2010-2011-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 7 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Onlardan biri də IV ixtisas qrupu üzrə ən yüksək nəticə əldə edərək Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunan Esmira Baxşəliyevadır.
“Azərbaycan Tibb Universitetində oxuyuram. Burada oxumaq həm şərəflidir, həm də çətin. Çətinlik ondan irəli gəlir ki, savadlı həkim olmaq üçün çox oxumaq lazımdır. Mən isə bu sənətə yiyələnmək üçün hər bir çətinliyə hazıram. Bizim universitetdə bilikli, savadlı müəllimlər dərs deyir, mühazirələr çox maraqlı keçir. Mən bir tələbə kimi istəyirəm ki, bütün sınaqlardan üzüağ çıxım. Bu semestr ərzində nə öyrəndimsə, bunu sessiya imtahanları göstərəcək. İstərdim ki, qəbul imtahanında topladığım yüksək bala görə layiq görüldüyüm "Prezident təqaüdçüsü" adını qoruyub saxlayım. Bunun üçün sessiya imtahanlarına səylə hazırlaşıram”-deyə E.Baxşəliyeva “Azərbaycan müəllimi” qəzetinə bildirib.
Qabaqcıl tələbənin sözlərinə görə, 2011-ci il üçün çoxlu arzuları var. “Bunlardan ən əsası təhsilimi xaricdə - Almaniyada davam etdirmək istəyimdir. Orada ən müasir mualicə texnologiyalarını öyrənmək, savadlı olmaq və Vətənə qayıdıb insanlara ən yüksək səviyyədə xidmət etmək arzusundayam. İnanıram ki, bu arzum elə 2011-ci ildə gerçəkləşəcək”.
Modern.az-ın məlumatına görə, Esmira Baxşəliyeva 1993-cü ildə Bakı şəhərində doğulub. Bakıda yaşayır. Sabunçu rayon 72 saylı məktəb-liseyi bitirib. O, qəbul imtahanlarından öncə nə hazırlıq kursuna, nə də repititor yanına gedib.
“Özüm hazırlaşmışam. Hazırlıq kurslarına, repititor yanına getmədən 700 bal toplamağın mümkün olmadığı fikri ilə qətiyyən razılaşmıram. Mən özüm hazırlaşdım və 700 bal toplaya bildim. İstedad varsa, müəllim də səni istiqamətləndirirsə, toplamaq olar”-deyə o, saytımıza bildirib.
"Həkim olmaq uşaqlıqdan arzum olub. Bu sahəni özüm seçdim, valideynlərim də dəstəklədi”.
İmtahanlarda yüksək nəticə göstərən Esmiranın gələcək abituriyentlərə məsləhəti də var: “Aşağı sinifdən yaxşı oxumaq lazımdı. Seçdikləri ixtisas fənlərinə daha çox fikir versinlər, əzmlə, qarşılarına məqsəd qoyaraq çalışsınlar”.
Modern.az