Modern.az

“İmtahan sualları çətin olmayıb” - Ekspertdən reaksiya

“İmtahan sualları çətin olmayıb” - Ekspertdən reaksiya

Təhsil

22 Fevral 2023, 12:28

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. Rəsmi məlumatda bildirilib ki, imtahanda iştirak etmək üçün 18 724 bakalavr qeydiyyatdan keçib, onlardan 255 nəfəri imtahana gəlməyib. Bakalavrlardan biri 100 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.

 

Bakalavrların bəziləri test imtahanının nəticələrindən razı qalsa da, suallın çətin olmasından şikayətlənənlər də az deyil. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı tənqidlərə rast gəlmək olar. 

 

Ümumilikdə magistraturaya qəbul imtahanlarını necə qiymətləndirmək olar? 

 

Bu barədə Modern.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, bu il imtahanlarda iştirak edən tələbələrin sayı ötən ilə nisbətən daha çox olub.

 

"2006-cı ildən etibarən Azərbaycanda magistratura qəbul imtahanlarını əvvəlki Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK), yəni indiki Dövlət İmtahan Mərkəzi (DİM) keçirir. Etiraf etmək lazımdır ki, imtahanların məhz adı çəkilən qurum tərəfindən keçirilməsindən sonra kənar müdaxilə olmadan tələbələr magistraturaya daxil ola biliblər. Bu il imtahanlarda 19 000-ə yaxın tələbə iştirak edib. Sonuncu dəfə bu qədər çox iştirakçı 2016-cı ildə olmuşdu. Bununda səbəbi həmin vaxt imtahan qiymətinin aşağı olması idi. İmtahanların modeli mütəmadi olaraq dəyişdirilir. Xüsusilə fənlərlə bağlı dəyişiklik edilir" - deyə o bildirib.

 

 

Ekspert vurğulayıb ki, sonuncu imtahanda test tapşırıqlarının çətin olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir:

 

"İlkin nəticələrin təhlili əsasında deyə bilərik ki, birinci imtahanda sualların böyük əksəriyyəti əvvəlki illərdə olanla oxşar idi. Təxminən 7-8 sual ötən sınaq və imtahanlarda istifadə olunub. Həmçinin Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi test toplularından da bəzi suallar imtahanda yer alıb. Təbii ki, biz testlərin üslubunu təhlil etdikdə deyə bilərik ki, imtahanda olan suallar vasitəsi ilə yoxlanılan biliklər və bacarıqlar ali təhsil müəssisələrində tələbələrə tədris edilmir. Riyazi məntiq və digər dərslərin tədris olunmaması əslində ciddi faktordur". 

 

Onun sözlərinə görə, humanitar ixtisasları seçənlər daha yaxşı nəticə əldə ediblər.

 

"Bu, onların fərdi bacarıqlarının nəticəsidir. İnformatika kimi dərslərin bir semestr keçirilməsi böyük fərq yaradan amillərdən biridir. Həmçinin imtahanda ingilis və digər xarici dillər ali təhsil müəssisələrində tədris olunduğu kimi ümumi deyil, daha akademik səviyyədədir. Bütünlükdə sualların çətin olması fikri ilə razı deyiləm. Son keçirilən imtahanlarda orta hazırlıqlı bakalavr müsabiqə şərtini ödəyə bilər. Buna görə də tələbələr arasında keçirilən sorğuya əsasən deyə bilərik ki, nəticələr həqiqətən də belə olub", - deyə Kamran Əsədov sözlərini yekunlaşdırıb.


Rahib Ələsgərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi