Dilsuz haqqında söylədiklərimi də bu sözlərlə bitirmək istərdim:Vətəndaş şair!
27.02.2015
“Ədəbiyyat qəzeti” 28.02.2015