Modern.az

Buraxılış imtahanı ilə bağlı ŞİKAYƏTLƏR - Suallar çox qəliz idi

Buraxılış imtahanı ilə bağlı ŞİKAYƏTLƏR - Suallar çox qəliz idi

Təhsil

6 Mart 2023, 14:38

Ötən gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. DİM-in yaydığı rəsmi məlumata görə, 6 şagirddə mobil telefon aşkarlanıb, 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. 

 

Bundan əlavə, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

 

Martın 6-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

 

Bəs imtahanlar necə keçib? Şagirdlərin razı və narazı qaldığı hansı məqamlar var?

 

 

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, dünənki imtahana salınmış bəzi suallar uyğun olmayıb:

 

"Builki imtahanlar iştirakçı sayına görə digərlərindən fərqlənir. Bu il çox sayda abituriyent və şagird buraxılış imtahanına qoşulub. Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq imtahanın ilkin nəticələrini təhlil edərkən gördük ki, müəyyən test tapşırıqlarında məzmun baxımından qüsurlar var. Test tapşırıqları ağırlıq dərəcəsinə görə 11-ci sinifin buraxılış imtahanına uyğun deyildi. Bu, daha çox növbəti mərhələyə, blok imtahanlarına salınan sual tipləridir. İmtahan iştirakçılarından heç də hamısının niyyəti ali təhsil müəssisələrinə daxil olmaq deyil. Orta ixtisas təhsil müəssisələrinə, peşə məktəblərinə daxil olmaq istəyənlər də var. Ümumiyyətlə, imtahandakı test tapşırıqlarında səviyyələr arasında asan, orta, çətin tip moddellərə uyğunluq gözlənilməmişdi. Riyaziyyat fənnindən qüsurlu test tapşırıqları vardı. Azərbaycan dilində mətn tipli suallar həddsiz dərəcədə çətin idi və cavab tapmaq çox vaxt tələb edirdi. İmtahan iştirakçıları kontingent baxımından elə də hazırlıqlı deyildi".

 

 

İlk buraxılış imtahanlarından şikayətlənən ekspert sualların sadələşdirilməsinə ehtiyac olduğunu əlavə edib:

 

"İmtahanda iştirak edənlərin heç də hamısı ixtisaslı mütəxəssis deyil. MİQ-lə (Müəllimlərin İşə Qəbulu) müqayisə edək. Orada iştirak edən namizədlərin hamısı ali təhsilli şəxslərdir. Həmin ixtisas üzrə mütəxəssislərdir. Onlar belə tip suallara cavab verməkdə çətinlik çəkirlər. Onlara bir fəndən sual verilir, ancaq buraxılış imtahanında iştirak edən gənclər qısa zaman ərzində üç fərqli fəndən məzmun standartlarını reallaşdırırlar. Hesab edirəm ki, dünən imtahan qəliz idi. Müəyyən qədər sadələşdirməyə ehtiyac var".

 

Ekspert sonda şikayətlərdən də söz açıb: "Şikayətləri qruplaşdırdıqda riyaziyyat fənni üzrə sualların ağırlıq səviyyəsinin çoxluğundan, eyni zamanda bu fəndən təqdim edilmiş suallardakı qüsurlardan, Azərbaycan dili fənnindən verilmiş mətn tipli sualların kifayət qədər çox olmasından və vaxt aparmasından danışa bilərik. İngilis dili fənnində də dinləmə ilə bağlı problem var idi. Həm dinləmə qurğusu, həm də dinləmənin mətni şagirdlər üçün çətin idi. Uşaqların pandemiyadan çıxdığını nəzərə almaq lazım idi. Ümid edirik ki, növbəti imtahanlarda martın 5-də yol verilmiş səhvlər təkrarlanmaz".

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü