Azərbaycanda vətəndaşların sosial məsələlərinin həlli və onların yaşayış şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prioritet istiqamətlərindən biri olub.
Modern.az xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Mənzil İnşaatı Dövlət Agentliyində aparat rəhbəri Cəmşid Əmirov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə əsas prioritetlərdən biri də əlçatan mənzillərlə təminat vasitəsilə mənzil ehtiyaclarının qarşılanmasıdır.
“Məhz ölkənin mənzil siyasətinin bir təzahürü olaraq, 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Agentlik vətəndaşların əlçatan mənzillərə çıxışını asanlaşdırmaq məqsədilə yaşayış binalarının və digər əlaqəli infrastruktur obyektlərinin tikintisini təşkil edir”.
O əlavə edib ki, bununla yanaşı, Agentlik ərazi planlaşdırılması, şəhərsalma dizaynı və memarlıq sahəsində siyasətlərin icrasında da iştirak edi:
“Xəritədə də göründüyü kimi, fəaliyyətimiz yalnız paytaxt Bakı şəhərini deyil, ölkənin bir çox digər regionlarını da əhatə edir. Ümumilikdə Agentlik 19 layihə həyata keçirib və bu günədək 14 mindən çox əlçatan mənzili əhatə edən 11 layihənin tikintisi tamamlanıb”.
O həmçinin xüsusi vurğulayıb ki, Agentlik işğaldan azad olunmuş ərazilərdə üç layihənin icrasını uğurla başa çatdırıb:
“Bu da bizim üçün böyük qürur mənbəyidir”.
O eyni zamanda görüləcək işlər barədə də məlumat verib:
“Agentlik gələcək layihələrin həyata keçirilməsi üçün uyğun torpaq sahələrinin müəyyənləşdirilməsi məqsədilə davamlı araşdırmalar aparır. Bu zaman iş yerlərinə yaxınlıq və ekoloji cəhətdən təmiz ərazilər xüsusi əhəmiyyət daşıyır.
İkinci mərhələdə Agentlik müvafiq torpaq sahələrinin ayrılması üçün hökumətə müraciət edir. Torpaq ayrıldıqdan sonra layihələndirmə mərhələsində tikinti standartlarına, təhlükəsizlik məsələlərinə və enerji səmərəliliyinə xüsusi diqqət yetirilir.
Daha sonra Agentlik maliyyə resurslarından səmərəli istifadəni təmin edir və tikinti prosesinə nəzarət edir. Bundan sonra isə mənzillərin satışı tam elektron və real vaxt rejimində həyata keçirilir”.
C.Əmirov qeyd edib ki, burada Bakı şəhərində, eləcə də Sumqayıt, Lənkəran, Şirvan, Quba və Gəncə kimi regionlarda həyata keçirilmiş layihələrin bəzi nümunələrini görmək mümkündür:
“Vətəndaşlara təqdim olunan mənzillərin bir sıra mühüm üstünlükləri var. Məsələn, mənzillərin qiyməti bazar qiymətlərindən təxminən 25 faiz, bəzi hallarda isə daha aşağıdır.
Vətəndaşlar həmçinin yalnız 10 faiz ilkin ödənişlə aşağı faizli uzunmüddətli ipoteka kreditlərindən yararlana bilirlər.
Bundan əlavə, mənzillər tam təmirli şəkildə, mətbəx mebeli və istilik sistemi ilə birlikdə təhvil verilir”.
Aparat rəhbəri vurğulayıb ki, yaşayış kompleksləri ekoloji cəhətdən təmiz, təhlükəsiz və rahat şəhər ərazilərində yerləşir:
“Layihələndirmə zamanı məktəblər, uşaq bağçaları, zəruri hallarda tibb mərkəzləri, geniş həyətlər, yaşıl zonalar, oyun meydançaları, velosiped yolları və ictimai nəqliyyata çıxış kimi sosial infrastruktur məsələləri də nəzərə alınır.
Bu gün texnologiyalar hökumətlərə səmərəliliyi və şəffaflığı artırmaq üçün geniş imkanlar yaradır. Məhz bunu nəzərə alaraq biz “Güzəştli Mənzil” Elektron Sistemini yaratmışıq”.
Onun sözlərinə görə,bu platforma vətəndaşlar üçün bərabər imkanlar yaradır və mənzil əldə etmə prosedurunu sadələşdirir:
“Müxtəlif sosial qrupları təmsil edən uyğun vətəndaşların müraciətləri real vaxt rejimində onlayn şəkildə qəbul edilir, təqdim olunan məlumatlar isə aidiyyəti dövlət qurumlarının inteqrasiya olunmuş sistemləri vasitəsilə yoxlanılır.
Sistem qeydiyyat tarixindən və ya növbə sırasından asılı olmayaraq mənzil seçimində şəffaf və bərabər iştirak imkanını təmin edir”.
MİDA rəsmisi onu da əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı mənzil inkişafında mühüm rol oynayır. Fəaliyyətimizdə özəl investisiyaların cəlb olunması xüsusi əhəmiyyət daşıyır:
“Bu çərçivədə özəl investisiyalar yalnız yaşayış binalarının tikintisinə deyil, həmçinin telefon, televiziya və internet xətlərinin çəkilişinə, ticarət mərkəzlərinin, parkların və istirahət obyektlərinin yaradılmasına da yönəldilib”.